Putinin “çörəyinin” üstünə yağ sürtənlər

Putinin “çörəyinin” üstünə yağ sürtənlər Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a səfəri çərçivəsində diqqət çəkən fikirlər söyləyib. Biri odur ki, baş nazir Rusiyadan S-400 zenit-raket komplekslərini öz xoşlarına deyil, məcburiyyət üzündən aldıqlarını bildirib. Əlavə edib ki, “Qərb Türkiyənin gözləntilərini təmin edəcək addım atmadığı üçün” buna ehtiyac yaranıb.

Bu açıqlama ilə onun Türkiyə-ABŞ, Türkiyə-Qərb münasibətlərinin gərgin dönəm yaşadığına işarə vurduğu şəksizdir. Əfsus ki, daha çox Qərbin özünün səhv gedişləri və davranışı, ələlxüsus qardaş ölkəyə “ikinci sort” ölkə kimi baxmaq yanlışı üzündən yaranan və getdikcə daha da sərinləşən münasibətlər Ankaranı Moskva ilə yaxınlaşmaq zorunda qoyub. Nəticədə itirən Qərb dünyası, ABŞ, Türkiyə, qazanan isə əlbəttə ki, Rusiyadır.

Ağır maliyyə-iqtisadi sanksiyalar altında olan şimal qonşumuz üçün Türkiyə kimi böyük bir dövlətə, NATO üzvünə, Qərbin regionda əsas dayağı sayılan bir ölkəyə, nəhayət, 80 milyonluq əlverişli iqtisadi bazara çıxış əldə eləmək, onunla strateji əməkdaşlıq qurmaq, o sırada hərbi-texniki sahədə anlaşmalar imzalamaq (bura 2 milyard dollarlıq bahalı S-400 kompleksləri ilə yanaşı, 20 milyard dollar dəyəri olan Akkyu AES layihəsini də əlavə edin) şəksiz ki, məhz Rusiyanın “çörəyinin üstünə yağ sürtmək” deməkdir.

Çünki əvvəla, bununla Rusiyanın kasad büdcəsi xeyli zənginləşmiş olur. İkinci yandan, ölkənin hərbi-sənaye kompleksi, atom sənayesi ayaqda dayanmaq üçün unikal şans əldə edir, Rusiyanın bölgədə, Türkiyədə nüfuzu artır. Üçüncüsü, Türkiyə kimi dövlət faktiki şəkildə Rusiyanın hərbi siyasətindən və silahından müəyyən qədər asılı duruma düşmüş olur. Dördüncü yandan da Putinin aqressiv xarici siyasəti və hərbi diplomatiyası real nəfəs qazanmış olur, Kreml başçısının daxili dayaqları möhkəmlənir.

Cənab Yıldırım əlbəttə ki, haqlıdır, Ankara bu silahları NATO ölkələrindən, ABŞ-dan da ala, Akkuyu AES-ni isə tutaq ki, almanlar da inşa edə bilərdi. O zaman “nə şiş yaranardı, nə də kabab”, maddi-siyasi qazanc da ABŞ-a və almanlara qalardı .

Söz yox ki, Rusiya ilə yaxınlıq, “Türk axını” layihəsi Kremli də dolaysıyla qardaş ölkədən asılı kimi edir. Ancaq hələ ki, Rusiya Türkiyədən fərqli olaraq böyük silah satıcısı olaraq qalır, bölgədə özünün müstəsna hərbi gücünü saxlayır. Bu da ona fors-major vəziyyətlərdə xüsusi güvən verir, yeri gələndə bölgədə və onun ətrafında Türkiyənin özünün də maraqlarını qulaqardı edə biləcək addımlar atmaq imkanı yaradır. Bu da öz növbəsində artıq Qərbin, ABŞ-ın maraqlarının da çeynənmə riski deməkdir. Demokratiya paytaxtlarının Rusiyaya qarşı sanksiyalarını dişsiz edə bilən amildir. Hər necə olmasa, dünyanın “güclü həmişə haqlıdır” yazılmamış qaydası hələ ki öz qüvvəsini itirməyib.

Söhbət həm də Güney Qafqaz regionundan gedir - harda ki, Moskva öz hərbi mövcudluğunu saxlayır. Odur ki, Qərbin müdrik strateqləri tezliklə Türkiyə ilə əlaqələri səliqə-sahmana salmağın yolunu bulmalıdır ki, Rusiya daha da əl-qol açmasın.

Deyilə bilər ki, dəyənəyin o biri ucu da var. Yəni Ankara-Moskva əməkdaşlığı bir çox böhranlı məsələlərin yoluna qoyulmasında, münaqişə ocaqlarının söndürülməsində pozitiv əhəmiyyət daşıyır. Lakin təcrübə göstərir ki, Rusiya bu işə öz töhfəsini o vaxt verir ki, həmin bölgədə hərbi qüvvə saxlasın. Bu isə gələcək potensial münaqişə ocaqları deməkdir. Çünki harda rus əsgəri var, orda gec-tez qarışıqlıq, separatçılıq, ölüm-itim, faciə var. Regional və qlobal sülhə real təhlükə var. İndiki Rusiya sərhədlərinin xaricindən söhbət gedir təbii ki.

Elə isə qoynumuzda “ilan” bəsləməyə dəyərmi?

Zahid SƏFƏROĞLU
Tarix: 14-11-2017, 08:48
Xəbəri paylaş





Xəbər lenti