İqtidarın Avropa ilə münasibətlərinə müxalifətin baxışı

İqtidarın Avropa ilə münasibətlərinə müxalifətin baxışı İqbal Ağazadə: “Yaxınlaşmadan çox məmnunam”; Zahid Oruc: “Avropa Birliyi elə təkliflər edir ki, sonunda Qərbin uduşu reallaşır”



Son bir ayda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər istiləşir. Oktyabrın 4-də quruma daxil olan ölkələrin səfirlərinin (28 səfir) ölkəmizə gəlmələri, son olaraq da, günlər öncə Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətinin Bakıya səfər etməsi bunun sübutudur.

Siyasi şərhçilər son aylarda Azərbaycanla Qərb arasında yaranan gərginliyin getdikcə aradan qalxdığını düşünürlər. Bu yaxınlaşmanın ölkədə insan haqları, demokratiya və xüsusilə, siyasi məhbuslarla bağlı olan problemlərin həllinə mühüm töhfələr verəcəyi ehtimal edilir. Heç şübhəsiz ki, gərginliyin aradan qaldırılması üçün Azərbaycan tərəfi bəzi güzəştlərə gedəcək, müəyyən şərtləri qəbul edəcək. İsti münasibətlərin ömrünün nə qədər olacağı ilə bağlı fikirlər müxtəlifdir. Rəsmi Bakının Qərbin bəzi tələblərini yerinə yetirəcəyi halda əlaqələrin yüksək səviyyədə davam edəcəyini düşünənlər də, daim tələblərə dirəniş göstərmək xəttini tutan Azərbaycan hökumətinin mövqeyini nəzərə alaraq, münasibətlərin bir müddətdən sonra yenidən soyuyacağını deyənlər də var.

Müxalifətin mövcud vəziyyət barədə düşüncələri maraqlıdır. Nədən ki, demokratik düşərgə çoxları Azərbaycanın Qərblə münasibətlərində gərginlik yaranmasından məmnun olub...

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Avropa İttifaqı ilə yaxın münasibətlərinin tərəfdarıdır: “Çox sevinirəm ki, bu yaxınlaşma var. Hesab edirəm ki, bu, dövlətimiz, gələcəyimiz üçün strateji maraqlar baxımından mühümdür. Bu təmaslar daha çox olsa, biz daha çox xeyir qazana bilərik. Çünki Cənubi Qafqazın yeri Avropa Birliyidir, Cənubi Qafqaz Avropa Birliyinin siyasi coğrafiyasındadır. Bu baxımdan daha sıx inteqrasiyanın yollarını aramaq lazımdır. Bu yaxınlaşmadan çox məmnunam. Qərbdən Azərbaycana təzyiqlərin gəlməsini istəmirəm. Əksinə Azərbaycan iqtidarı ilə Avropanın dil tapmasını istəyirəm. Avropa dəyərləri çərçivəsində Azərbaycan iqtidarının Avropa dəyərlərini, Avropanın idarəetmə üsullarını, demokratiyasını bütövlükdə götürməsində maraqlıyam. Bu istiqamətdə də əməkdaşlıq, yaxınlaşma çox önəmlidir. Daha sərt mövqe ilə dövlətimizin, gələcəyimizin təhlükə altına düşməsini arzulamıram. Hesab edirəm ki, Avropa Birliyi ilə strateji əməkdaşlıq sazişi hazırlanır, o sazişin detalları işlənilir. Onun çərçivəsində bu davamlı və stabil olacaq”.

