Türkiyə NATO-dan çıxsa...mümkün nəticələr

Türkiyə NATO-dan çıxsa...mümkün nəticələr O halda ən çox itirən hansı tərəf olacaq? Ekspertlər ayrılmanı real saymasalar da, istisna da eləmirlər

Türkiyə prezidentinin müşaviri və sözçüsü İbrahim Kalın “France 24" telekanalına müsahibəsində bildirib ki, Türkiyə NATO ilə əlaqələrini pozmaq niyyətində deyil. Türkiyənin 50 ildən çoxdur NATO-nun güclü bir müttəfiqi olduğunu söyləyən İ. Kalın deyib ki, baş verən son hadisə diqqətlə araşdırılmalıdır.


İ. Kalın “Türkiyə NATO ilə əlaqələrini kəsməyi düşünürmü” sualına “xeyr” cavabını verib. Onun bu açıqlamasından bir gün əvvəl Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Yalçın Topçu isə NATO ilə münasibətlərə yenidən baxılmasının zəruriliyini bildirmiş və Türkiyənin alyansa üzvlüyünün Böyük Millət Məclisində müzakirəyə çıxarılmasını tələb etmişdi. Müşavir hətta bəyan etmişdi ki, Türkiyə 2019-cu ildə NATO sıralarını tərk etməlidir.

Bəs Türkiyənin NATO üzvü olmaması nələrə gətirib çıxara bilər? Politoloq Şahin Cəfərli bildirdi ki, Türkiyə prezidentinin çoxlu sayda müşaviri var, lakin onlardan İbrahim Kalın açıqlaması dövlətin mövqeyi hesab olunmalıdır: “Digərlərinin açıqlamalarını heç də dövlətin rəsmi mövqeyi kimi qəbul etmək lazım deyil. Xüsusən də mədəniyyət məsələləri üzrə müşavirin xarici siyasət, təhlükəsizlik kimi önəmli bir məsələdə bəyanat verməsi yolverilməzdir. Kalın həm də prezidentin sözçüsü vəzifəsini yerinə yetirir. O, Fransa televiziyasına müsahibəsində bu məsələdə dövlətin mövqeyini nəzərə çatdırıb, bildirib ki, Türkiyə NATO-dan çıxmağı planlaşdırmır və NATO daxilində önəmli bir müttəfiq ölkə olaraq qalır. Bu, çox doğru mövqedir. Çünki mən Türkiyənin NATO-dan çıxmasının nələrə səbəb ola biləcəyini söyləmək istəmirəm. Açığı, bu sual barədə düşünəndə çox qorxulu ssenarilər insanın ağlına gəlir. Bu qərar böyük fəlakətlərə səbəb ola bilər. Bircə cümlə ilə deyim ki, belə bir addım 1920-ci ildə Osmanlıya imzalatdırılan və Qurtuluş Savaşı nəticəsində zibil qutusuna atılmış Sevr müqaviləsi şərtlərinin aktuallaşmasına gətirib çıxarardı. Ona görə də vəzifəli şəxslər çıxış edərkən, açıqlama verərkən öz sözlərinin məsuliyyətini dərk etməlidir”.

Bununla belə, Ş.Cəfərli hesab edir ki, Y.Topçunun sözləri havadan götürülməyib və ölkə daxilindəki müəyyən çevrələrin, bəzi əhali qruplarının əhval-ruhiyyəsini əks etdirir: “Türkiyə NATO-ya qoşulduqdan bəri ölkədə bu ittifaqa heç vaxt birmənalı münasibət olmayıb - baxmayaraq ki, Ankara avroatlantik seçimi ilə SSRİ-nin təzyiqlərindən, ərazilərini itirmək təhlükəsindən xilas oldu. İkinci Dünya müharibəsindən sonra Stalin 1921-ci il Moskva və Qars müqavilələrini pozaraq, Türkiyənin bəzi şərq vilayətlərini ələ keçirib, o torpaqları Ermənistan və Gürcüstan arasında bölüşdürmək niyyətində idi. Eyni zamanda SSRİ boğazlara nəzarət hüququ da əldə etmək istəyirdi və Türkiyəyə ultimatum ünvanlamışdı. Türkiyə ABŞ-la yaxınlaşaraq və sonradan NATO-ya qoşularaq bu təhlükəni sovuşdurdu. Buna rəğmən, qeyd etdiyim kimi, Türkiyədə NATO-ya neqativ baxış hər zaman güclü olub. Bunun səbəbləri barədə çox danışmaq olar, lakin əsas səbəb kimi NATO-nun Türkiyənin müstəqilliyini məhdudlaşdırması barədə fikirləri qeyd edə bilərik. Eyni zamanda NATO haqqında Türkiyədə çoxlu konspiroloji hekayələr yazılır, danışılır və bunların hansının doğru, hansının yalan olduğunu müəyyənləşdirmək elə də asan deyil. Hazırkı narazılıq isə daha çox ABŞ-Türkiyə münasibətlərində yaranmış böhrandan qaynaqlanır. 15 iyul 2016-cı il hərbi çevriliş cəhdi, Fətullah Gülənin ABŞ-da olması, Vaşinqtonun Suriyada Türkiyənin terror təşkilatı saydığı PYD-YPG qruplaşmasını silahlandırması və Rza Zərrab məsələsi münasibətlərdə gərginlik yaradan başlıca problemlərdir. Bu problemlər Türkiyədə antiamerika, antiqərb əhvalının daha da güclənməsinə, NATO-dakı son təxribat isə hərbi-siyasi blokda qalmağın məqsədəuyğunluğu barədə müzakirələrin başlamasına səbəb olub. Mən bu müzakirələri izləyirəm və deyə bilərəm ki, əksər köşə yazarları, o cümlədən iqtidara yaxın yazarlar, eləcə də aparıcı siyasi partiyalar, biznes çevrələri NATO-dan, ümumilikdə Qərbdən qopmağın ağır nəticələrə səbəb ola biləcəyini anlayır, buna qarşı çıxırlar. Türkiyədə son aylar səsləri gur çıxmağa başlayan ”avrasiyaçı" fərd və qrupların, Vətən Partiyası kimi Rusiyayönümlü marginal qüvvələrin çağırışlarına uymaq olmaz".



