Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır - qeydiyyatı ləğv olunmuş ÜAK-ın yerinə

Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır - qeydiyyatı ləğv olunmuş ÜAK-ın yerinə Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərləri yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova müraciət ediblər.

Müraciətdə qeyd olunub ki, regiondakı Azərbaycan icması nümayəndələri qüsursuz reputasiyaya, işinə xüsusi və professional yanaşan, fəal həyat mövqeyi ilə seçilən akademik Fazil Qurbanovun Rusiyadakı Azərbaycan diasporunun lideri olmalı olduğunu hesab edirlər.

O da vurğulanıb ki, Rusiyada çoxlu sayda fərqli Azərbaycan diaspor təşkilatları olmasına baxmayaraq Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.

"Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin razılığı yaradılan Ümumrusiya Azərbaycan Konqresi təəssüf ki, Rusiya Federasiyasının ictimai həyatında oynadığı aktiv rolu itirdi. Çoxlu səhvlər buraxıldı. Rusiyada indiki zamanda, yəni demokratik prinsiplərin və qanun aliliyinin hökm sürməyə başladığı bir dövrdə belə səhvlər ÜAK üçün ölümcül oldu",- deyə müraciətdə vurğulanıb.

Regiondakı Azərbaycan icmalarının rəhbərləri Fazil Qurbanovun fəaliyyətini qeyd edərək ondan Rusiyadakı həmvətənlərimizi birləşdirəcək yeni təşkilata rəhbərlik etməsini, eləcə də Azərbaycan icmasının Rusiya cəmiyyətində vacib və güclü qüvvəyə çevrilməsi üçün bütün şəraitin yaradılmasını xahiş ediblər.

Müraciətə Rusiya Federasiyasının 16 respublikası, 8 əyaləti, 33 vilayəti, 3 muxtar vilayəti və Moskva və Sankt-Peterburq şəhərlərindəki Azərbaycan icmalarının rəhbərləri imza atıblar.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Tarix: 24-11-2017, 08:46
Xəbəri paylaş





Xəbər lenti