Pənah Məmmədov: “Nizami Süleymanov Elçibəyin qorxusundan 10 gün evində yata bilməyib” Pənah Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin komandasının üzvü kimi Xanlar (indiki Göygöl) rayonunun icra hakimiyyətinin başçısı olub. Onunla illərdən sonra görüşdük və sıradan bir görüşün nəticəsi olaraq onu “Azadlıq Salnaməsi”ndə danışdırmaq qərarına gəldim. Pənah bəyin danışdıqları mənə çox maraqlı gəldi – ona görə.Mən onu tələbəlik illərindən tanıyıram. O zaman biz arzu dolu tələbələr, Pənah bəygil də arzu dolu başçılar idik. Biz ürəklə Azərbaycan üçün oxuyur, ölkənin gələcəyində iştirak etmək üçün alışıb-yanır, onlar da Azərbaycanı qurmaq üçün gecə-gündüz işləyirdilər. Yadımdadı, tələbə kimi tətilə gələndə şahidi olmuşdum onun çalışmağına. Bir-iki dəfə Atam məni onun rayonuna aparmış, onunla tanış eləmişdi. İndi xatırlayıram, mən nə qədər gələcəyə hazırlaşırdımsa, Pənah bəy də o qədər hazırlaşırdı. Onun gecəli-gündüzlü çalışmağının şahidi olmuşdum. Atamla bir cəbhədə idi – həm Xalq Cəhbəsində çiyin-çiyinə idilər, həm də həyatda dostluqları vardı. Sən demə, əvvəldən onun başçı olacağını bilən adamlardan biri də mənim Atammış. Mən də bunu indi – Pənah bəyin bu müsahibəsindən sonra bilmişəm. Xatirələr məni illərin o tayına apardı…
Və… biz növbəti il qayıdanda Azərbaycan hakimiyyətinin dəyişdiyini, hər şeyin pərən-pərən olduğunu gördük. Azərbaycanı idarə edənlər, ümid və pənah yerlərimiz vəzifələrinin öhdəsindən gələ bilməmiş, Pənah bəyin təmsil olunduğu siyasi komanda idarəetmədən uzaqlaşdırılmışdı. Ölkə əl dəyişdirmişdi.
Biz onunla son illərdə çox az-az görüşdük. Əvvəlcə o həbs olundu, sonra mən. Beləcə, illər bir-birini qovaladı və bu günlərdə bir araya gəldik. Söhbətimizdə maraqlı məqamlar vardı. Elə bu məqamlar da Pənah Məmmədovu “Azadlıq Salnaməsi”nə gətirib çıxardı. Xüsusən, Əbülfəz Elçibəy hakimiyyətinin əyalət rəhbərlərindən biri kimi onunla söhbət etmək tarixin pərdəarxasının açılmasında maraqlı məlumatlar verir. Pənah Məmmədov AXC-nin mərkəzdəki yox, əyalətdəki nümayəndələrindən biri olub. Onun baxışları çox maraqlıdır. Hətta AXC hakimiyyətində pərakəndəlik və müxtəlif siyasi komandalar şəklində təşkilatlanmaq o qədər bariz şəkildə özünü göstərib ki, Pənah Məmmədovu hakimiyyətdaxili komandalardan birinə açıqca dəvət ediblər. Bu gündən baxanda dəhşətli görünür, elə deyilmi? Təsəvvür etməsi belə çətindir. Bir hakimiyyətin daxilində ən azı 2 müxtəlif komanda olub və Pənah bəy Elçibəyin komandasında təmsil olunub. Özünün dediyinə görə, hətta sona qədər də mövqelərini dəyişməyib.
