24 yaşlı “ölü qurum”dan niyə imtina etmirik?

24 yaşlı “ölü qurum”dan niyə imtina etmirik? Natiq Miri: “Minsk Qrupunun fəaliyyəti 24 ildir təkrarlanırsa…”
Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan və 25 ildir fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti daim tənqid olunur. Artıq Rusiya, Amerika və Fransanın həmsədr olduğu bu qurumdan imtina ilə bağlı səslənən tələblərin sayı artmaqdadır.

Əgər əvvəllər Azərbaycan ictimaiyyəti səviyyəsində Minsk Qrupundan imtina ilə bağlı tələblər səslənirdisə, artıq hakim dairələrdə bu cür fikirlər formalaşıb ki, bu qurum münaqişənin ədalətli həllində maraqlı deyil. Zaman-zaman bu fikirlər açıq şəkildə iqtidar nümayəndələri tərəfindən səslənməkdədir.
Son olaraq, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ciddi mövqe sərgiləyib.O bildirib ki, Azərbaycan cəmiyyətində Minsk qrupuna heç bir inam yoxdur. Sitat: “Artıq heç kim bu görüşlərin, xüsusilə Ermənistanın imitasiya siyasətinin davam etdiyi vaxtda nəsə bir nəticə verəcəyini düşünmür. Ona görə də Minsk Qrupundan nəsə gözləmək indiki mərhələdə sadəlövhlükdən başqa bir şey olmaz, şəxsən mən heç nə gözləmirəm”.
Bəs bu qurumdan imtina edib başqa formata niyə can atmırıq, imtina eləsək, nə olar?
24 yaşlı “ölü qurum”dan niyə imtina etmirik?
Politoloq Natiq Miri hesab edir ki, əsas problem ATƏT-in beynəlxalq qurum olaraq dişsiz olmasındadır: “ATƏT-də işğalçı hər hansı bir ölkə onun maraqlarına uyğun olmayan bir qərar veto qoymaqla bu qərarın qəbul olunmasının qarşısını çox asanlıqla ala bilir. Ona görə də BMT Dağlıq Qarabağla bağlı problemin həlli üçün mandatı ATƏT-ə verəndə bu yöndə düşünmək lazım idi. O zaman Azərbaycan gənc dövlət idi. Bunun üçün bir çox məsələləri görməyə bilərdi. Amma proses, fəaliyyət 25 ildir təkrarlanırsa, artıq bu yöndə danışmaq lazımdır. İlk məsələ ATƏT-in dişsiz, heç bir təzyiq mexanizmi olmayan beynəlxalq qurum olmasıdır. Minsk Qrupunun təsəvvür edin ki, ikinci bir konfransını bu günə qədər çağırmaq mümkün olmayıb. Xatırlayırsınızsa, ötən ilin aprel döyüşlərindən sonra iddia irəli sürmüşdük ki, Azərbaycan təcili olaraq Minsk Qrupunun konfransının çağrılmasını tələb etməlidir. Çünki bu konfransın Türkiyə daxil onlarla üzvü var. Bu məsələdə ATƏT-in hesabatı tələb olunmalı idi. Azərbaycan bu 4 günlük savaşda əldə etdiyi üstünlüklərə rəğmən, buna nail ola bilmədi. Bu Azərbaycan XİN-in ortalığa qoyduğu çox böyük zəiflik idi. Buna Azərbaycan hakimiyyəti səviyyəsində qiymət verilməli idi. Bu münaqişəyə yanaşma prinsipi dəyişməyənə qədər prezidentlərin çoxsaylı görüşləri heç nəyi dəyişməyəcək. Çünki münaqişəyə yanaşma tərzində bir-birinə zidd olan iki prinsip var. Bunlar daban-dabana bir-birinə zidd olan ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyinetmə prinsipləridir. Maraqlıdır ki, postsovet məkanında olan münaqişələrin heç birinə bu prinsiplər tətbiq olunmur. Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi əraziləri Rusiya tərəfindən işğal olunub. Amma buna baxmayaraq, Qərb dünyası məsələyə birmənalı yanaşır, problemin yalnız ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Digər münaqişələrdə də eyni situasiya var. Ukrayna yaxın müddətdə baş verən bir münaqişədir, bu məsələdə də birmənalı olaraq Ukraynanın ərazi bütövlüyü Qərb dünyası tərəfindən dəstəklənir. Bundan əlavə, bütün dünyada problem yaradacaq Kataloniya prosesi var. Bu prosesdə bütün Qərb dünyası, eyni zamanda Avropa Birliyi ölkələri bu problemin həllində yalnız İspaniyanın konstitusiyasının hökmran olmasını istədilər. Bu da Kataloniyanın ayrılmasını mümkün hesab etmir. Əgər Kataloniya yalnız separatçı bir hadisə idisə, Dağlıq Qarabağ problemi bir işğal faktıdır. Bu gün separatizmlə işğal arasında fərq qoya bilməyənlər anlamalıdırlar ki, bu fərq müqayisə olunmayacaq qədər böyükdür. İşğalda hər iki tərəfdən on minlərlə insan ölür. Ancaq Kataloniyada bir nəfərin burnu qanamadan parlamentdə öz müstəqilliklərini elan etdilər. Buna rəğmən, maraqlıdır ki, 8 nəfər Kataloniya hökumətinin naziri həbs edildi. Parlament sədri haqqında qadın olmasına baxmayaraq, cinayət işi açıldı və onun həbsi istənilir. Ancaq biz Dağlıq Qarabağdakı qondarma rejim rəhbərliyinin yaxud Ermənistandakı hər hansı bir naziri həbs etmək istəsək, işğal zonasındakı bir kəndi azad etməyə başlasaq, bütün dünya üstümüzə gələcək”.
N.Miri Kataloniya hadisəsinin Azərbaycanın mövqelərini dəfələrlə gücləndirdiyini də dilə gətirdi: “Azərbaycan tərəfi masa arxasında oturmadan ilk növbədə, bu prinsipial yanaşmanın aradan qaldırılmasını qəbul etməlidir. Yaxud tələb etməlidir ki, Kataloniya ilə Dağlıq Qarabağ arasındakı fərqi müəyyən etsinlər və özləri üçün qərar versinlər. Belə olan təqdirdə Qərb dünyası və Avropa Birliyi ölkələrinin məsələyə ikili yanaşması ortaya çıxacaq. Ən nəhayət, bizim və hakimiyyətin dilə gətirdiyi ATƏT dişsiz qurumdursa, o zaman BMT səviyyəsində bu mandatın onlardan alınıb başqa bir formata verilməsi yönündə fəaliyyətə keçilməlidir. Azərbaycan prezidenti yaxınlarda BMT tribunasından bəyan etdi ki, torpaqlarımız azad edilməsə, Azərbaycan nizamnamədə göstərilən öz torpaqlarını işğaldan azadetmə haqqını özündə saxlayır. Bu bir xəbərdarlıq idi. Bütün dünyaya yaymaq lazımdır ki, Azərbaycan müharibə ərəfəsindədir, əgər müharibə baş verərsə, bunun məsuliyyətini işğalla bağlı 4 qətnamə qəbul edən və bunun icrası üçün heç bir iş görməyən BMT daşıyır. Bunun nəticəsində Minsk Qrupu həmsədrləri, BMT və bu regionda marağı olan dövlətlər hərəkətə keçmək məcburiyyətində qalacaqlar. Əks təqdirdə xəbərdarlıqdan sonra bir neçə rayonu azad etməklə Ermənistan və onun havadarlarını güclü olduğumuz sülh masası ətrafında oturda bilərik”.
Cavanşir ABBASLI
Tarix: 13-11-2017, 13:38
Xəbəri paylaş





Xəbər lenti