Onlar Dağlıq Qarabağ ətrafındakı 7 rayonun birinci mərhələdə qaytarılması üzərində təkid edilməsini vacib sayırlar
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Türkiyə və Rusiya liderlərinin növbəti görüşü ərəfəsində prezident Vladimir Putinin Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərtinin olduğu barədə açıqlaması 5 rayon məsələsinin yenidən müzakirələrə çıxarılmasına səbəb olub.
Hüquqşünaslıq professoru, hüquq elmləri doktoru İlham Rəhimov musavat.com-a müsahibəsində 5 rayon məsələsi ilə bağlı maraqlı açıqlamalar verib. Professorun deyib ki, əgər müzakirə etdiyimiz şərtlər işğal altındakı 5 rayon qarşılığında yerinə yetirilsə, ondan sonra yaranmış situasiyanın necə olacağını indidən göz önünə gətirmək lazımdır: “O zaman mənə deyin, azad edilən bu 5 rayon nə verəcək bizə? Yalnız bu rayonların yerli əhalisinin öz tarixi-qanuni ərazilərinə qayıtmaq imkanı. O zaman illərdir niyə müharibə aparırıq? Bütövlükdə Qarabağın statusunun tanınması uğrunda! Lap 5 rayonu qaytardıq. Ondan sonra proseslər necə cərəyan edəcək? Lap sülhməramlı qüvvələr də bölgəyə daxil oldu. Orada onlar nə qədər qalacaq? Heç kimə məlum deyil. Lakin 5 rayonun qaytarılması xüsusunda münaqişənin sonrakı taleyini tamamilə təxmin eləmək olar: bunun ardınca bütün dünya fikirləşəcək ki, Dağlıq Qarabağ məsələsi artıq yoluna qoyulub, daha o, mövcud deyil və daha heç kim onunla məşğul olmayacaq. Harda bu məsələni qaldırsaq, bizə yalnız belə deyəcəklər: sizə deyəsən axı, işğal altındakı ərazilərinizi qaytarıblar. Bu isə Dağlıq Qarabağdakı ermənilərə imkan verəcək ki, məsələni nə qədər özlərinə sərfdir uzatsınlar - 10 il, 15 il, daha çox. O vaxta qədər ki, hamı onu unudacaq. Və de-fakto hamı əvvəlki vəziyyətdə qalacaq. Bizə bu lazımdır?”
İ.Rəhimovun fikrincə, az ehtimallıdır ki, Türkiyə və Rusiya prezidentləri arasında Dağlıq Qarabağ mövzusunun müzakirəsi zamanı Putin sözügedən şərtləri qoysun: “Bu, reallıqdan çox uzaqdır. İlk növbədə ona görə ki, Putin kimi çox yüksək səviyyəli bir siyasətçi indiyədək heç kimə, xüsusən də Dağlıq Qarabağla bağlı heç bir şərt qoymayıb. Mən şübhə edirəm ki, onun Qarabağ probleminin həlli qarşılığında hansısa şərti olsun. Putinin şəxsində Rusiyanın bircə şərti var: siz özünüz öz aranızda anlaşın, özünüz məsələni həll edin, biz, yəni Rusiya isə qəbul edilən anlaşmanın qarantı olacağıq”.
Politoloq Qabil Hüseynli də hesab edir ki, 5 rayon məsələsi problem haqqında yanlış yozumlara gətirib çıxara bilər. Onun sözlərinə görə, Azərbaycan ilkin mərhələdə 5 yox, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunması məsələsində təkid etməlidir: “Kəlbəcər və Laçının ikinci mərhələyə saxlanması Azərbaycanın maraqlarına tamamilə ziddir və münaqişənin həll edilməməsi deməkdir. Azərbaycan əslində 5 rayonun qaytarılması məsələsinə müxtəlif dövrlərdə razılıq verməyib. Azərbaycan dəfələrlə vurğulayıb ki, birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı 7 rayon geri qaytarılmalıdır. Bölgəyə sülhməramlı qüvvələr yerləşdiriləcəyi halda isə bu qüvvələr neytral qüvvələrdən təşkil olunmalıdır. Azərbaycan Avrasiya İttifaqına daxil olmağı açıq saxlayır, lakin onu da Dağlıq Qarabağ probleminin həllindən sonraya saxlayır. Yəni problem həll edilməmiş Azərbaycan bu quruma qoşularsa, dövlətimizin imici haqqında o qədər də müsbət olmayan təsəvvürlər yarada bilər. Kənardan hansı dövlətin nə şərt irəli sürməsindən asılı olmayaraq Azərbaycan bir müstəqil dövlət kimi beynəlxalq hüquq, BMT-nin 4 qətnaməsinə və özünün Konstitusiyasına əsaslanaraq davranmalıdır. Bu gün Qərb, ABŞ 5 rayon məsələsi yox, 7 rayonun qaytarılması məsələsindən danışır. ATƏT-in özü də Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun dərhal təmizlənməsini və işğal faktının aradan qaldırılmasını qoyur. Əlbəttə, onlar işğal faktı deyərkən Dağlıq Qarabağı nəzərə almırlar. Dağlıq Qarabağa keçici status verilməsi məsələsi həqiqətən də təhlükəlidir və Dağlıq Qarabağın müstəqilliyinə apara bilər. Odur ki, 7 rayonun deyil, 5 rayonun birinci mərhələdə qaytarılması məsələsinə birmənalı olaraq yox deyilməlidir. İki rayonun ikinci mərhələ adı ilə saxlanıb bundan Azərbaycana təzyiq aləti kimi istifadə edilməsinə imkan verilməməlidir. Biz bu qədər dözmüşük bir qədər dözməliyik. Çünki dünyada, regionda çox ciddi proseslər gedir, Azərbaycan iqtisadi cəhətdən möhkəmlənir, dünyaya çıxışı genişlənir, siyasi çəkisi artır. Gedən bu və digər proseslər çox şeylərə təsir edəcək. Ona görə də 5 rayon məsələsinə o qədər uymaq lazım deyil”.
Politoloq Şahin Cəfərli də bildirib ki, ümumilikdə hər kəs “5 rayon” söhbətini yığışdırmalıdır: “Bu münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ ətrafındakı rayonların hamısı geri verilməlidir. Hazırda sülh danışıqlarının təməlini təşkil edən Madrid prinsipləri və həmsədr ölkə prezidentlərinin birgə bəyanatlarında da -baxmayaraq ki, orada bizim əleyhimizə təhlükəli müddəalar var - Dağlıq Qarabağ ətrafındakı bütün rayonların Azərbaycana qaytarılmasından söhbət gedir. ”5 rayon" məsələsini Ermənistan və Rusiya ortaya atıb. Biz isə anlamadan və mahiyyətinə varmadan bu tələyə düşmüşük", - deyə o qeyd edib.
Etibar SEYİDAĞA
Tarix: 11-11-2017, 08:41