NATO-Türkiyə gərginliyinin səbəbləri

NATO-Türkiyə gərginliyinin səbəbləri Ekspertlər Türkiyənin Alyansdan qopacağını real saymırlar

Xəbər verdiyimiz kimi, Norveçdə keçirilən NATO təlimləri zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Bundan sonra Türkiyə NATO təlimlərində iştirak edən hərbçilərini geri çağırıb. Eyni zamanda Ankara Cümhuriyyət Prokurorluğu məsələ ilə bağlı cinayət işi başladıb.

NATO-dan hadisə ilə bağlı verilən rəsmi açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO Birləşmiş Hərbi Komandanlığı, ardınca isə qurumun baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib. O, məlum hərəkətə yol vermiş zabitin ordudan qovulduğunu və cinayət işinin açıldığını bildirib.

Türkiyə prezidenti isə partiyasının iclasında çıxış edərək, ABŞ-ın planlarından xəbərdar olduqlarını söyləyib: “Amerikanın bu təşkilatlar vasitəsilə həyata keçirtdiyi ssenarinin fərqindəyik. İttifaq başqa bir şeydir, ancaq müttəfiqliyə sığmayan hərəkətlər etmək tamam ayrı məsələdir. Üzrlü hesab etsinlər, səhvləri deyəcəyik. Son olaraq da, dünən Norveçdə bir hadisə baş verdi. Düşmən tablosu adlı bir lövhə qoyublar, bir tərəfdə Atatürkün, bir tərəfdən də mənim adımı yazıblar. Xəbər gələndə Avropa İttifaqı üzrə nazir və Baş Qərargah rəisilə Kanadaya səfər edirdik. Bu da NATO təlimidir. 40 əsgərimiz təlimlərdə iştirak edirdi. Biz də əsgərlərimizi geri qaytarmağa qərara aldıq. O hədəf ordan götürülsə belə, 40 əsgərimiz geri qayıtmalı idi”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu
hesab edir ki, NATO təlimində qeydə alınan bu hadisə təsadüf deyil: “Düşünmürəm ki, bu, hansısa sıradan bir zabitin özfəaliyyəti, yaxud təsadüfdür. Əvvəllər hədəf kimi Ərdoğan seçilirdisə, indi birbaşa Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı hörmətsizlik edilib. Xatırlayıram ki, Ərdoğanla bağlı belə hallar olurdu ki, şəklini qoyub deyirdilər ki, bunu neytrallaşdırmaq lazımdır. Düzdür, NATO baş katibi Türkiyədən üzr istəyib, günahkar zabitin cəzalanacağını deyib. Amma bu hadisə bir daha göstərir ki, Qərbdəki müəyyən dairələrin Türkiyəyə qarşı münasibəti çox mənfidir. Və burada söhbət təkcə Ərdoğandan, onu qəbul etməməkdən getmir artıq. Baş verənlər ondan xəbər verir ki, Avropada bütövlükdə Türkiyəyə qarşı nifrət var. Avropa kürdlərə, PKK-ya qoyun açıb, ABŞ Türkiyədə 250-dən çox insanın öldürülməsinə səbəb olan Güləni saxlayır, Suriyada Türkiyəyə qarşı olan terrorçu qruplaşmaları dəstəkləyir. Sonra da deyirlər Türkiyə niyə Rusiya ilə yaxınlaşır”.

Bu hadisə Türkiyə-Rusiya yaxınlaşması ilə bağlı olan planlı fəaliyyət ola bilərmi? E.Şahinoğlu hesab edir ki, Qərbdə Türkiyənin xarici siyasəti ilə bağlı ciddi narazılıq var: “Əgər ABŞ Türkiyəni özünə müttəfiq hesab edirsə, müttəfiq kimi də davranmalıdır. Suriyada PKK-nın törəmə təşkilatlarına Türkiyənin etirazlarına rəğmən silah verir. NATO-dakı müttəfiqləri Türkiyəyə silah satmırlar. Bu zaman Türkiyə nə etməlidir? Əlbəttə ki, lazım olan silahı başqa yerdən almalıdır. Bu yer isə hazırda Rusiyadır. NATO istəmirsə ki, Türkiyə Rusiyadan raket əleyhinə sistem alsın, onda zəhmət çəkib özü verməlidir. Ərdoğan uzun müddət Avropa Birliyinə daxil olmaq üçün mübarizə apardı. Amma baxdı ki, bir şərti yerinə yetirdikdə 2-sini irəli sürdülər, onları icra etdi 4-nü əlavə etdilər. Axırda başa düşdü ki, Avropa Birliyinin Türkiyəni öz sıralarında görmək niyyəti yoxdur, qoyulan şərtlər də əslində bəhanədir, başladı Avropadan uzaqlaşmağa. Ərdoğanın yerinə kim olsaydı eyni şeyi edərdi – istər Dəniz Baykal olsun, istər Qılıncdaroğlu və digəri. Məcbur olacaqdı ki, üzünü Şərqə, Rusiyaya çevirsin. Demirəm ki, Rusiya, İranla, Şərqlə yaxınlıq Türkiyə üçün böyük üstünlükdür. Lakin məsələ burasındadır ki, Türkiyəni buna vadar edirlər. Məsələyə digər prizmadan yanaşaq: Türkiyə 60 ildir ABŞ-ın müttəfiqidir, Rusiya ilə münasibətləri isə 25 ildir yaranıb. Amma baxaq görək hansı dövlətlə daha böyük və birgə iqtisadi layihələri var? Amerika öz müttəfiqi ilə iqtisadi münasibətlərini dərinləşdirməkdə maraqlı deyilsə, Türkiyənin Rusiyanın da maraqlarına cavab verən regional tranzit mərkəzinə çevrilməsi üçün şərait varsa, Ərdoğan neynəməlidir? Müttəfiqinə görə dövlətin iqtisadi maraqlarından imtina etmək olar, amma o müttəfiqdən qarşılıq əvəzinə pislik görürsənsə bunu nə qədər davam etdirmək mümkündür? Türkiyə ilə iqtisadi əlaqələrin inkişafı Rusiyanın da maraqlarına uyğundur. Eyni zamanda NATO ilə Türkiyənin münasibətlərində gərginliyin olması da Moskvanın siyasi maraqlarına cavab verir. Amma bu gərginliyi kim yaradır: NATO, yoxsa Türkiyə?”



