Avropanın həbsdə olan REAL sədri İlqar Məmmədovu azad etdirə bilməməsi yenidən müzakirə mövzusudur. İndiyə qədər nüfuzlu beynəlxalq qurumların azadlığa buraxılması üçün barəsində saysız-hesabsız qətnamələr çıxardığı, bəyanatlar verdiyi vicdan məhbusunun hələ də məhbəs həyatı yaşaması bir sıra suallar yaradır.
Buna səbəb də, ötən ayın 25-ə qədər Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovun azad edilməsi üçün Azərbaycan hakimiyyətinə vaxt verməsi, amma həmin gün də vaxtın noyabrın 29-a qədər uzadılması barədə qərarın çıxarılması bu məsələni bir daha aktuallaşdırdı. Beynəlxalq qurumların REAL sədri ilə bağlı qətiyyətli mövqe sərgiləmələrinin onun məhbus həyatından qurtula bilməməsinə başlıca səbəb olduğu vurğulanır. Təsadüfi deyil ki, indiyə qədər Azərbaycanda İ.Məmmədov qədər barəsində qətnamə çıxarılan, bəyanat verilən ikinci bir siyasi məhbus yoxdur. Əgər bu qətnamə və bəyanatlar başqa birisi haqqında olsaydı, çox güman ki, həmin şəxs indi müxtəlif variantlarla azadlığa buraxılmışdı.
Əslində, mövcud situasiya İ.Məmmədovu da qane etmir. Xatırlayırsınızsa, bir ay öncə REAL sədri vəkili Cavad Cavadov vasitəsilə Avropa qurumlarına öz mesajını ünvanlayaraq, bu cümləni işlətmişdi: “Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, konvensiya, ümumiyyətlə, işlək deyil”.
Bütün bunlara baxmayaraq, sonunda Avropadan İ.Məmmədovla bağlı gələn təzyiqlərin bəhrə verəcəyi, onun ən gec halda bu ilin sonuna qədər azad ediləcəyi bildirilir. REAL-ın icraçı katibi Natiq Cəfərli bildirdi ki, Avropa institutlarını nədəsə birbaşa günahlandırmaq çətindir: “İnsafsızlıq olardı, çünki İlqar Məmmədovla bağlı kifayət qədər mövqe ortaya qoyulub. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Avropa Şurası Nazirlər Komitəsinin 7 qətnaməsi mövcuddur. Noyabrın 16-da da Avropa Məhkəməsinin əsas işlə bağlı növbəti qərar gözlənilir. Birinci qərar qanunsuz həbslə bağlı idi. İkinci qərar isə, qanunsuz məhkumiyyətlə bağlı olacaq. Çox güman ki, bu ayın 16-da artıq qərar elan ediləcək. Bundan başqa Avropa Şurası və İttifaqının, eləcə də, ittifaqa daxil olan ölkələrin xarici işlər nazirliklərinin İlqar Məmmədovla bağlı kifayət qədər mövqeləri olub. Siyasi dəstək və çağırışlar qaneedicidir. Sadəcə olaraq, Avropa Birliyi və Şurasının əlində olan alətlər kifayət qədər məhduddur. Avropa Şurasının əlində Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi və sonunda ən son variant kimi ölkənin qurumdan çıxarılması kimi variantlar var. Bundan başqa heç bir təzyiq mexanizmləri yoxdur. Əslində İlqar Məmmədovun özü, eləcə də, hərəkatımız, digər siyasi qurumlar Azərbaycanın Avropa məkanından kənarda qalmasını istəmir. Avropa Şurası Azərbaycan üçün kifayət qədər mühüm platformadır. Ölkəmizin bu qurumdan kənarda qalması gələcəkdə daha böyük problemlər yarada bilər. O platformada işğal edilmiş ərazilərimizlə bağlı hər hansı bir müzakirələr olduqda Azərbaycanın orada iştirak etməməsi ciddi problemlər yarada bilər.
Reytinqimizə ciddi təsir edə, investisiyaların cəlbindən tutmuş iqtisadiyyatda atılan addımlara qədər ciddi problemlər yarada bilər.
