2018-ci il “Prezident marafonu”: hazırlıqlar Seçki Məcəlləsindən başlayır

2018-ci il “Prezident marafonu”: hazırlıqlar Seçki Məcəlləsindən başlayır Hakimiyyət gələn il keçiriləcək prezident seçkilərinə 11 ay qaldığı müddətdə seçki qanunvericiliyinin dəyişdirilməsi istiqamətində hərəkətə keçib.

Yenicag.az xəbər verir ki, Seçki Məcəlləsində 20-dən artıq dəyişikliyin nəzərdə tutulduğu layihə artıq Milli Məclisə göndərilib.


Məlumata görə, Məcəllənin 3-cü (Ümumi seçki hüququ), 25-ci (Mərkəzi Seçki Komissiyasının vəzifələri), 31-ci (Dairə seçki komissiyasının vəzifələri), 42-ci (Müşahidəçilərin hüquq və vəzifələri), 47-ci (Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası), 59-cu (İmza vərəqələrində, habelə, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması), 73-1-ci (Namizədin namizədlik statusundan imtina etməsi), 100-cü (Seçki komissiyalarının səsvermə protokolları), 103-cü (Seçki qutuları), 104-cü (Səsvermə qaydası), 105-ci (Səsvermə otağından kənarda səsvermə), 106-cı (Seçki məntəqəsində səslərin hesablanması), 173-cü (Milli Məclisə seçilmiş deputatların qeydə alınması), 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi), 176-cı (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi), 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi), 187-ci (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi), 212-ci (Bələdiyyələrə üzv seçilmək hüququ), 221-ci (Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi) və s. maddələrində dəyişikliklər edilir (Report.az).

Qeyd olunur ki, təklif olunan dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma və texniki xarakterlidir. Layihənin yaxın müddətdə parlamentin müzakirəsinə çıxarılacağı bildirilir.

Bununla belə, Seçki Məcəlləsinə ediləcək dəyişikliklərin – bunun reallaşacağı şübhə doğurmur – çoxunun texniki xarakterli olduğuna baxmayaraq, bu təşəbbüs hakimiyyətin 2018-ci ilin oktyabrında keçirilməsi gözlənilən prezident seçkilərinə ilkin hazırlığı kimi qiymətləndirilə bilər.

Ancaq maraqlıdır ki, hakimiyyətin “2018 seçkiləri”nə yönəlik hazırlığı hələ ki qanunvericiliyin təkmilləşdirilməsi ilə məhdudlaşır.

O baxımdan, hakimiyyətin növbəti prezident seçkilərinə dövlət başçısı İlham Əliyevin, yoxsa başqa siyasətçinin – bu sırada Birinci vitse-prezident Mehriban Əliyevanın da adı müntəzəm hallanır – namizədliyi ilə qatılacağı 2018 “marafonu”nun əsas məqamı kimi nəzərdən keçirilir.

Hakimiyyətin prezident seçkilərində namizədinin kim olacağına dair sualları cavablandıran Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri bu mövzuda ehtiyatla danışmağa üstünlük verirlər. Onlardan bir çoxu YAP-ın növbəti prezident seçkilərinə də İlham Əliyevin namizədliyi ilə qatılacağını bildirirlər. Hakim partiyanın bəzi nümayəndələri isə YAP-ın namizədinin təşkilatın gələn ilin yayında keçiriləcək qurultayında müəyyənləşəcəyini söyləməklə kifayətlənirlər.

Eyni zamanda, hakim komandanın 2018-ci il seçkilərində namizədinin kim olacağı məsələsinə yanaşmada siyasi təhlilçilər arasında da birmənalı mövqe yoxdur. Daha doğrusu, bu məsələnin hakimiyyətin gündəmində hələlik yer almaması, namizədlik mövzusunun açıq müzakirəyə çıxarılmaması analitikləri də qəti fikir bildirməkdən çəkindirir. Ancaq onlar da bir məqamı aksiom olaraq qəbul edirlər ki, hakimyyətin prezident seçkilərindəki namizədi ya İlham Əliyev, ya da Mehriban Əliyeva olacaq.

