“QOCA VƏ TAQƏTSİZ HÖKUMƏTİ DƏYİŞMƏKDƏNSƏ…” – “Bunun cavabdehi varmı?”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yazdığı qeydlərində 2018-ci il dövlət büdcəsi layihəsində “korrupsiya boşluqları”nın olduğunu bildirib. “AzPolitika” partiya sədrinin yazısını təqdim edir:“Gələn il üçün əsas maliyyə sənədimiz – büdcə qanunu müzakirə edilir. Geniş təhlili bir qədər sonra edəcəyəm. Lakin əsas diqqəti cəlb edən bir neçə müddəaya münasibət bildirmək istəyirəm:
– Bu fərsiz hökumət gələn ilki xərclərin təqribən yarısını (9 milyard manatdan artıq vəsaiti) gələcək nəslə məxsus Neft fondundan götürür. Qoca və taqətsiz hökuməti dəyişməkdənsə, gələcək nəsillərin “cibinə girirlər”;
– 2 əvvəlki il 4-5 milyardla kifayətlənən müəlliflər, seçki ilində bu vəsaiti nədən 2 dəfə artırıblar? Bəlkə seçkidə gözlənilən “kənar xərclər”in artacağından belə qərar qəbul olunub? Qərbli, Şimallı, Cənublu qonşularımızın kefidir…
– Nədən ən asan pul yuyulan sahə – tikintiyə yenidən 5 milyard ayrılıb? Seçki ilə əlaqəsi yoxdurmu?
– 1 milyard subsidiya da deyəsən korrupsiyanın güdazına gedəcək;
– Büdcənin təqribən 40%-nin hara xərclənəcəyi isə heç görünmür;– Ölkə paytaxtı vergi daxilolmalarının 96%-dən çoxunu ödəyir. Bu illər ərzində “Regionların inkişafı” proqramı adı altında göyə sovrulan 50 milyard manat hara xərclənib? Bu ciddi sərmayə kimlər tərəfindən dağıdılıb? Əgər ölkə neftin və paytaxtın ümidinə buraxılacaqdısa, bu proqram nəyə lazım idi? Bunun cavabdehi varmı?
– 2.2 milyard manat, büdcənin 10%-dən artığı, xarici borc və faizlərin ödənilməsinə yönəldilirsə, “bizim pulumuz çoxdur” deyilirsə, bu israfçılıq nəyə xidmət göstərir? Bəlkə faiz ödədiyimiz banklarda da hakimiyyətin marağı var? Elə deyilsə, nəyə görə gündən günə daha çox borclanırıq?
– 0,862 milyard manat digər xərclər qrafası ilə hara xərclənəcək?– Xəstəxanalara müraciət edənlərimiz dərman və digər zəruri məhsulları özləri alırsa, gələn ildən sığorta səhiyyəsinə keçilməsi nəzərdə tutulursa, 0,556 milyard vəsait hara yönəldiləcək?
– Belə israfçılıq fonunda əhalinin 0,3 milyard cərimələrə cəlb edilməsi planına nə ad qoyaq? Siz dağıdın, əhali yerini doldursun?Bir sözlə, YAP-ın “tərifli” siyasəti növbəti maliyyə ilində də əhalinin ziyanına – YAP-ın növbəti seçkidə qalibiyyəti üçün kənar xərclərə, əhalinin vəziyyətinin isə ağırlaşmasına hesablanıb. Çünki maaş və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin həcmi əsasən dəyişməyib, ötən ilki səviyyədədir. Bu isə o deməkdir ki, maaş və təqaüdlərin miqdarı dəyişməyəcək. Ola biləcək xırda qəpik-quruşu isə artıq bu ilki inflyasiya həzm edib.
Maraqlı bir detalı da qeyd etmək lazımdır. Bu il neftin qiyməti 50 ABŞ $ məbləğində cari büdcə qanununa daxil edilmişdi. İl ərzində isə neftin qiyməti orta hesabla 57-58 $ qiymətinə satılıb. Bu fərq kimlərin cibinə gedir? Bəlkə şəhərin mərkəzindəki köhnə binaların hövlnak “abadlaşdırılması” artıq qalan vəsaitin yuyulması əməliyyatıdır? Çünki təcrübə göstərir ki, adətən bu əməliyyatın izinin itirilməsi üçün belə binalar buldozerin ağzına verilir.
Nə isə… YAP hakimiyyətinin vəzifəsi sanki xalqın vəsaitinin və ehtiyatlarının dağıdılmasıdır. Belə davranışın hansı hissdən törədiyini deməkdə çətinliyim var, bunu etiraf edirəm. Axı hər bir işin bir əndazəsi və sərhəddi olmalı idi. Belə çıxır ki, dünyada 3 şey sərhədsizdir: Kainat, Allahın səbri və YAP-ın nəfsi. Amma yox, Allahın səbrinin mütləq həddi var. İnanıram ki, biz bu xəttin şahidi olacayıq. İnşAllah”.
Tarix: 22-11-2017, 16:16