Ermənistan əhalisinin azalma tempi sürətlənir. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, 2017-ci il oktyabrın 1-nə ölkənin daimi əhalisinin sayı 2 979 600 nəfər təşkil edib. Bu, ötən ilki göstəricidən 14 300 nəfər azdır.Bu, əvvəlki illər müşahidə olunan azalma tempindən xeyli yüksəkdir. Məsələn, bu ilin 9 ayında əhali 6 900 nəfər azalıbsa, 2014-cü ilin analoji dövründə azalma 3200 nəfər olmuşdu. Maraqlıdır ki, bir müddət əvvəl ölkə prezidenti Serj Sarkisyan 2040-cı iləcən əhali sayının 4 milyon nəfərə çatdırılması hədəfini elan edib. Bu yaxınlarda isə baş nazir Karen Karapetyan bildirib ki, ötən illə müqayisədə sosial rifahı yaxşılaşmış vətəndaşların sayı 4 faiz artıb: "2035-ci ildə Ermənistan əhalisi ən pis halda 2,5-2,6 milyon, ən yaxşı halda isə 3,2 milyon olacaq".BMT-nin əhali fondunun Ermənistandakı ofisinin nümayəndəsi Garik Hayrapetian deyib ki, qurumun hesabatından bəlli olur ki, Ermənistan prezidenti Serj Sarkisianın 2040-cı il üçün ölkə əhalisinin sayı barədə verdiyi vəd real deyil:
“Nəzəri, əlbəttə, hər şey baş verə bilər. Amma bu doğrudan da ambisiyalı bəyanatdır.Ona görə ki, biz hələ dünəndən bu istiqamətdə ciddi investisiyalara başlamalı idik.Allaha şükür ki, ən yaxşı dünya təcrübəsini bilirik.Məsələn, son 20-25 ildə doğuş həddi artıb, bunun da əksəriyyəti Skandinaviya ölkələrinin payına düşür”.
Mütəxəssis deyib ki, beynəlxalq təcrübə ölkə əhalisinin artımı üçün dəqiq mexanizm təklif edir və bu heç də ailələrə hansısa maliyyə yardımı ilə bağlı deyil. O bildirib ki, ailə birinci və ya növbəti uşağın doğulması barədə qərar verməzdən əvvəl ilk növbədə özünü sosial və iqtisadi cəhətdən təminatlı hiss eləməlidir. Hesabatda deyilir ki, ailələrdəki bərabərsizlik əhalinin sayına təsir göstərir. Müqayisə üçün bildirək ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57 min 269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 867 min 250 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95 min 395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir.Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir. Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür. Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39 004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 nəfər təşkil edib.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə “Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistan əhalisinin azalması bundan sonra da davam edəcək:
“Tək xarici ekspertlər deyil, Ermənistanın daxilindəki şərhçilər də o rəqəmin şişirdildiyini xüsusi vurğulayırlar. Bu gün Ermənistanda milyon yarımdan çox əhalinin yaşamadığı ehtimal edilir.Əhalinin durmadan azalmasının səbəbi isə Ermənistanda yaşayış səviyyəsinin çox aşağı olmasıdır. İnsanlar iş yerləri, sosial problemlərinin həlli üçün vəsait, sabaha ümid tapa bilmir. Bunun nəticəsində əhali durmadan Ermənistanı tərk edir.Rəsmi məlumata görə bu gün Rusiyada 2.9 milyon erməni yaşayır.Son dövrlərdə onlar arasında keçirilən rəy sorğusunda 97 faiz erməni heç vaxt öz vətənlərinə geri qayıtmayacağını bildirib.Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi və Türkiyə ilə sərhədlərinin bağlı olması, rəsmi İrəvanda vəziyyəti çox acınacaqlı edir.Bu gün Ermənistana investisiya qoymaq və bu ölkəylə əməkdaşlıq etmək istəyənlər, ümumiyyətlə, tapılmır.Xaricdən erməni diaspor dairələrinin yardım etdiyi bir neçə milyon dollar isə Ermənistandakı problemlərin həllinə kömək edə bilməz.Büdcənin 25 faizə qədəri hərbi sahəyə yönəlir.Dövlət strukturlarında korrupsiya, dövlət büdcəsinin oğurlanması halları baş alıb gedir.Bir sözlə, ölkə başçısının gələcəyə verəcəyi heç nəyi yoxdur.Buna görə də, ölkənin rəsmi statistikası belə əhalinin azaldığını xüsusi olaraq vurğulamalıdır”.
Deputat müqayisədə Azərbaycan əhalisinin artdığını da diqqətə çatdırıb:
“1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon, Ermənistanın isə 4 milyon idi. Hazırda Azərbaycan əhalisi 9.9 milyon nəfərə çatıb.Ermənistan əhalisinin sayı isə 2.9 milyona düşüb.Bu fərq get-gedə artacaq. Azərbaycanda iş yerlərinin artması, əhalinin sosial problemlərinin həll edilməsi üçün ciddi işlərin görülməsi, demoqrafik vəziyyəti yaxşılaşdırır. Ermənistanı isə bundan da ağır vəziyyət gözləyir”.
Aydın Mirzəzadə onu da qeyd edib ki, erməni xalqının nümayəndələri dünyanın hər yerində yaşayır:
“Onlar üçün vətən anlayışı yoxdur. İndiki Ermənistanın ərazisi də faktiki olaraq qədim Azərbaycan torpaqlarıdır.Erməni cəmiyyətini bu torpağa heç nə bağlamır.Ermənistan prezidentinin xaricdə bir qrup erməni diaspor nümayəndələri ilə görüşü də faktiki olaraq heç nəyi dəyişmir.Əlbəttə, o, orada yaşayan erməniləri həvəsləndirə, onları öz ölkəsinə kömək etməyə çağıra bilər.Amma nə qədər vətənpərvər olsa da diaspor nümayəndələri perspektivsiz ölkəyə heç vaxt investisiya qoymayacaq.Nəzərə alsaq ki, bu investisiya Sarksiyan və onun komandası tərəfindən oğurlanacaq, bu halda erməni dövlət başçısının xarici ölkələrdə diaspora nümayəndələrini həvəsləndirməsi, onlarda vətənpərvərlik hissini alovlandırmağa çalışması, Serj Sarksiyanın çıxılmaz vəziyyətdə olmasının sübutudur.
Serj Sarksiyan bu görüşlərdə heç də öz ölkəsinin ünvanına təriflər eşitmir.Diaspora nümayəndələri hər dəfə vəziyyətin ağırlığını, Dağlıq Qarabağ probleminin Ermənistan üçün çox ağır bir yükə çevrilməsini açıq şəkildə Serj Sarksiyanın üzünə deyirlər”.
Yeganə Oqtayqızı
Tarix: 8-11-2017, 08:04