2018-ci ildə Azərbaycanda növbəti Prezident seçkiləri keçiriləcək
Əgər seçkilərdə uğurlu nəticələr göstərməyəcəkləri təqdirdə partiya sədrləri istefa verəcəkmi?
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Modern.az-a bildirib ki,nə namizədlik vermək haqqında düşüncələri var, nə də başqa məsələlər haqqında.
“Prezident seçkilərində qalib gəlmədiyim təqdirdə niyə istefa verməliyəm? Prezident seçkiləri başlamayıb deyə bizim heç bir münasibətimiz yoxdur”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:“Dünyanın hansı siyasət sahəsində görülüb ki, qələbə olmayan yerdə mütləq istefa olmalıdır. Bəzi adamlar prezident olmaq üçün birdəfəlik siyasətə girir. Prezident olduqdan sonra siyasətdən gedir. Biz ömrümüzü xalqımıza həsr eləmişik. Mən prezident, deputat olmağı qarşıma məqsəd qoymamışam. Mənim məqsədim son nəfəsimə qədər xalqımın, millətimin təhlükəsizliyini, müstəqilliyini, suverenliyini qorumaqdır. Ona görə də mənim istefam mənim ölümümlə ola bilər. Mən Azərbaycan Xalq Hərəkatına, siyasi işə prezident olmaq üçün qoşulmamışam. Tanınmış sosioloq Veber deyir ki, insanlar siyasətdə iki cür iştirak edir:.siyasət naminə, siyasət hesabına yaşamaq üçün
Siz dedikləriniz siyasət hesabına yaşayanlardır. Onlar prezident olmaq istəyir, deputat olmaq istəyir, nazir olmaq istəyir. Olmadıqda isə başqa işlə məşğul olur. Bir də var siyasət naminə yaşayanlar.Yəni özünü siyasətə həsr edənlər. Əgər özünü həsr edəcəksənsə, son nəfəsinə qədər etməlisən. Hansısa seçkidə qalib gəlmək sənin siyasətdə qalıb qalmadığını müəyyən edə bilməz.
Mən və mənim kimi adamlar, Azərbaycan Xalq Hərəkatından çıxmış adamlar, siyasət naminə yaşayır. bundan ötəri siyasətə gəlməmişəm ki, uduzanda da çıxım gedim. Sovet hökumətinin vaxtında nə prezident seçkiləri var idi, nə deputat seçkiləri. Biz o vaxtdan siyasətdəyik. Onda niyə siyasətdə iştirak edirdik? Mən siyasətin içinə 1985-ci illərdən düşmüş adamam. Mənim üçün seçkinin siyasətdə qalmağımda nə kimi mənası ola bilər?”
Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa isə fərqli düşünür:“Namizədliyimi irəli sürsəm və partiyanın qurultayında belə bir qərarımız olsa siz dediyiniz ola bilər. Bunlar qurultayın həll edəcəyi məsələlərdir. Daimi heç bir sədrlik yoxdur, daimi heç bir rəhbərlik yoxdur. Bu ənənəni qoymaq da lazımdır. İndiki şərtlərdə bunu söyləmək bir qədər çətindir. Amma bu da var ki, partiyanı zəiflətmək üçün kimi gəldi seçməklə məsələ həll olunmur. Ona görə təkcə bizim mövqedən söhbət getmir. Partiya üzvlərinin taleyindən söhbət gedir. Liderin kim olması önəmlidir. O dövrə qədər uyğun bir lider çıxarsa, öz platforması ilə uyğun şərtlərdə partiyanı apara biləcəyinə inandıra bilərsə onda bu mümkündür”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:“Prezident seçkilərində iştirak etmək haqqında qərar vermişik. Mən prezidentlik uğrunda mübarizə aparıram. Ruhdan düşmədən, ardıcıl. Partiyamız da buna tam hazırdır. Prezident seçiləndən sonra çalışacağam ki, partiyadan istefa verim və bütün partiyaların hamısının prezidenti Hafiz Hacıyev olsun. Azərbaycanda ayrı seçkilik olmasın”
Ümid Partiyasının sədri İqbal Ağazadə:“Yalnız Prezident seçkilərində qalib gəlsəm, partiya sədrliyindən istefa verəcəyəm”.
Palitika.Az
Tarix: 11-11-2017, 22:52