Bunlardan əlavə, Pənah Məmmədov Elçibəyin Gəncəyə səfərlərinin şahidi olub. Və o səfərlər zamanı illərdir şayiə kimi danışılan “Tamara söhbəti”nin canlı şahidi olub. Mən bir dəfə illər bundan əvvəl rəhmətlik Mürşüd Məmmədli ilə o haqda müsahibə götürmüş və o müsahibəni “Xural”da yayınlamışdım. Yadımdadır ki, o müsahibə böyük əks-səda da yaratmışdı. İndi Pənah bəyin də həmin “Tamara söhbəti”nin şahidlərindən biri olduğunu görüncə və söhbətin də şayiələrdə danışılan kimi olmadığını bilincə, daha bir şahidin danışmasını və tarixə qeyd düşməsini istədim. Sən demə, Tamara əslində cəmiyyətin yaxından tanıdığı adamlardan birinin ailə üzvü, Elçibəyin silahdaşlarından biri olan Xanım Xəlilovanın doğmaca bacısı imiş və Elçibəy heç Gəncədə Tamara ilə yox, onun anası Marus arvadla görüşməyə gedibmiş. Pənah Məmmədov o tarixçəni, o küçəni, o evi o qədər yaxından tanıyır ki. Səbəbi var. O, Xalq Dirçəliş Partiyasının Gəncə şəhər təşkilatının sədri olaraq, partiyanın sədri rəhmətlik Rafiq İsmayılovun xanımı Xanım Xəlilovanın anası Marus arvadın yanına tez-tez gedirmiş – Xanım müəllimənin tapşırığı ilə. Vəssalam. Tarixçə bu olduğu halda, 20 ildən çoxdur yayılan bir şayiə həqiqəti əks etdirmir – onu müzakirə etdik həm də. Bu gizli tarixi ortaya çıxarmaq baxımından Pənah Məmmədovun müsahibəsi önəmlidir.
“Azadlıq Salnaməsi”nin 22-ci qonağı Elçibəy hakimiyyəti zamanı Göygöl (keçmiş Xanlar) rayonunun icra hakimiyyətinin keçmiş başçısı Pənah Məmmədovdur. Onunla yaxın tarixdən danışırıq…
Əvəz Zeynallı,
“Azadlıq Salnaməsi”
I hissəni buradan oxuya bilərsiniz:
http://strateq.az/manshet/210610/kecmis-bascidan-tarixi-aciqlamalar.html (Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki…”-VİDEO)
II hissəni buradan oxuya bilərsiniz:
http://strateq.az/manshet/211303/elcib%C9%99yin-icra-bascisi-qiyamin-s%C9%99b%C9%99bl%C9%99rini-acdi.html (Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi…”-VİDEO)
III sonuncu hissə “Azadlıq Salnaməsi”ndə Pənah Məmmədov dedi ki:– Yuxarı ilə məsləhətləşmədən özümə bir müavin təyin elədim. Bu müavin 2-3 aydan sonra ipə-sapa yatmadı…
– Əli Kərimli dedi ki, bu adamı təyin edəndə heç bizimlə məsləhətləşmədin, indi necə olur ki, çətinə düşəndə gəlib məsləhətləşirsən?
– Xanlarda baş verən “bunt” haqqında birbaşa Əbülfəz Elçibəyin özünə demək istədim və onun Gəncədə qaldığı yerə gəlib hər şeyi özünə danışdım
– “Buntu” edənlər yuxarıdan qidalanırdılar. Deyirdilər ki, Pənah Hüseynlə danışmışıq, deyib ki, yaxınlarda səni Pənah Məmmədzadənin yerinə göndərəcəyəm
– Gördüm, İsgəndər Həmidovun səsi gəlir. Əbülfəz bəyə deyir ki, Əbülfəz bəy, bunun yeganə yolu odur, sən mənə icazə ver, mən onu yatırdacam. Zor gücünə yatırdacam. Əbülfəz bəy də İsgəndərə deyir ki, yox, İsgəndər, sənin də başqa işin yoxdur elə bil, ancaq qan tökmək, adam öldürməklə məşğulsan.
– Sonradan başa düşdüm ki, söhbət qiyamı yatırmaqdan gedirmiş…
– Öz canım üçün, mənə həvalə olunsaydı və konkret vaxt qoyulsaydı, bir həftə, on günə qiyamı da, qiyamın ocaqlarını da söndürərdim
– Əbülfəz Elçibəyin bütün Gəncəyə olan səfərlərində çox yaxından iştirak eləmişəm– Tamara söhbətini yayan Rahim Qazıyev idi– Tamara bu gün də yaşayır və Xanım Xəlilovanın bacısıdır. O dövrdə də həmin Tamara Gəncə şəhər Nizami rayonunun təhsilinin müdiri idi. Son 3-4 ilə qədər Gəncənin Gülüstan qəsəbəsində yerləşən 14 saylı orta məktəbin direktoru idi. Çox namuslu, qeyrətli bir qadındır.
– O hadisənin canlı şahidlərindən biri mənəm. Xanım Xəlilovanın anası Marus arvad Gəncədə yaşayırdı – Puşkin küçəsi, 16.– Hadisə baş verəndə, Gəncədə, qonaq evində idik. Təxminən qaranlıq düşmüşdü. Havanın tez qaralan vaxtları idi. Əbülfəz bəy Mürşüd Məmmədliyə dedi ki, Mürşüd bəy, gedək bir Marus xalaya dəyək gələk. Mürşüd bəy dedi ki, qoy qalsın sabaha. Əbülfəz bəy dedi ki, yox, indi gedək, bəlkə sabah heç vaxt olmadı. Mürşüd bəy təkid edincə, Əbülfəz bəy, “mən sənə prezident kimi deyirəm” dedi.
– Rahim Qazıyevin hər yerdə adamları var idi. Qulağı bir şey çaldımı, bəzəyib yayırdı.
– Əbülfəz bəy haqqında şayiə yayanlara reaksiya vermirdi. Adamın ağzına bir qapaz vurmurdu ki, adam, səsini kəs. Ya da kiməsə tapşırmırdı ki, onun səsini kəsin.
– Vilayət Daşdəmirov Gəncə DYP-nin rəisi idi. Bunlar keçdilər qabağa, yolu bağladılar. Çox kiçik heyətlə getdik – cəmi 5-6 maşın vardı.– İçəri girəndə Marus arvad “kimsən” deyə soruşanda Əbülfəz bəy, “Marus xala, mənəm” deyib. Marus arvad Əbülfəz bəyi tələbəlikdən tanıyıb. Marus arvad Əbülfəz bəyi tanıyıb və “boyuna qurban, deyirlər ki, sən hökumət olubsan?” deyib. Əbülfəz bəy oturub Marus arvadın ayaq ucunda. Bir az dərdləşəndən sonra qalxıb Marus arvadla görüşüb, üz-gözündən öpüb, sonra da yastığının altına zərfdə pul qoyub çıxıb. 2-3 gün keçmədən bu hadisə artıq bütün Azərbaycanda yayıldı.
– Tamara bu Marus arvadın qızıdır. Əbülfəz bəy heç Tamaranın evini tanımayıb və onu axtarmayıb.
– Tamara söhbəti tamam yalan söhbətdir. Elə söhbət olmayıb. 100 faiz şayiədir.– Nizami Süleymanov deyir, Əbülfəz bəy prezident olanda dövlət telefonu ilə zəng edib dedim ki, sən ermənisən. Əbülfəz bəy cavab verdi ki, erməni sənin dədəndir və telefonun dəstəyini qoydu yerə. Nizami Süleymanov deyir ki, bu söhbətdən sonra 10 gün evdə yata bilmədim. Dedim, məni bu gün gəlib aparacaqlar, sabah gəlib aparacaqlar, amma kimsə reaksiya vermədi.
– Gəncə cəbhəsinin sədri Rasim Mürsəlov ehtiyacdan öldü. Onu müalicə etdirməyə imkanımız olmadı.
– Heydər Əliyevin zamanında mənə müxtəlif vəzifələr təklif edildi, ancaq mən onların heç biri ilə razılaşmadım
– Heydər Əliyevlə üzbəüz görüşməmişəm, amma telefon danışıqlarımız olub
– Naxçıvana göndərilən bütün silah-sursat bizdən – Gəncədən gedirdi
– O vaxt Naxçıvana demək olar ki, Bakı hərbi yardım etmirdi. Heç olmasa, ayda 3-4 təyyarə Gəncədən oğurluq-doğurluq silah-sursat göndərirdik
– Sürət Hüseynov silahı Şerbakdan alıb mənə verir, mən də özümüzünkülərə göndərirdim
– Sürət hakimiyyətdən küsəndən sonra da mənim əlimlə hakimiyyətə silah verirdi
– Mənim kimi 3-4 adam olsaydı, Əbülfəz bəylə Sürət Hüseynovu barışdıra bilərdik
– Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə qarşı bir təhlükə olarsa, mən yenə öndə gedərəm
Tarix: 11-11-2017, 21:30