Ş.Cəfərli vurğuladı ki, ən əsas məsələ ABŞ-la münasibətlərdə yaranmış gərginliyin nəzarətdən çıxaraq qopmanın baş verməsini əngəlləməkdir: “ABŞ-ın Türkiyə ilə müttəfiqliyə uyğun gəlməyən siyasət yeritməsi göz önündədir. Lakin Türkiyənin də müttəfiqliyə zidd addımları olub və indi də var. Yəni hər iki tərəfdən soyuqluğa səbəb olan addımlar atılıb. İndi ”əvvəlcə sən başladın" şəklində mübahisələrin bir faydası yoxdur. Mən iki ölkə arasında münasibətlərin yaxın dövrdə istiləşəcəyini gözləmirəm, lakin indikindən daha pis olmasının qarşısı alına bilər. Türkiyə və ABŞ masaya oturub, açıq və səmimi müzakirələr yolu ilə həlli mümkün olan bütün problemləri çözməyə çalışmalıdır".

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Türkiyənin NATO-nu tərk etməsi bir o qədər də asan məsələ deyil: “Bu, NATO-nun özündə də mərkəzdənqaçma meyllərini gücləndirə, alyansı parçalanma təhlükəsi qarşısında qoya bilər. Türkiyə NATO-nun güclü hərbi dayaqlarından biridir. Türkiyə NATO-nu tərk edərsə və perspektivdə Rusiya ilə hərbi-siyasi müttəfiq olarsa, bu, hərbi-siyasi balansın köklü şəkildə dəyişməsinə və Avroatlantik Alyansın öz mövqelərini əhəmiyyətli şəkildə itirməsinə səbəb ola bilər. Eyni zamanda qeyd edim ki, Türkiyə-NATO münasibətlərində yaranmış ziddiyyətin günahkarı da Ankara deyil. Türkiyənin NATO üzrə müttəfiqləri açıq şəkildə bu ölkənin ərazi bütövlüyünü pozmağa çalışan terrorçuları, silahlı separatçıları müdafiə edirlər. ABŞ başda olmaqla, bəzi NATO üzvü olan ölkələrin davranışları müttəfiq yox, düşmən davranışlarıdır.

NATO nizamnaməsinin 5-ci maddəsinə görə, Alyansa üzv olan bir dövlətə hücum digər NATO üzvlərinə hücum sayılır. O zaman necə olur ki, illərdir PKK və onun törəmələri Türkiyəyə hücumlar təşkil edir, ölkəni parçalamağa çalışır, lakin NATO üzvü olan dövlətlər Türkiyəni müdafiə etmək əvəzinə separatçıları yemləyir, silahlandırırlar. Ankara da hər şeyin ortaya çıxmasını istəyir. Üzdə dost, arxada düşmən reallığı Türkiyəni yorub və ona görə də müttəfiqlərinə açıq mesajlar verir, mövqeyinizi, kimliyinizi bildirin sualını verir. Eyni yanaşma davam edəcəksə, bu, Türkiyənin NATO ilə vidalaşmasına gətirib çıxara bilər. Şübhəsiz ki, bu, arzuolunmaz ssenaridir, amma realdır".

Etibar SEYİDAĞA
Tarix: 22-11-2017, 09:07
Xəbəri paylaş





Xəbər lenti