Bir dəfə yüksələn bayraq, bir daha enməz!

Bir dəfə yüksələn bayraq, bir daha enməz!
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının bayrağı himn və gerblə birlikdə Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Bayrağımız ilk dəfə 1918-ci il 9 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.

Xalq Cümhuriyyəti yıxılandan və Azərbaycan bolşevik işğalına məruz qalandan sonra bayraq da dəyişdirilib. Milli bayrağı, üzərində oraq və çəkic əks etdirilən, qırmızı və göy rənglərdən ibarət bolşevik bayrağı əvəz edib. Azadlıq hərəkatı vüsət alandan sonra 1990-cı il noyabrın 17-də Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib. 1991-ci il 5 fevralda Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət bayrağı kimi təsdiq olunub.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur və qeyri-iş günüdür.



Siam.az
Tarix: 9-11-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti