Bir köhnə şeir var idi: “Dünən fərman verən bu gün can verir”. MTN-in şefi Eldar müəllimin Ağır Cinayətlər Məhkəməsinin qapısından çıxarkən çəkilən şəklinə baxanda yadıma düşdü. Vaxt var idi Eldar müəllim özü camaatın gizli şəkillərini, videolarını çəkib şantaj eləməklə məşğul olurdu. Deyilənə görə, həmin vaxtdan Eldar müəllimdə hətta nə az, nə çox - 2900 videokaset qalmışdır. O vaxtlar “Azərbaycanfilm” bunun əlindən kino çəkməyə kaset tapa bilmirdi. Ancaq MTN ləğv olunandan kino sənətimizdə bum yaşanır, hər gün cürbəcür hırraxana janrında filmlər ərsəyə gəlir.Söz vaxtına çəkər, dünən biz Böyük Oktyabr Sosialist İnqilabının da 100 illiyini təntənəli şəkildə qeyd etdik - Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanovu rüşvət aldığı üçün tutdular. Kimin ağlına gələrdi o cür eşşək boyda bolşevik imperiyası bir gün palçıq ayaqlı nəhəng kimi yıxılıb cəhənnəmə vasil olacaqdır? Mən uşaq olanda, ötən əsrin 70-80-ci illərində yadıma gəlir ki, biz fikirləşirdik tezliklə kommunizm qurulacaqdır. Ət, yağ, qənd, konfet pulsuz olacaq, krantdan süd gələcək, Azərbaycan KP MK-nın işçiləri də başqaları olacaqdır. Ancaq budur, kərə yağının kilosu 20 manata qalxaraq hökuməti də tərpətdi, qərar verdilər, yağın gömrük vergisini salsınlar, yoxsa camaatla hökumət yağsız sürtünəndə mexanizmlər cırıldayıb baş aparırmış. Dövlətin başında da elə həmin kommunist və komsomolçular oturubdur. Bəlkə bu mənada inqilabın Azərbaycanda hələ davam elədiyini, bir gün ola bilsin çaşıb kommunizm-zad quracağımızı düşünmək mümkündür. Yeri gəlsə, Rəsul Quliyev və Hüseyn Abdullayevi də “Trotski və Zinovyev” adlandırmaq olar. “Sehrli xalat” kinosundakı Rəşid isə “Azərsat” peykində uçmaq əvəzinə qaçıb gedibdir Amerikaya, ordan üzübəri gülümsəyir.
İmperializmin çürüməkdə olan kapitalizm olması da növbəti dəfə isbata yetir. Qərbdə “Cənnət sənədləri” adlı yeni ofşor kağızları, gizli maliyyə sənədləri üzə çıxmışdır. (Bu əhvalatın adı da bizim Yusif Vəzir Çəmənzəminlinin 1909-cu ildə yazdığı “Cənnətin qəbzi” hekayəsini yada salır). Sənədlərdən belə məlum olur Qərbdə bir nəfər də təmiz adam qalmayıbdır. Hərə hansısa yolla korrupsiyaya qurşanıbdır. Bir növ, Səyavuş müəllimin həmişə dediyi “O amerikalı rüşvətxorlar getsinlər öz dərdlərini çəksinlər” söhbəti hərlənib-fırlanıb gəlib düz çıxıbdır. Elə adamların adı çəkilir ki... Misal üçün, Kanadanın bir kloun baş naziri var idi, guya təmiz adamdır, hər dəfə vergiləri ödəməkdən, varlıların kasıblar qarşısında məsuliyyətindən-filandan qırıldadırdı. İndi isə bunun ən yaxın dostunun, seçkisinə milyonlarla dollar xərcləyən adamın ofşor hesabları ortaya çıxıbdır. Bu isə o deməkdir ki, müəllim Kanada büdcəsinə, Kanada xalqına vergi ödəməmək üçün şirkətini xaricdə, ofşor adalarından birində açıbdır.
Hələ bu babatdır, ən biabırçısı Britaniya kraliçası İkinci Yelizaveta xala oldu. Bunun ofşorda 13 milyon dolları tapıldı. Kraliça olasan, ancaq şirkətini başqa dövlət-adacıqda qeydiyyata salasan ki, öz ölkəndə vergi az getsin - bunun, düzü mən, çətinlik çəkirəm adını nə qoymaq olar. Belə krallıqdansa Daşkəsəndə icra hakimi işləmək daha yaxşıdır. Gərək xalq da fikirləşsin ki, pulunu bizə, öz ölkəmizə etibar eləməyən kral bizim nəyimizə lazımdır, gəlin müraciət yazaq, Azərbaycandan kimsə gəlsin bizi idarə eləsin.
Axırı belə də olacaqdır, çünki bizim sosialist-kommunist rejimimiz bütün dünyada əzilən xalqların yanındadır. Vaxtilə Vyetnama, Anqolaya, Kubaya yardım edirdik, indi də Pakistanda məktəb tikirik, Misirdə park salırıq, İtaliyaya durbada neft-qaz aparırıq.
Yadımdan çıxmamış, ən gülməli işlərdən biri Amerikanın ticarət naziri haqda sənəddir. Demək, bunun ölkəsi guya ruslara embarqo qoyubdur, çoxlu şəxsin ABŞ-a gəlməsini qadağan edibdir. İndi üzə çıxan sənədlərə görə isə ABŞ ticarət naziri elə həmin ruslarla biznes əlaqəsindədir.
Həqiqətən çürüyürlər...
Zamin HACI
Tarix: 8-11-2017, 07:53