Yəni hakimiyyətin seçkidə iştirakı ilə bağlı durum böyük mənada aydın olsa da, müxalifət düşərgəsi haqqında bunu demək imkan xaricindədir. Doğrudur, seçkilərə təqribən 1 il qaldığı ərəfədə əks-siyasi düşərgədən bir neçə siyasətçi artıq öz iddiasını bəyan edib.

Onların sırasında Müsavat lideri İsa Qəmbər, VİP sədri Əli Əliyev, 20 ildir ABŞ-da məskunlaşan eks-spiker Rəsul Quliyev və 10 ildir Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayev də var. Əlbəttə ki, qarşıdakı aylarda (ola bilsin ki, həftələrdə) müxalifət daxilindən daha bir neçə nəfər öz iddiasını ortaya qoya bilər.

Lakin bu deklorativ qərarlar adları çəkilən müxalifət təmsilçilərinin prezident seçkilərində öz namizədliklərini mütləq irəli sürəcəkləri anlamına gəlmir. Çünki əks-siyasi düşərgə daxilində “2018 seçkiləri”nə birmənalı münasibət yoxdur.

Bu mövzuda fikirlərini bölüşən tanınmış müxalifətçilər, o cümlədən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Demokrat Partiyasının (ADP) rəhbəri Sərdar Cəlaloğlu və digərləri ölkədə seçki mühitinin qeyri-mövcudluğunu, belə bir vəziyyətdə seçkilərdən danışmağın yeri olmadığını deyirlər. Müxalifətin radikal cinahında qərarlaşan Milli Şuranın da seçkilərə yönəlik mövqeyi hələ qeyri-müəyyəndir.

Yaranmış şəraitdə vaxtı düzgün qiymətləndirməyə çağıran müxalifət təmsilçiləri geniş toplantı keçirərək, prezident seçkilərinə dair vahid mövqeyə gəlməyi təklif edirlər. Məlumatlara görə, hakimiyyət əleyhdarları arasında artıq ilkin təmaslar da baş tutub. Bu hərəkətliliyin nə ilə nəticələnəcəyini isə qarşıdakı həftələrdə biləcəyik.

Bütün hallarda aydın görünür ki, ölkə müxalifəti də siyasi rəqiblərindən nümunə götürərək, “seçki relsi”nə çıxmağa tələsmir. Müxalifətin seçki tərəddüdlərini gücləndirən ən başlıca məqam isə hakimiyyətin prezident seçkilərinə hansı namizədlə qatılacağının konkretləşməməsidir.

Seçkilər çərçivəsində diqqəti cəlb edən başqa bir nüans gözlənilən prezident seçkilərinə Azərbaycan hakimiyyyəti və müxalifəti ilə yanaşı, Qərb və Rusiyanın da ciddi hazırlaşmasıdır.

Hələ bir neçə ay əvvəl yayılan məlumatlara əsaslanaraq, deyə bilərik ki, Rusiya Azərbaycan seçkilərinə müdaxilə məsələsində Qərbə nisbətən daha çox aktivlik göstərir. İddialara əsasən, Rusiya Azərbaycanda gələn il keçiriləcək seçkilərə hədəflənmiş pərdəarxası fəaliyyətində 2013-cü ildə buraxdığı səhvləri (uğursuz Milli Şura layihəsi) təkrarlamaq istəmir. Rusiyanın 2018-də Azərbaycana göndərəcəyi “siyasi desant” qismində hələ ki daha çox baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun adı öndə gəlir. Lakin Kremlin yeni siyasi layihəyə fərqli fiquru cəlb etmək ehtimalı da nəzərə alınır.

Qərbə gəldikdə isə nə ABŞ, nə də ki Avropanın aparıcı dövlətləri “2018 seçkiləri”nə maraqlarını hələ ki, hər hansı formada ifadə etməyiblər. Bununla belə, Qərbin onun üçün çox vacib ölkə olan Azərbaycanda baş tutacaq bu mühüm prosesdə seyrçi mövqedə qalmağı inandırıcı deyil.

Hələliksə, hamı “seçki pərdəsi”nin qaldırılmasını və prosesə rəsmi start verilməsini gözləyir.

A. Zeynalov
Tarix: 8-11-2017, 15:27
Xəbəri paylaş





Xəbər lenti