İŞİD Azərbaycan sərhədlərində - qonşuluqdakı təhlükə ölkəmizə keçə bilərmi...

İŞİD Azərbaycan sərhədlərində - qonşuluqdakı təhlükə ölkəmizə keçə bilərmi... Sülhədin Əkbər: “Onlar MDB məkanındakı ölkələrdə hər an peyda ola bilərlər”; Arzu Nağıyev: “Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzərinə çox mühüm vəzifələr düşür”

Gürcüstanın paytaxtı Tiflisin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektində həyata keçirilən antiterror əməliyyatında İŞİD üzvü olan çeçen əsilli 3 terrorçu öldürülüb, biri isə sağ ələ keçirilib. Eyni zamanda xüsusi təyinatlı dəstənin 2 üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb. Bundan əvvəl isə Dağıstanda terror əleyhinə əməliyyat keçirilmişdi. Digər qonşumuz İran ərazisində də oxşar əməliyyat baş vermişdi. Noyabrın 3-də İranın şimal-qərbindəki Qərbi Azərbaycan əyalətində terrorçuların hücumu nəticəsində 8 sərhədçi həlak olub.


Gürcüstan, Dağıstan və İrandakı antiterror əməliyyatları bu dövlətlərin hər biri ilə qonşu olan Azərbaycanı narahat etməyə bilməz. Son illərdə ard-arda ağır məğlubiyyətlər alan İŞİD terror təşkilatı üzvlərinin dünyanın müxtəlif yerlərinə səpələndikləri barədə hələ aylar öncədən xəbərlər yayılmışdı. Xüsusilə terrorçuların daha çox öz ölkələrinə qayıtmağa üstünlük verdikləri deyilirdi. İŞİD-in Suriyadakı iflası digər dövlətlər kimi bizim dövlətimiz üçün hansı təhlükələr doğura bilər?



Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti, sabiq təhlükəsizlik zabiti Sülhəddin Əkbər aylar öncədən belə bir təhlükənin olacağını proqnoz olaraq mətbuata açıqlamalarında bildirmişdi. Demişdi ki. İŞİD-in Suriyadan sıxışdırılaraq çıxarılması terror təşkilatının sıralarında olan və döyüşlərdən sağ çıxan yaraqlıların öz ölkələrinə geri dönmələri deməkdir: “İŞİD Suriya və İraqda əraziləri itirdikcə digər ölkələrə sızmağa başlayacaq. İlk növbədə də xarici döyüşçülərin gəldikləri ölkələrə yayılmağa başlayacaqlar. Artıq İŞİD Suriya və İraqda nəzarətdə saxladıqları əraziləri itirib. Bəzi ölkələr İŞİD-ə qalib gəlmələrini qeyd edirlər. Belə olan halda kəşfiyyat orqanlarından gələn məlumatlar da təsdiqləyir ki. Artıq proses başlayıb. İndi proqnozlaşdırmaq olar ki, İŞİD-çilər 2 istiqamətə gdəcəklər. 1-cisi gəldikləri ölkələrə geri qayıdacaqlar, 2-ci bir hissə isə İŞİD-ə verilən hədəflərə doğru hərəkət edəcəklər”.

S.Əkbər deyir ki, xüsusi xidmət orqanları hazır vəziyyətə gətirilməlidir: “İŞİD-in tərkibində keçmiş MDB məkanından döyüşənlərin əksəriyyəti Rusiyadandır. Deməli, onlar Rusiyada, Mərkəzi Asiyada, Şimali Qafqazda, Gürcüstanda, o cümlədən Azərbaycanda hər an peyda ola bilərlər. Bunun üzərinə bu ölkələrdən hər hansı birinin hədəf göstəriləcəyini gəlsək, demək onlar burada aktiv hala keçəcəklər”.