Politoloqun fikrincə, NATO ilə yaranmış gərginliyə rəğmən proseslər Türkiyənin Şimali Atlantika Alyansından qopmasına gətirib çıxarmayacaq: “Bütün ziddiyyətlərə və gərginliyə rəğmən, Türkiyə NATO-dan çıxmaq istəməz. Bu başqa məsələdir ki, NATO ölkələrinin neçəsi Türkiyənin bu qurumda qalmasını istəyir? Düşünürəm ki, Norveçdəki hadisənin bir məqsədi də Türkiyəni birlikdən daha da uzaqlaşmağa sövq etmək ola bilər. Lakin Türkiyənin yanlış addım ataraq NATO-dan tamamən ayrılacağını gözləmirəm”.

Politoloq Qabil Hüseynli bildirir ki, Norveçdə baş verən hadisə Avropa dəyərlərindən çox uzaq və çox da iyrənc bir hərəkətdir: “Türkiyəni Osmanlı bataqlığından çıxaran, sivil dünyaya inteqrasiya etdirən böyük Atatürk olub. Hətta avropalıların özləri belə son yüzilin adamını seçəndə Atatürkü də həmişə ora daxil edirlər. Mən inanmıram ki, bu məsələdə yüksək dairələrin əli olsun. Çünki çox çirkin addımdır”.

Image result for Politoloq Qabil Hüseynli
Həmsöhbətimiz bildirir ki, Türkiyə hərbçilərinin təlimdən geri çağırılması doğru addımdır: “NATO rəhbərliyi də Türkiyədən üzr istədi və ehtiraslar səngimək üzrədir. Bilirsiniz, bölgədə çox mürəkkəb proseslər gedir. Türkiyə NATO-nun ürəyincə olmayan bir sıra addımlar atır, NATO-dakı müttəfiqlər Türkiyənin bölgədəki maraqların uyğun olmayan hərəkətlər edirlər. Xüsusilə Trampın Suriyada Türkiyə əleyhinə olan qüvvləri silahlandırması, Şimali İraqda kürdlərin müstəqil dövlət arzusuna dolayısı ilə yaşıl işığın yandırılması uzaqgörməyən bir siyasətin nəticəsidir”.

Q.Hüseynli hesab edir ki, baş verənlərdə Rusiyanın rolunu istisna etmək olmaz: “Rusiya Avropanı, NATO-nu parçalamaq, dünyada hegemon qüvvəyə çevrilmək üçün əlindən gələni etməkdədir. Türkiyəni də hər vəchlə öz tərəfinə çəkməyə çalışır. Bu ölkə ilə iqtisadi əlaqələr qurmaq olar, lakin unutmaq olmaz ki, osmanlı dövlətinin sonunu məhz Rusiya gətirib. Tarixən bölgədə türklərin möhkəmlənməsinin qarşısını alan tək qüvvə Rusiya olub”.

Q.Hüseynli də o fikirdədir ki, NATO-dakı müttəfiqləri ilə bütün gərginliklərə, Rusiya ilə yaxınlaşmalara baxmayaraq, Türkiyənin bu birlikdən tamamən qopması mümkün deyil: “Bu, mümkün deyil. Türkiyəni NATO-dan qopmağa qoymayacaqlar. Düşünürəm ki, Tramp hakimiyyətdən getdikdən sonra Türkiyənin Avropa ilə münasibətləri də normal məcrasına qayıdacaq”.

DÜNYA, musavat.com
Tarix: 19-11-2017, 13:44
Xəbəri paylaş





Xəbər lenti