Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçir

Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçir Avropa Birliyinin Brüssel sammiti çox böyük tarixi əhəmiyyətə malikdir və uzun zamandan sonra postsovet ölkələrinə yönəlik siyasətin müəyyən bir zirvəsidir.

Bunu Axar.az-a Brüsseldə Şərq Tərəfdaşlığı sammitinin yekununu dəyərləndirən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bu sammit bölgədəki gələcək proseslərə təsir göstərəcək, yeni paraliqmalar, siyasi-iqtisadi təşəbbülər və əlaqələr mühiti yaradacaq:


“Lakin ən önəmlisi odur ki, Qərb dövlətləri bölgəyə ayrı-ayrılıqda SSRİ-nin dağılmasından sonra gəlsələr də, aralıq mərhələlərində onların stateji maraq və mənafeləri müəyyən qədər dəyişdiyindən və bu bölgədə qüvvələr nisbəti, hərbi-siyasi şərait, iqtisadi konyektura ayrı bir fazaya keçdiyindən, biz əlaqələrin gah intensivləşdiyini, gah da zəiflədiyini görmüşük. Hər bir halda, xüsusilə, 2013-cü ildə Ukrayna ətrafında yaşanan qovğanı, Rusiya ilə olan toqquşmanı xatırlada bilərik. Halbuki ona qədər TRASEKA proqramı, yaxın qonşuluq siyasəti, ən sonda isə artıq assosiativ saziş özülü yolunda fəaliyyət elə bir mərhələyə gəlib çatmışdı ki, Rusiyada bunun açıq şəkildə altı dövlətin ona qarşı qoyulması siyasəti və soyuq müharibə dövründə mövcud təsir dairəsinə bölmə, nüfuz zolağına cəlb etmə hərəkətləri olduğunu hesab etdilər. Yəni bu, təkcə iqtisadi xarakter daşımır, sərhədlər açılır, AB məhsulları qeyd olunan tərəfdaş ölkələrin içərisinə gəlir. Bu isə şübhəsiz ki, region ölkələrində məhsullarla rəqabət mühiti deməkdir və məsələnin kiçik bir ziyanı kimi götürülə bilərdi. Ancaq hərbi və təhlükəsizlik baxımından Moskvada hesab etdilər ki, bu, açıq-aşkar NATO infrastrukturunun bölgədə qərarlaşması və Putinin diliylə ifadə etsək, onun ən yaxın akvatoriyasında sərhədlərini örtməsi anlamına gəlir. Yəni əgər müxtəlif silahlar bu regionlardan hər hansı birinə yerləşirsə, onun radiusu bu bölgənin bir çox məkanını tutursa və Rusiya ərazilərini də əhatə edirsə, bu, artıq milli təhdid sayıla bilər. O üzdən 24 noyabr Brüssel sammiti özlüyündə mütərəqqi hadisədir”.

Millət vəkili bildirib ki, diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan prezidentinin bu səfərdə şəxsən iştirakı və bu görüşlərdən öncə NATO-nun rəhbər şəxsləri ilə aparılan danışıqlar və irəli sürülən mesajlar idi:

“AB Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı çıxardığı qərarlara hərbi cəhətdən NATO vasitəsilə zəmanət verildiyinə işarə etdi. Açıq desək, bu, özlüyündə çox əhəmiyyətli himayədarlıqdır. Halbuki 4 il əvvəl çox böyük səhvlərə yol vermişdilər. Ancaq indik reallıqda NATO və AB strateqləri daha ehtiyatlı tərpəndilər. Görünür, onlar bu əlaqələrdən narahat olan dairələrə çatdırırlar ki, əgər yenidən bu istiqamətdə addımlar atılarsa, o halda AB sadəcə iqtisadi oyunçu kimi qalmayacaq, onun arxasınca bu məsələlərə zəmanəti öz üzərinə götürən NATO hərəkətə keçəcək. Bununla da Şərq Tərəfdaşlığı sammitinin NATO-nun kölgəsində keçirildiyini demək olar. Ermənistan bu tədbirə xüsusi savaş niyyəti ilə qoşulsa da, reallıqda Serj Sərkisyan Prezident İlham Əliyevin Qarabağ məsələsini sammitə çıxaracağını, ərazi bütövlüyündə israr edəcəyini və bunun açıq-aşkar Brüsselin müəyyənləşdirdiyi strategiyanın gələcəyi demək olduğunu hesablaya bilirdi. Sammitin yekun bəyannaməsində ölkələrin ərazi bütövlüyünün və suverenliyinin xüsusi vurğulanması çox vacib məqamdır. Ermənistan bu sənədi imzalamaqla Azərbaycanın bütövlüyünü tanımış oldu. Siyasi və hüquqi cəhətdən nə qədər müxtəlif tutarqalar axtarsalar da, bu faktdır. Bu, regional və beynəlxalq siyasətdə Prezident İlham Əliyevin xarici hədəf və gələcək əlaqələrinin quruculuğu müstəvisində ikinci böyük qələbəsi sayıla bilər. Bu fonda Ermənistan Helsinki Yekun Aktında ifadə olunan ərazi bütövlüyü ilə paralel, müqəddaratı təyinetmə məsələsinə istinad etmək istəyəcək. Ancaq sizi əmin edirəm ki, Ermənistanda narazı dairələr Sərkisyanı linç etməyə çalışacaqlar. Çünki onlara görə, Sərkisyan artıq siyasi cəhətdən İlham Əliyevə uduzub və bu, açıq şəkildə Qarabağdan əlini götürmək deməkdir. Artıq Avropa Birliyinin qəbul etdiyi müddəalardan geri durmaq qeyri-mümkündür, çünki onlar hər dəfə Ermənistanın Azərbaycanın bütövlüyünü tanıdığını sübut edən bu sənədi və 28+6 formatının mövcudluğunu ortalığa qoyacaqlar. İstisnasız olaraq 28 dövlətin heç biri Qarabağın tanınması hərəkatına qoşula bilməz. Baxmayaraq ki, onların bəziləri çoxtərəfli oyunlar da aparırlar. Hesab edirəm ki, bu sammit Azərbaycanın xarici siyasət maraqları baxımıdan önəmli oldu: xüsusilə də Brüsseldə ölkəmizin Qərblə münasibətlərinin davamlılığında ardıcıl bir xətt yürütdüyümüzü göstərməyə çalışmışıq. Bununla da Azərbaycanın Qərbdən qopması ilə bağlı qənaətlər aradan qalxmış oldu. Çünki iqtisadi tərəfdaş olduğun tərəflə siyasi və təhlükəsizlik, həmçinin müxtəlif digər sahələrdə də əlaqələrini qurmalısan. Başqa halda siyasət ayaqda qala bilməz. Ümidvaram ki, sammitdə qəbul edilən razılaşmların işə düşməsi yaxın zamanlarda Azərbaycan üçün mühüm faydalarını verəcək”.

Qeyd edək ki, noyabrın 25-də Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçirilib. Sammitin yekununda qəbul edilən Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib.
Tarix: 26-11-2017, 10:34
Xəbəri paylaş





Xəbər lenti