S.Əkbər bildirir ki, ilkin olaraq İŞİD-in hədəfi kimi İran göstərilib: “İran daxilində bu terror təşkilatının fəaliyyəti var. Amma hərəkətlilik üçün o qədər də əlverişli şəraitləri yoxdur. Ona görə də qonşu ölkələrə sıza biləcəkləri də istisna deyil. Belə qonşu ölkələrdən biri də Azərbaycandır. Eyni zamanda Rusiyanın hədəf masasına çaxması gündəlikdədir. Məsələ konkretləşməyib, amma həmin qüvvələrin MDB məkanında da aktiv fəaliyyətə keçməsi mümkündür. İstər İran, istərsə də Rusiya hədəfə çıxacaqsa, Azərbaycan da ”terror coğrafiyasına" daxil olacaq".



Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyir ki, ümumilikdə terrordan heç bir dövlət sığortalanmayıb: “Kimsə çıxıb deyə bilməz ki, filan dövlətdə terror heç vaxt olmayacaq. Suriya və digər yerlərdə döyüşən terrorçular artıq qayıtmağa başlayıblar. Azərbaycanın şimalında da bu məsələ hələ öz həllini tam tapmayıb. Rusiya Federasiyasının 89 subyektindən 11-də müsəlman inanclıdır. Həmin 11 subyektdən İŞİD sıralarına 5500-dən artıq şəxsin qoşulduğu haqda dəqiqləşmiş məlumatlar var. Həmin şəxslərin yarısı döyüşlərdə qırılsa da, yarısı da geri qayıdacaq. 2018-ci il Rusiyada seçki ilidir. Qərbin sanksiyalarının kəsərini bir qədər də artırmaq üçün Suriyada baş verən proseslərə dolayı müdaxilə etmək üçün həmin sağ qalan döyüşçülərdən Rusiya ərazisində istifadə edəcəklər. Eyni zamanda Orta Asiyada - Qırğızstan, Qazaxstanda, Əfqanıstanda baş verən hadisələr də bir daha göstərir ki, bu ərazilərdə də İŞİD peyda ola bilər”.

A.Nağıyev deyir ki, baş verənlər Azərbaycan üçün də gələcəkdə problemlərin yaranmasına gətirib çıxara bilər: “Sadəcə olaraq, Azərbaycan əməliyyat şəraitinə daha düzgün nəzarət edir. Digər tərəfdən, hüquq-mühafizə orqanları və Cinayət Məcəlləsində olan bəzi dəyişikliklər də bu cür halların azalmasına səbəb olub. Yəni İŞİD-çı Azərbaycana gələcəksə, dərhal həbs olunacaq. O. artıq qanunsuz silahlı dəstədə vuruşmuş biridir. Bu o demək deyil ki, onlar silahla gəlirlər. Öz yerlərində onlara biət etmiş şəxslərlə müəyyən işlər qurmaq üçün də onlar geri dönməyə cəhd edə bilərlər. Tək onu demək mümkün deyil ki, onlar gəlib özlərini partladıb terror aktı həyata keçirəcəklər. Proseslər davam edir. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzərinə çox mühüm vəzifələr düşür. Terrorçuların hər yerdə adamları var, bunlara hər yerdə biət etmiş şəxslər mövcuddur. Tək onların bura gəlib nəsə edə biləcəklərini də düşünmək doğru deyil. Daxildən də nələrsə edə bilərlər. Gürcüstan son vaxtlar Qərb dövlətləri ilə yaxınlaşdıqca, koalisiyada iştirak etdikcə, bu hadisələr orada təkrarlanacaq. Artıq Gürcüstana Qərb kimi baxılır. Bu günlərdə Gürcüstan ordusunun 3 hərbçisi beynəlxalq kolisiyanın tərkibində Əfqanıstanda yaralanmışdı. Bu xəbər yayıldı və Gürcüstanda terror məsələsi baş qaldırdı. Bu, təsadüfi deyildi”.

E.MƏMMƏDƏLİYEV
Tarix: 25-11-2017, 09:53
Xəbəri paylaş





Xəbər lenti