Prezidentlərin Soçi görüşü:Qarabağ niyə yaddan çıxdı?

Prezidentlərin Soçi görüşü:Qarabağ niyə yaddan çıxdı? Ekspert: “Ərdoğan Kreml sahibinin nəbzini yoxlamaq istədi”

“Putin-Ərdoğan görüşündə qeyri-adi heç nə baş vermədi. Gözlənildiyi kimi, prioritet mövzular Suriyadakı durum və iki ölkə arasında mövcud olan problemlərin həlli, münasibətlərin daha da inkişaf etdirilməsi yollarının müzakirəsi oldu”.


Politoloq Şahin Cəfərli bu fikirləri Türkiyə və Rusiya liderlərinin Soçi görüşünü “Yeni Müsavat”a şərh edərkən bildirdi. Ekspertin sözlərinə görə, bu görüş barədə Azərbaycan ictimaiyyətində ciddi gözlənti yaradılması yanlış idi: “Əslində bu gözlənti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması əsasında yaranmışdı. Ərdoğan bildirmişdi ki, Putin ciddi şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yönəltsə, problemin həllinə nail olmaq mümkündür və bu məsələni onunla müzakirə edəcək. İki saat on dəqiqə davam edən görüşdən sonra keçirilən mətbuat konfransında Qarabağın adı çəkilmədi”. Bunun səbəbində gəldikdə, Ş.Cəfərli qeyd etdi ki, məsələ qapalı danışıqlarda ya gündəmə gəlməyib, ya da ona ötəri toxunulub: “Tərəflər hətta bu məsələni müzakirə etmiş olsaydılar belə, heç nə dəyişməyəcəkdi. Ötən illərdə Rusiya-Türkiyə dialoqunda zaman-zaman Qarabağ münaqişəsinə toxunulub və Türkiyə tərəfindən bu məsələ qaldırılıb. Soçidə bu mövzuda müzakirə keçirilsəydi, bunu ilk dəfə baş verən sensasiyalı olay kimi qiymətləndirmək doğru olmazdı. İstər Türkiyənin, istərsə də digər dövlətlərin rəhbərləri dəfələrlə münaqişə barədə mövqelərini bildiriblər, problemin həllinin zəruriliyini vurğulayıblar, lakin bu cür şifahi bəyanatların, görüşlərdə bu məsələni qaldırmağın praktik nəticələri olmayıb”.



Ş.Cəfərli bir məqama da diqqət çəkdi: “Unutmaq olmaz ki, münaqişənin həlli ilə bağlı ayrıca beynəlxalq format var: ATƏT-in Minsk Qrupu. Nizamlanma prosesi məhz bu format çərçivəsində aparılır və tərəflər hələ ki format dəyişikliyi barədə düşünmür. Azərbaycan haqlı olaraq Minsk Qrupu həmsədrlərinin işindən narazıdır, lakin rəsmi Bakı indiyədək münaqişənin həlli prosesinin başqa formatın və ya beynəlxalq platformanın müstəvisinə keçirilməsi barədə təşəbbüs göstərməyib. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın digər vasitəçilərdən - Fransa və ABŞ-dan xəbərsiz həll prosesini ikitərəfli əsasda başqa bir dövlətlə aparması mümkün deyil, xüsusən də bu dövlət Ermənistanın, yumşaq desək, soyuq baxdığı Türkiyədirsə. Üstəlik, Rusiya hazırda Minsk Qrupu üçlüyü arasında qeyri-rəsmi olaraq lider statusundadır, ABŞ və Fransa bu dövlətin həll prosesindəki dominant rolunu qəbul etmiş görünür. Belə bir ağırlığa malik Rusiya inanmıram ki, bu rolunu başqası ilə bölüşməyə razılaşsın”.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana gözlənilən səfəri də diqqət çəkir. Politoloq bildirdi ki, Rusiya XİN rəhbərinin Bakı və İrəvana səfəri də Rusiyanın nizamlanma prosesindəki aparıcı rolunu bir daha təsdiqləyir: “Maraqlıdır ki, Lavrovun səfərindən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada həmsədrlərlə görüşəcəklər. Məmmədyarov və Nalbandyanın ikitərəfli görüşünün keçirilməsi də mümkündür. Bu görüşlərdən sonra Lavrov Azərbaycan və Ermənistana səfər edərək prezidentlərlə müzakirə aparacaq. Prosesdə intensivləşmə göz önündədir. Məlum olan məqam budur ki, hazırda əsas müzakirə mövzusu prezidentlərin 2016-cı ilin aprelindən bu yana keçirdikləri 3 görüşdə - Vyana, Sankt-Peterburq və Cenevrədə müzakirə etdikləri məsələlərin həyata keçirilməsidir. Həmin görüşlərin nəticələri əsasında yayılan bəyanatlarda tərəflərin təmas xəttində gərginliyin azaldılması üzrə razılıq əldə etdiyi açıqlanmışdı. Lakin hələlik bu istiqamətdə praktik addımlar atılmır. Lavrov yəqin ki, bu məsələni hər iki dövlət başçısı ilə müzakirə edəcək. Eyni zamanda ehtimal etmək çətin deyil ki, masada münaqişənin həllinə dair konkret təkliflər var. Ola bilsin Lavrov bu təkliflər əsasında bütün həmsədrlər adından hansısa yeni yanaşma, yeni plan ortaya qoyacaq, yaxud ötən müddətdə tərəflərə təqdim olunmuş planın, ideyaların daha konkret və detallı müzakirəsi aparılacaq. İstənilən halda, həll prosesinin sürətləndiyini söyləyə bilərik. Lakin, təəssüf ki, biz görüşlər, danışıqlar barədə məlumatları hələ də Ermənistan mediasından öyrənirik”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Soçi görüşünü əhəmiyyətli adlandırmaq çətindir: “Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq keçirdikləri mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək razılıq yoxdur”.

E.PAŞASOY
Tarix: 15-11-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti