Sülhəddin Əkbər: “Rusiyanı qəzəbləndirməmək üçün Avropa İttifaqı ilə proses ən azı seçkiyə qədər uzanacaq”
Noyabrın 24-də Brüsseldə Avropa İttifaqının 5-ci “Şərq Tərəfdaşlığı” sammiti olacaq. “Şərq Tərəfdaşlığı” sammiti hər iki ildən bir keçirilir. Sammit bu iki il ərzində baş verənləri, əldə olunanları yüksək səviyyədə müzakirə etmək rolunu oynayır. Sammitə dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi institutların liderləri dəvət edilirlər.“Şərq Tərəfdaşlığı” proqramı hər bir tərəfdaşa onların özlərinin Aİ ilə ikitərəfli əlaqələrdə görmək istədikləri ambisiyaları təklif edir. Bu əməkdaşlığın bir çox sahələrində həm də çoxtərəfli platforma var. Bu baxımdan da qarşıdakı sammit artıq əldə olunmuşları, eləcə də sonrakı məqsədləri müəyyən etmək üçün fürsət kimi qiymətləndirilir.
“Şərq Tərəfdaşlığı” sammitinin əsas sənədinin birgə Bəyannamə olacağı gözlənilir. Hazırda onunla bağlı müzakirələr gedir, sənəd üzərində intensiv iş aparılır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas “Report” agentliyinə müsahibəsində bildirib ki, iki il öncə Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı” sammitindən keçən müddətdə Avropa İttifaqı əvvəlcə Moldova, sonra isə Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edib: “”Şərq Tərəfdaşlığı" ölkələrimizin daha da yaxınlaşması üçün imkanlar yaradır. Yaxın olmaqla daha güclü oluruq, hamımız cəmiyyətin modernləşdirilməsi və islahatların həyata keçirilməsində maraqlıyıq. “Şərq Tərəfdaşlığı” isə buna nail olmaq üçün əla platformadır. Beləliklə, son bir neçə ildə çox sayda yaxşı nailiyyətlər əldə olunub. Moldova artıq bunun faydasını görüb, Gürcüstan və Ukrayna da faydalanmaqdadır. Azərbaycan hazır olarsa, Aİ də bu istiqamətdə addımlar atmağa hazırdır.
Bu il Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara başlamışıq, bu, münasibətlərimiz üçün əsas olacaq".
Avropa İttifaqı ilə saziş üzrə danışıqları Azərbaycan tərəfindən aparan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə bir neçə gün öncə mediaya açıqlamasında deyib ki, çalışsaq gələn il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üzrə danışıqları bitirmək olar.
Qeyd edək ki, danışıqlar bu ilin fevralından başlanıb. Saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq.
Prosesin uzanması və gələn ilə qalmasının hansı faktorlarla əlaqəli olduğu barədə müxtəlif rəy və ehtimallar irəli sürülür.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu prosesin uzanmasına və uğurla yekunlaşmasına bir neçə faktor mane olur: “İki başlıca səbəb var. Birinci səbəb xarici amildir. Rusiya amili var. Rusiya Azərbaycanın Avropa İttifaqı və Avroatlantik institutlarla yaxınlaşmasına çox aqressiv reaksiya göstərir. Rəsmi Bakı da bundan ehtiyatlanır. Bu, açıq məsələdir və gizlətməyə ehtiyac yoxdur.
İkinci səbəb daxili amildir. Avropa İttifaqı ilə yaxınlaşmaq hakimiyyət dairələrinin bir sıra siyasi və iqtisadi maraqlarına ziddir. Siyasi maraqlarına ona görə ziddir ki, Avropa İttifaqı ilə yaxınlaşmaq ölkədə siyasi islahatların, ən başlıcası isə azad və ədalətli seçkilərin keçirilməsini tələb edir. İqtisadi maraqlara gəlincə, Avropa İttifaqı ilə saziş imzalamaq üçün ilk növbədə Azərbaycan gərək Ümumdünya Ticarət Təşkilatına üzv olsun.
