Vaşinqton - Kreml arasındakı “soyuq müharibə” strateji müttəfiqlərinin də siyasətinə təsirsiz ötüşmür. Bu ölkələrdən biri də Azərbaycandır.
Anaxeber.Az-ın Analitik Qrupu yazır ki, Cənubi Qafqazda hər iki fövqəlgüc dövlətlərə əhəmiyyətli olan Bakı Rusiya və ABŞ siyasətinə yenidən baxmalı olacaq. Trampın gəlişindən sonra iki ölkə münasibətlərində yeni dövr və yumşalma siyasəti olacağı proqnozları fıs çıxdı.
Rəsmi Bakı ümid edirdi ki, Trampın Putinlə yaxınlaşmasında Azərbaycan hər iki ölkə ilə münasibətlərində dilemma qarşısında qalmayacaq.
Lakin ABŞ senatı və konqressi Trampı yerinə oturdaraq ABŞ-ın vahid dövlət siyasətini dəyişməyə imkan vermədilər. Hətta yeni prezidentin impiçmenti gözlənilirdi.
Ona görə də Vaşinqtonun Moskva siyasətində yeni mərhələ başlanacağı illuziyaya çevrildi. Bundan da ən çox pərişan olanlardan biri Azərbaycan hakimiyyətidir.
Xüsusən də son günlər ABŞ-ın Rusiyanın hərbi müəssisələrinə qarşı sanksiyalar hazırlaması gündəmdədir. Yeni hazırlanan siyahıya 33 Rusiya şirkətinin və təşkilatının adı düşüb.
Bir çox ekspert yeni sanksiyaların ABŞ-a Rusiya hərbi şirkətləri ilə əlaqə saxlayan hər kəsi cəzalandırmaq üçün geniş imkanlar yaratdığını bildirir.
Azərbaycan da Rusiyadan kifayət qədər çox silah alır. Demək olar ki, Azərbaycanın son illərdə silah ticarəti üzrə ən böyük tərəfdaşı Rusiyadır.
ABŞ-ın fikrincə, Rusiya dünyada qeyri-stabilliyin mərkəzidir və imperialist təfəkkür tərzinin və hərəkətlərin daşıyıcısı kimi dünyada bəlli bir düzənin formalaşmasına mənfi təsir göstərir.
Yeni sanksiyaların qorxulu tərəfi həmin şirkətlərdən hərbi məhsullar alan ölkələrin də sanksiyaların təsir altına düşməsi ilə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan Rusiyadan ən çox silah alan ölkələrdən biridir.
İndiyə kimi Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və onların 10 faizə qədərinin göndərilməsi hələ başa çatmayıb.
Ümumiyyətlə, silah sahəsində Rusiya ilə əməkdaşlığı o qədər də faydalı saymaq olmaz. Çünki Azərbaycan özünə yeni partnyorlar tapıb.
Məsələn, yaxın vaxtlarda Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalayacağıq. Avropa Birliyi də artıq Azərbaycana silah sata biləcəyi ilə bağlı işarələr də verib. Azərbaycanın silah almaq, bu sahədə manevr etmək imkanları çox genişdir.
Anaxeber.Az-ın Analitik Qrupu yazır ki, Azərbaycanın Rusiyadan silah alması təkcə ticari tərəfdaşlıqla bağlı deyil.
Bu əməkdaşığın arxasında siyasi motivlər dayanır. Yəni, söhbət ondan gedir ki, Kreml Bakını ondan silah almağa təhrik edir. Əks təqdirdə müxtəlif təzyiq rıçaqlarını işə salır.
İşin ən pis tərəfi isə Rusiyanın Azərbaycana silah satdığı halda, Ermənistanı pulsuz silahla təmin etməsidir. Yəni, öz silahımızla bizi vururlar.
Azərbaycan tərəfi anlayır ki, rus silahından imtina etmək olar. Avropa Birliyi, İsrail və başqa dövlətlərlə silah alqı-satqısı daha sərfəlidir. Lakin hakimiyyət onu da gözəl anlayır ki, rus silahından imtina bizə nəyin bahasına başa gələ bilər.
ABŞ-ın sanskiyaları isə işə düşəcəyi təqdirdə, rəsmi Bakı çox ağır seçim qarşısında qalmalı olacaq. Rusiyanın öz silahlarını necə satdığını dünyada hər kəs yaxşı bilir.
Rusiyanın hərbi-sənaye kompleksinə yönəldilməsi nəzərdə tutulan sanksiyaların əsas məqsədi bu ölkəyə enerji sektorundan sonra ən çox gəlir gətirən bir sahəyə zərbə vurmaqdır.
Rusiyanın hərbi-sənaye kompleksi son illərdə çox inkişaf edib. Bu isə öz növbəsində ABŞ-ı narahat etməyə bilməz. Digər tərəfdən, Rusiya silah bazarında ABŞ-ın ən böyük rəqibidir.
Vaşinqtonun öz rəqibini zərərsizləşdirməsi istiqamətində atdığı addımlar bu müstəvidən də təbii qəbul olunmalıdır.
Bu sanksiyaların bir tərəfi də Türkiyə-Rusiya hərbi əməkdaşlığına toxuna bilər. Ankaranın Moskva ilə əməkdaşlığı, S-400 raketlərini birgə istehsal etmək niyyəti Vaşinqtonun ürəyincə deyil.
Ölkəmizin əməkdaşlıq etdiyi dövlətlər arasında Türkiyə, İsrail, Belarus, Ukrayna, Cənubi Afrika, Pakistan və digər dövlətlər var. Son dövrlərdə hətta İranla da hərbi əməkdaşlıq müstəvisində müəyyən addımlar atılır.
Ruslar özləri də etiraf edirlər ki, Azərbaycan özünə lazım olan silahı istədiyi yerdən alacaq. Bu baxımdan, sanksiyaların ölkəmizə hər hansı bir formada təsir göstərəcəyi real deyil.
Real olan Moskvanın buna hansı formada reaksiya verəcəyi və Bakını nədə sıxışdıracağıdır.
Rusiyada çıxan “Silahların ixracı” jurnalının baş redaktoru, Strategiyaların və Texnologiyaların Analizi Mərkəzinin eksperti Andrey Frolov deyib ki, yeni anti-Rusiya sanksiyaları yüksəktexnologiyalı Rusiya silahlarının nümunələrinin üçüncü ölkələrə satışına toxuna bilər.
Onun sözlərinə görə, qanunun bu bölməsi Rusiya Federasiyası hökumətinin müdafiə və kəşfiyyat sektorundakı şəxslərlə əhəmiyyətli sazişlərə, o cümlədən yüksəktexnologiyalı silahların bütün dünyada satışı üzrə məsələlərə toxunur.
Xatırladaq ki, Dövlət Departamenti Rusiya Hərbi-Sənaye Kompleksinin sanksiya tətbiq olunan 33 şirkətinin siyahısını yeniləyib.
Tramp administrasiyasının nümayəndələri The New York Times qəzetinə bildiriblər ki, bu siyahı öz-özlüyündə sanksiyaların kəskinləşdirilməsi deyil.
Amma ona elə təşkilatlar daxil edilib ki, onlar ya Rusiya Federasiyası hökumətinin müdafiə və kəşfiyyat idarələrinin bir hissəsidir, ya da onun xeyrinə işləyirlər.
Anaxeber.Az
Turan
Tarix: 6-11-2017, 08:49