Düşünürəm ki, hökuməti tərəfi də bunu anlayır. Hökumət də istəməz ki, Azərbaycan belə bir mötəbər qurumdan kənarda qalsın. Çünki 2001-ci ildə Azərbaycan öz istəyi ilə bu quruma üzv oldu və öhdəliklər götürdü. Təəssüflər olsun ki, indi öhdəliklərin yerinə yetirilməsində problemlər var. Avropa Birliyi bir qədər Avropa Şurasından fərqli qurumdur. Azərbaycanla “Şərq Tərəfdaşlığı” çərçivəsində müəyyən təmasları var. Amma Azərbaycan bildiyiniz kimi məlum proqramın ikinci hissəsini imzalamadı. İndi ayrıca bir sənəd imzalanması gözlənilir. Bu istiqamətdə danışıqlar gedir. Avropa Birliyi ilə rəsmi Bakı arasında strateji tərəfdaşlıqla bağlı bir saziş gündəmdədir. Bu sazişin də müzakirələri gedir. O müzakirələrdə də İlqar Məmmədov, sivil toplum, müxalifət, media, insan haqları kimi məsələlər əsas problemə çevrilib. Çünki müzakirələr dörd bölümdən ibarətdir. Enerji, təhlükəsizlik logistikada heç bir problem yoxdur. Bu sahələr üzrə Azərbaycan tərəfi çox məmnuniyyətlə birlik ölkələri ilə əməkdaşlıq edir. Azərbaycana ən böyük investisiya Avropa Birliyindən gəlir, eyni zamanda, ən çox ixracatımızı da ora edirik. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Avropa bacardığını edir. Amma təəssüflər olsun ki, hələ bununla bağlı konkret nəticələr əldə olunmur, İlqar Məmmədov 6 il yarımdan artıqdır həbsdədir. Avropa Şurası əlində olan alətlərdən istifadə edir.
İnanıram ki, ən azından bu il ərzində, yəni noyabrın 16-dakı ikinci qərardan, eləcə də, noyabrın 29-dakı Nazirlər Komitəsinin növbəti toplantısından sonra ciddi dəyişikliklər olacaq. Biz görməsək də, bilirik ki, Azərbaycan hökuməti ilə bu istiqamətdə müzakirələr gedir. Rəsmi Bakı təmaslarını Avropa Şurası, institutları ilə kəsməyib. Məsələnin bir həll variantı tapılacaq və nəhayət İlqar Məmmədov azad olunacaq. Söhbət tək İlqar bəydən getmir, siyasi məhbus olanların azadlığa buraxılması lazımdır. Azərbaycan dövlət olaraq hamımızındır. Dövlətimizin maraqları hər zaman üstün olmalıdır. Hökumətin siyasətindən narazı ola bilərik, amma sonunda dövlət bizlərindir. Bu problemin aradan qaldırılması üçün Azərbaycanın Avropa ilə danışıqları gedir. Hansı yolla olacağını deyə bilmərəm, amma məsələ həll olunmalıdır. Ümid edirəm ki, ilin sonuna qədər ən azından İlqar Məmmədovla bağlı məsələ öz həllini tapacaq, biz nəhayət İlqarı azadlıqda görə biləcəyik”.
N.Cəfərli REAL sədrinin həbsxanadan vəkili vasitəsilə göndərdiyi mesaja da toxundu: “İlqarın mövqeyi anlaşılandır. İnsanın qeyri-qanuni olaraq, heç bir günah işlətmədən 4 il yarımdan çoxdur həbsdə qalması ona çox pis təsir edir. Bu istənilən şəxsə pis təsir göstərə bilərdi. Avropa institutlarının sona qədər ardıcıl şəkildə təzyiqlərinin olmamasından İlqar narahat ola bilər. Çünki Azərbaycanda zaman-zaman çox sadə olsa da, çox işlək bir “oyun qaydası” formalaşıb. Bir çox insan həbs olunur, müəyyən vaxt danışıqlar gedir, şərtlər ortaya çıxır və həmin insanlar azad olunur, əvəzində başqaları həbs edilir. Bu hal dar döngə kimi neçə illərdir davam edir. Bir müddət öncə əfvlə çoxsaylı şəxslər azad olundu, ardınca Avropadan xoş mesajlar gəldi və sonradan səngidi. Ola bilsin ki, İlqar bundan doğan fikirlər səsləndirsin. Amma dəfələrlə onunla telefonla danışmışam, vəkillər vasitəsilə əlaqəmiz olub. O bu günə qədər Avropa qurumlarına onun işini diqqətdə saxladıqlarına görə təşəkkürünü çatdırmağımızı bizdən xahiş edib. Nəzərə alaq ki, real siyasi dünyasıdır. Bunu İlqar da, biz də yaxşı başa düşürük. Avropa ölkələrinin hərəsinin öz maraqları olur. Azərbaycanla ciddi iqtisadi əlaqələri olan ölkələr də var, zəif əlaqələri olanlar da. Real siyasəti nəzərə alsaq, Azərbaycan hökuməti ilə bağlı siyasətin yumşaq olmasını anlamaq olar. Çünki Azərbaycanın iştirakçısı olduğu ciddi layihələr var. Bütün bunlar Avropa ölkələri və qurumlarının yumşaq davranmasına səbəb olur. Avropa yekcins deyil. Hər ölkə öz maraqlarını qoruyur. Bunu ikili standart adlandırmasaq da, bəzən dəyərlərin maraqlara qurban verildiyini görürük”.
Cavanşir ABBASLI
Musavat.com
Tarix: 6-11-2017, 21:57