Azərbaycan da Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir. Çünki üzv olacağı halda birincisi, Azərbaycan dünya bazarı ilə sıx inteqrasiya etməlidir, Azərbaycandan vergi, gömrük və digər sahələr üzrə hesabatlar getməlidir. O zaman bir çox reallıqlar bəlli olacaq. Azərbaycan hökumətinin bir çox üzvləri daxili bazarı deyil, öz şirkətlərini qoruyurlar. Vergidən yayınmaları, gizli iqtisadiyyat üzə çıxmamaq üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmirlər".
“Avropa İttifaqı məsələsində Rusiyadan ehtiyatlanmağa əsaslar varmı? Bəlkə həqiqətən də elə ciddi məsələlər var ki, çəkinmək, ehtiyatlanmaq lazımdır? Azərbaycan Avropa İttifaqı ilə saziş imzalasa Rusiya bəlkə doğrudan da bizə qarşı çox təhlükəli addımlara gedə bilər?” suallarına Sülhəddin Əkbər belə cavab verdi: “Azərbaycanın milli maraqları tələb edirdi ki, GUAM üzvü olan bir dövlət kimi Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə hərəkət etsin, xarici siyasət sektorunu inkişaf etdirsin, Avropa İttifaqı və NATO ilə inteqrasiya etsin. Onsuz da Azərbaycan bunları edəcəyi halda itirəcəyindən daha artığını itirib. Gürcüstanla bizi müqayisə edirlər. Deyirlər ki, əgər biz də Gürcüstan kimi Avropa İttifaqı ilə yaxınlaşsaydıq, Gürcüstanın başına gətirilənlər bizim də başımıza gətirilərdi. Gürcüstanın başına nə gəlib? Birincisi, Gürcüstan Abxaziyanı və Cənubi Osetiyanı itirib, bu qurumların inzibati sərhədlərində rus qoşunları durub. Həmin qurumların ətrafındakı əlavə Gürcüstan rayonlarını ki, işğal etməyiblər. Bizdə isə Dağlıq Qarabağı da işğal ediblər, ətrafındakı 7 rayonumuzu da. Gürcüstan bu gün Avropa İttifaqı, NATO tərəfindən ciddi şəkildə dəstəklənir, təhlükəsizliyinə ciddi təminatlar alıb. Azərbaycanla bağlı bu gün vəziyyət belə deyil. Halbuki biz də Gürcüstan kimi Avroatlantik məkana inteqrasiya etsəydik, bizim də bu cür üstünlüklərimiz olardı və Azərbaycanın ərazi bütövlüyü də mübahisə predmeti olmayacaqdı. Necə ki, bu gün Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyü mədəni dünya tərəfindən birmənalı şəkildə dəstəklənir. Ən başlıcası isə bu gün onlar artıq müasir, demokratik, rifaha gedən bir cəmiyyət quruculuğu yoluna çıxıblar. Rusiyadan ehtiyatlanmaq bu məsələlərdə bizi geridə qoyub. Rusiyadan ehtiyatlanmaqla biz irəli getməyə, Rusiyanın torpaqlarımızı qaytaracağına ümid etməməliyik. Buna ümid etmək özünü aldatmaqdır”.
S.Əkbər vurğuladı ki, Avropa İttifaqı ilə saziş layihəsi hazırlanması prosesində danışıqları aparan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev üzərinə düşəni edir. Prosesin bu qədər uzanması, hələ də müsbət yekunlaşmamasında Mahmud Məmmədquliyevdən heç nə asılı deyil: “Çünki burada siyasi qərardan söhbət gedir. Prosesin uzanmasına səbəb Mahmud Məmmədquliyev deyil. Səbəbləri yuxarıda qeyd etmişəm. Mahmud Məmmədquliyev qatı Qərb tərəfdarı olsa belə həlledici deyil”.
S.Əkbərin fikrincə, proses gələn il Azərbaycanda prezident seçkiləri başa çatanadək yekunlaşmayacaq: “Əvvəla, seçki öncəsi Rusiyanı qəzəbləndirməmək üçün Avropa İttifaqı ilə proses ən azı seçkiyə qədər uzanacaq. İkincisi, hakimiyyət Avropa İttifaqına vəd verə bilər ki, seçkidən sonra bu məsələnin müsbət həllinə çalışacağıq. Ona görə də danışıqların gələn il başa çatacağı bəri başdan elan edilib”.
Etibar SEYİDAĞA
Tarix: 21-11-2017, 08:46