Putinin seçki tərəddüdü - Kreml başçısı namizədliyini elan etməkdən niyə çəkinir?

Putinin seçki tərəddüdü - Kreml başçısı namizədliyini elan etməkdən niyə çəkinir? Qabil Hüseynli: “O, komandasını tam təmizlədikdən, komandasına tam arxayın olduqdan sonra bunu edəcək”

2018-ci il martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca hazırkı Kreml rəhbəri Vladimir Putinin 4-cü dəfə iddiaçı olub-olmayacağı ilə bağlı yaranan suallar artır. Artıq gələn aydan etibarən şimal qonşumuzda seçki kampaniyasına start veriləcək.


Putinin hələ də namizəd olmağa tərəddüd etdiyi göz önündədir. Jurnalistlərin bu barədə daim suallarından yayınan Kreml sahibi iddiasını ortaya qoymağın tez olduğunu deyir. Son olaraq, Putin namizəd olub-olmayacağı ilə bağlı Vyetnamda keçirilən Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində jurnalistlərin suallarından yayınıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya rəhbəri jurnalistlərin suallarına cavab olaraq “Mən bu sualı hələ cavabsız qoyuram. Zamanı çatanda biz bu mövzuda danışacağıq”,- deyə bildirib.

Qeyd edək ki, indiyə qədər iki xanım namizəd seçkilərdə Putinə rəqib olacaqlarını bəyan ediblər. Bunlar jurnalist Yekaterina Qordon və teleaparıcı, aktrisa Kseniya Sobçakdır.

Siyasi ekspertlər Putinin rahat olduğu üçün iddiasını ortaya qoymağa tələsmədiyini düşünürlər, yəni Kreml sahibi seçkilərdə qələbə çalacağına şübhə etmir. Rusiyadakı iqtidar daxilində də namizədliklə bağlı tərəddüdlərin olduğu ehtimal edilir. Seçkilərdə Putinin əlaltısı kimi yeni bir sürpriz ismin ortaya çıxa biləcəyi də istisna edilmir. Putinin tərəddüdünün sonunda rəqiblərinin sayının çoxalmasına səbəb olacağı barədə mövqelər də var. Xüsusilə, iki xanım namizədin iddiasını ortaya qoymasının məhz bundan qaynaqlandığı vurğulanır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Putin ağıllı gediş edir: “Putin namizədliyini verəcəyinə və seçkilərdə qələbə çalacağına əmindir. Hansı bir ölkəyə rəhbərlik etdiyini, hansı ölkədə yaşadığını da çox gözəl bilir. Bu nöqteyi-nəzərdən diplomatik bir oyun oynayır. O yaxşı başa düşür ki, indidən namizədliyini elan etsə, bu, jurnalistlərin dilindən düşməyəcək. Xüsusilə, xarici medianın, güclərin diqqətində olacaq. Bir də ölkəsini birdən-birə seçkilərə kökləmək istəmir. Qəfil namizədlik və onun ətrafında qurulan güclü təbliğat kampaniyası daha effektli olur, nəinki qabaqcadan bəyan edilən namizədlik. Düşünürəm ki, Putin öz namizədliyini verəcək. Uzaqbaşı seçkilərə üç ay və ya iki ay yarım qalmış iddiasını irəli sürəcək. Əlində olan resurslarla da öz təbliğatını quracaq. Ölkədəki bütün kütləvi informasiya vasitələri də onun əlindədir. Üstəlik, inzibati resurslar onun sərəncamındadır. Reytinq göstəricisinə görə də hələ ki o birinci yerdə gedir. Bu baxımdan halından məmnun olan Putin təkəbbürlü bir formada seçkilərlə bağlı fikirlərini söyləməyə tələsmir. Yəqin ki, bir geniş nitq söyləyib, seçkilərə qatılacaq”.

Politoloq Putinin rəhbərlik etdiyi hakim komandanın daxilində tərəddüdlərin olduğunu da istisna etmir: “Ölkədə tərəddüdlər var, xüsusilə, məmur təbəqəsinin içərisində bu, daha çoxdur. Hazırda Putin yeni komandasını formalaşdırmaqla məşğuldur. Tərəddüd edən, barələrində şübhəli məlumatlar olan məmurları, qubernatorları, nazirləri işdən kənarlaşdırır. Bu proses komandanı sağlamlaşdırmaq məqsədi güdür. Güman edirəm ki, bu proses hələ başa çatmayıb. Putin öz komandasını tamamilə təmizlədikdən, komandasına tam arxayın olduqdan sonra seçkilərdə namizəd olacağını bəyan edəcək. Sıravi ruslar, əhalinin aşağı təbəqələri hakimiyyətdaxili tərəddüdlərdən xəbərdar deyillər. Siyasi elitada baş verənlərdən ya xəbərsizdirlər, ya da onu yozmaq iqtidarında deyillər. Baş verənlər məlumatlı olan kəsimdə rezonans doğurur. Amma bunlar da azlıq təşkil edirlər, yəni əhalinin böyük təbəqəsi baş verənlərdən bixəbərdir. Buna görə Putin öz siyasi oyunlarını həm ustalıqla həyata keçirir, həm də arxaya çevrilib ictimai rəyin bu haqda nə düşünüb-düşünmədiyini götür-qoy etmir. Putin özünə tam arxayındır”.

Sabiq dövlət müşaviri Putinin siyasi rəqiblərini tamamən sıradan çıxardığını düşünür: “Tərəddüd edən, gözləmə mövqeyində olan iddiaçı Rusiyada qalmayıb - siyasi müxalifətin içərisində də. Putinin namizədliyi məlum olandan sonra iddiasını irəli sürənlər onun tərəfindən idarə olunanlar olacaq. Kommunistlərin rəhbəri Vladimir Jirinovski kimilərini misal çəkə bilərik. Bunlar zahirən seçkilərə demokratik görüntü versələr də, faktiki olaraq, Putinin əlinə oynayacaqlar. Ona görə həmin tərəddüd edən namizədlər hələ ki Putinin iddiasını irəli sürməsini gözləyirlər. Bu il meydana çıxan Aleksey Navalninin namizəd olmaq hüquqları olmasa da, onun bir şəxsi Putinin qarşısına rəqib çıxaracağı ehtimalını istisna etmək olmaz. Amma nəzərə alaq ki, Navalni olmadığı təqdirdə onun irəli sürdüyü şəxs onun qədər əhali arasında populyar olmayacaq. Ona görə də gözlənilən effekti verməyəcək. Amma hər halda hazırda Rusiyada həm Navalninin gözdən salınma kampaniyası gedir, həm də onun imkanları məhdudlaşıb. Buna görə onun irəli sürəcəyi namizədin real imkanlara sahib olacağını güman etmirəm”.

Cavanşir ABBASLI
Tarix: 13-11-2017, 09:52
Xəbəri paylaş





Xəbər lenti