“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil”.Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünün təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab verib: “Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək.Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir”. M.Zaxarova ilin sonunadək nazirlərin görüşünün keçirilməsinin planlaşdırıldığını bildirib.Aktivləşmənin arxasındakı rus maraqlarıXatırladaq ki, son 3 ayda 2 dəfə xarici işlər nazirlərinin, 1 dəfə də prezidentlərin görüşü keçirilib.Bu görüşlərdə konkret, yaxud, nəzəri anlaşmaların əldə edilməsi mümkün olmasa da hər 3 görüşün ilk təşəbbüskarının Rusiya olması diqqət çəkən məqam idi.Əlbəttə, Rusiyanın bu fəallığı nə Ermənistan, nə də Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanır. Analitiklərin fikrincə, Moskvanın fəallığının arxasında son dönəmlərdə Cənubi Qafqazda Qərbin lehinə dəyişən geosiyasi proseslər və gələn il Rusiyada keçiriləcək seçkilərə yönəlik maraqlar dayanır. İlk növbədə nəzərə alsaq ki, hazırkı prezident Vladimir Putin gələn ilin mart ayında keçiriləcək seçkilərdə iştirak etməkdə israrlıdır, bu baxımdan onun Rusiyaya xarici təzyiqləri azaldacaq və daxildə reytinqini yüksəldəcək gedişlərə ehtiyacı var. Putinin öz siyasi komandasında və hərbi strukturlarda apardığı ciddi islahatlar da bundan xəbər verir. Digər yandan, 2008-ci ildən Gürcüstan ərazilərinə müdaxilə ilə aktiv formada xarici ölkələrdə (Ukrayna, Suriya və s.) apardığı müharibələr Rusiyaya iqtisadi cəhətdən ağır zərbələr vurdu.Müharibələrin Rusiya iqtisadiyyatına vurduğu ziyan təxminən 1 trilyon dollara yaxındır.Əlbəttə, ölkənin maliyyə resurslarının müharibələrə yönəldilməsi daxildə Putin əleyhinə artan narazılıqla müşahidə olunurdu. Buna görə də bölgələri cənginə alan etiraz aksiyalarının qarşısına keçmək istəyən Putin siyasi komandasını yeniləməklə yanaşı, Ukrayna, Suriya və Cənubi Qafqazdakı münaqişələrə yönəlik “yumşaq güc” siyasəti seçməyə məcbur oldu. Beləliklə, Ermənistan - Azərbaycan münaqişəsi ilə yanaşı, son zamanlarda Suriya böhranında da özünü tərəf kimi yox, vasitəçi kimi göstərməyə cəhd edir. Putin bununla Rusiyanı dünyaya həm sülh tərəfdarı kimi göstərməyə çalışa, həm də bununla artan beynəlxalq nüfuzunu seçkilərdən əvvəl qələbəni əvvəldən təmin edəcək müsbət xallara çevirə bilər.
“Qarabağ kartı” Qərbə qarşıRusiyanın xüsusilə, Ermənistan - Azərbaycan münaqişəsində hiss olunan fəallığını son zamanlarda Cənubi Qafqazda Qərbin maraqlarına cavab verən beynəlxalq iqtisadi layihələrin reallaşdırılması ilə də əlaqələndirmək olar. Nəzərə alsaq ki, bir neçə gün əvvəl istifadəyə verilən Bakı - Tiflis - Qars dəmiryolu xətti həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən alqışlandı, bu, Moskvanın maraqlarına zidd məqam olmalıdır. Nəticədə Qərbin bölgədə nüfuz dairəsini genişləndirmək cəhdlərinin qarşısına çıxmaq istəyən Rusiya “Qarabağ kartı”ndan istifadə etməyə çalışa bilər.Xüsusilə, ABŞ-ın son zamanlarda münaqişənin nizamlanma prosesində nümayiş etdirdiyi obyektivlik də Rusiyanı öz ənənəvi siyasətini redaktə etməyə məcbur edə bilər.Bununla həm də münaqişənin nizamlanması prosesində özünü tərəfsiz vasitəçi kimi göstərməklə, Qərbin prosesdəki manevr imkanlarını da məhdudlaşdırmağı düşünə bilər ki, münaqişə qismən onun maraqlarına uyğun məcraya yönəlsə, bu, Moskvaya müsbət dividentlər qazandıracaq.