İqtidarın Avropa ilə münasibətlərinə müxalifətin baxışı

İqtidaryönlü deputat Zahid Oruc Avropa İttifaqı ilə əlaqələrdəki intensivliyin qarşıdan gələn Avropa Birliyinin Brüssel sammiti ilə bağlı olduğunu söylədi: “Uzun illərdir həyata keçirilən tədbirlərin bu görüşdə rəsmləşməsi arzulanır. Avropa strateqləri və Brüsseldəkilər çox yaxşı başa düşürlər ki, problemlər həddindən artıq böyükdür, geosiyasi toqquşma zolağı bu qovşağa düşür. Qərblə Rusiya arasında müxtəlif ölkələr uğrunda dava açıq xarakter almaqdadır, ildən-ilə ölkələr dəyişir, qeyd olunan hikkəyə qurban gedən dövlətlər var. Çoxları düşünür ki, Qərb ötənlərdə strategiyasını doğru hazırlamadı, ölkələri çarmıxa verdi, Rusiya ilə toqquşdurdu, sanki onların əzilməsində maraqlı oldu, zəif bir formada qəbulunu istədi. Belə olan təqdirdə hər bir ölkə dəqiq hesablamaq istəyir ki, o atdığı addımlara görə zərbə altında qalmasın. Bu üzdən Avropa Birliyi tərəfindən Azərbaycan və Ermənistana yanaşmada həssaslıq dərəcəsi artıb. 28 ölkənin diplomatı və ardınca günlər öncə ölkəmizə gələn nümayəndə heyətinin səfərinin məğzi ondan ibarətdir ki, imzalanan sənədlər əsasında gələcəkdə Azərbaycan Qərbin buradakı siyasi və iqtisadi müttəfiqinə çevrilə bilər. Onların cızdığı layihə bundan ibarətdir. Əsas məqsəd odur ki, regionda Rusiyanın dayaqları sarsıdılsın. Lakin bölgə dövlətlərindən bunu istəyən azdır. Çünki qonşuluq münasibətləri var, hər bir ölkənin əhalisindən yaxın dövlətə gedənlər var, gələcəkdə də bu hallar azalmayacaq, Avropa da Rusiya kimi ölkəyə gedən bir milyondan çox azərbaycanlını birdən-birə qəbul edən deyil. Gürcüstana “yaşıl işıq” kimi yandırılan viza məsələsinin doğurduğu mənfilər bunu sübut edir.

Verilən 90 gün müddət gürcü demokratiyasına azlıq edir. Onlar daha çox Avropada qalmaq istəyirlər. Bu da problemləri bir az da dərinləşdirir. Avropa Birliyi elə təkliflər edir ki, sonunda Qərbin uduşu reallaşır. Çünki nə qədər iqtisadi qurum olsa da, özünəməxsus dəyərlər birliyidir. Hamı ora doğru can atmaq istəyir. Qərb elə bir modellər təklif etmir ki, bunun faydalarını özün üçün alasan. Ermənistan mediası deyir ki, Qarabağ üçün guya öz problemlərini həll ediblər, üstəlik Azərbaycanla bağlı sazişə də təsir etmək istəyirlər ki, guya burada öz müqəddəratını təyin etmə öz əksini tapacaq, əks halda onlar öz sənədlərini də imzalamayacaqlar. Bakıya səfərlərin bir səbəbi də bizdən bir zəmanət istəməkdir ki, bu sənədlərə sonunda qol çəkiləcəkmi? Ondan sonra bunu işləməsi var. Azərbaycan tərəfi bu sənədlərin qəbul olunması ilə azından bir neçə milli problemi həll etməsini istəyir. Ukraynaya yanaşmanın Qarabağ məsələsində bizə də eyni olmasını istəyirik, ölkənin daxili həyatına müdaxilələrin baş verməməsinə çalışırıq. Zənn edirəm ki, Moskvadan 24 noyabra qədər nələrin baş verəcəyini izləyirlər. Narahatlıqla müşahidələr aparılır. Yəqin ki, Kreml sona qədər bu dövlətlərə güzəştlərini tətbiq etməyə çalışacaq. Azərbaycan Qərbdən imtina etməyəcək. Çünki bu xarici siyasətdə mühüm bir alətdən imtina olardı. Sən əgər bir qütbə söykənirsənsə, avtomatik digər yollarını bağlayırsan. Azərbaycanda istənilən hakimiyyət balanslı modelə söykənməlidir. Əks halda təhlükəsizlik problemlərini həll etmək mümkün olmaz”.

Cavanşir ABBASLI
Tarix: 8-11-2017, 21:34
Xəbəri paylaş





Xəbər lenti