YAP ümumrespublika müşavirəsi keçirdi- Rayon təşkilatlarının sədrlərinə prezident seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi

YAP ümumrespublika müşavirəsi keçirdi- Rayon təşkilatlarının sədrlərinə prezident seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi Noyabrın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov YAP-ın yaranmasının 25 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirib.


Əli Əhmədov deyib ki, bu münasibətlə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub. Həmin mərasimdə partiyamızın Sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola yüksək qiymət verilib, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr ərzində qarşısında duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Baş nazirin müavini vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində möhtəşəm bir tarix yaradıb. Qarşımızda isə yenə də şərəfli bir yolun dayandığını bildirən Əli Əhmədov deyib: “Azərbaycanın müasir tarixini, insanlarımızın taleyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bu 25 il ərzində, xüsusilə də ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanda müstəqil dövlətin qurulması, onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi, dünya birliyində mövqelərinin möhkəmlənməsi və bugünkü həyatımızı, dövlətimizin reallıqlarını, inkişafını əks etdirən bütün müsbət cəhətlərin hər biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Bu uğurlar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun titanik fəaliyyəti, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində əldə edilib”.

YAP Sədrinin müavini qeyd edib ki, əldə olunan nailiyyətlər, yaradılmış baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çəkisi, partiyamızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-ın ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləməsi qarşıdakı illərdə də Yeni Azərbaycan Partiyasının fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır.

Müşavirədə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti, eləcə də İcra Katibliyi tərəfindən qəbul edilmiş qərarların və tövsiyələrin partiyanın rayon və şəhər təşkilatları tərəfindən yerinə yetirilməsi vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb. Müşavirədə, həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyələri rayon və şəhər təşkilatlarının sədrlərinin diqqətinə çatdırılıb(azərtac).
Tarix: 25-11-2017, 20:32
Xəbəri paylaş





Xəbər lenti