Moskvanın “yumşaq güc” siyasətiAzərbaycan Milli İstiqlal Partiyası (AMP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya son zamanlarda ABŞ-ın təkqütblü dünya yaratmaq səylərinə qarşı aktiv mübarizə aparır və müəyyən mənada rəqibinin bu istəklərini poza bilib. Politoloq hesab edir ki, artıq ABŞ dünyada təkbaşına ağalıq edə bilmir: “Bu baxımdan Rusiyanın artan nüfuzu Qərb tərəfindən ciddi narahatlıqla qarşılanır. Lakin Qərblə açıq qarşıdurmaya getmək, Rusiyanın maraqlarına uyğun deyil.Həmçinin məlumdur ki, Cənubi Qafqaz Rusiyanın təsir və maraq dairəsindədir.Rusiya heç vaxt Qərbin bu bölgədə möhkəmlənmək cəhdlərinə dözməyəcək.Son zamanlarda Rusiyanın təzyiqlərinə baxmayaraq, bölgədə beynəlxalq layihələrin reallaşdırılması, Moskvanı fikirlərində bir qədər korrektə etməyə məcbur edir. Çünki təzyiq və təqiblə istəklərinə nail ola bilmir. Buna görə də Rusiya Cənubi Qafqazın aparıcı dövlətlərindən olan Azərbaycanla münasibətlərini qarşıdurma ilə yox, əməkdaşlıqla müəyyən etməyə çalışır.Əvvəlki siyasət müsbət nəticə vermədi”.
Əli Orucovun sözlərinə görə, Rusiya nə qədər təzyiq edəcəksə, Azərbaycan Moskvadan bir o qədər də uzaqlaşacaq: “Bu baxımdan Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması prosesində fəallaşması anlaşılandır. Amma bu, Rusiyanın münaqişənin həllinə çalışması demək deyil.Bu aktivləşmə son zamanlarda regionda baş verən proseslərlə bağlıdır.Eyni zamanda, Qərbin münaqişəyə müdaxiləsinə imkan vermək istəmir.Həmçinin, prezidentlərin son görüşü barədə ətraflı məlumat verilməsə də müəyyən mesajlar verildi.Rusiya da bu mesajları alıb və regionda üstünlüyünü təmin etmək üçün bir qədər yumşaq siyasətə üstünlük verir”.
Azərbaycan üçün təhlükəli variantlar“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Cənubi Qafqaz və Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər Rusiyanı hər iki regionda öz ənənəvi siyasətində müəyyən dəyişikliklər etməyə məcbur edir. Politoloq hesab edir ki, bu baxımdan Rusiya hazırda Qarabağ münaqişəsinin həll prosesində aparıcı rola malikdir:
“Lakin Kremlin variantları Azərbaycanın maraqlarına cavab vermir, ölkəmizin suverenliyini təhlükə qarşısında qoyur. ABŞ tərəfdən irəli sürülən “Hoqland prinsipləri” isə maraqlarımıza uyğun gəlir.Bu baxımdan Rusiya ABŞ-ın problemin həllində fəallaşmasını qəbul etmir.Azərbaycan isə ABŞ-ın bu planına isti münasibət göstərmədi.Hazırda danışıqlar Rusiyanın dominantlığı ilə keçirilsə də müzakirə olunan variantlar Azərbaycan üçün təhlükəlidir.
Ayın 13-də Putin və Ərdoğanın Suriya ilə bağlı görüşündə də Qarabağ münaqişəsinin yeni həll variantları müzakirə ediləcək.Başqa sözlə, Putin seçkilərdən əvvəl çalışır ki, iştirakçı olduğu münaqişlərin həllində müəyyən qədər aktiv olsun.Lakin Suriya məsələsində Türkiyə ilə ortaq məxrəcə gəlsə də Qarabağla bağlı prosesdə bu, mümkün deyil.Çünki Suriyada beynəlxalq güclərlə toqquşan Rusiya, Qarabağ münaqişəsində təktərəfli üstünlüyə malikdir.Buna görə də Suriya böhranının həlli Kreml üçün ilk yerdə dayanır”.
Mənsur Rəğbətoğlu
Tarix: 12-11-2017, 21:57