Yaqlanddan Moskvaya “quyruq”, Bakıya “yumruq”...

Yaqlanddan Moskvaya “quyruq”, Bakıya “yumruq”... Avropadan “ikili standart” mehi; Azərbaycanla ultimativ dildə danışan Avropa Şurası baş katibinin Kremlə qəfil reveransının səbəbi; Krıma görə Rusiyaya tətbiq edilən sanksiyalar götürülə bilər; Bakı üçün kritik gün ərəfəsində təzadlı gəlişmə...

Avropa Şurası (AŞ) Rusiya əleyhinə sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirir. Musavat.com-un məlumatına görə, bunu xarici mətbuata müsahibəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib. Onun sözlərinə görə, qurum belə bir qərarı Rusiyanın təşkilatdan çıxmaq ehtimalı ilə əlaqələndirib.


Baş katibin fikrincə, belə şey baş verərsə, o zaman bütün dünyada insan haqlarının qorunmasına zərbə dəyə bilər. “Rusiya qurumdan çıxsa, həqiqətən çox pis vəziyyət olar. Bu, Avropa üçün neqativ hadisə olar. Çünki onda Avropa Rusiyasız olacaq. Bu da Avropa üçün geriyə böyük bir addım deməkdir”, - deyə o qeyd edib. Yaqland onu da bildirib ki, bu halda 140 milyon rusiyalı Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququnu itirmiş olacaq.

Xatırladaq ki, iyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin AŞ PA-dakı səlahiyyətləri bərpa edilməyincə 2017-ci il üçün təşkilata üzvlük haqqının dondurulacağı haqda xəbərdarlıq edib. Rusiya bu səlahiyyətlərdən 2013-cü ildə Krımı özünə zorla birləşdirdikdən sonra məhrum olub.



Öz növbəsində Ukrayna və onun tərəfdarları xəbərdarlıq ediblər ki, Rusiyanın qeyd-şərtsiz təşkilata qaytarılması Moskvaya qurumu şantaj eləmək imkanı yaradacaq, hətta zəncirvari reaksiya kimi Avropa Birliyinin (AB) də Kremlə qarşı maliyyə-iqtisadi sanksiyaların ləğvinə gətirə bilər - hansı sanksiyalar ki, 2013-cü ildən qüvvədədir və ABŞ da onlara qoşulub.

*****

Maraqlıdır ki, Krımın ilhaqına görə haqlı sanksiyalara tuş gələn Rusiya barədə narahatlıq keçirən baş katib T. Yaqlandı nədənsə Azərbaycana gələndə 10 milyonluq əhalinin Avropa Məhkəməsinə müraciət imkanından məhrum ola biləcəyi bir elə maraqlandırmır.

Yeri gəlmişkən, sabah - noyabrın 29-da onun Azərbaycanla bağlı ultimatumunun vaxtı bitir. Söhbət həbsdə olan REAL sədri İlqar Məmmədovla bağlı Bakıya ayrılan vaxtdan gedir. Məlum olduğu kimi, baş katib Yaqland Avropa İnsan Haqları Məhkəməsinin icra edilməyən qərarları ilə bağlı Azərbaycanın təşkilatdan çıxarılması kimi sərt qərarın verilə biləcəyini də mümkün sayıb.

Göründüyü kimi, Avropa Şurasının baş katibi faktiki ayrı-seçkilik edir, “ikili standart” yanaşması sərgiləyir. Obrazlı ifadə eləsək, Rusiyaya ürəyi yanıb ona “quyruq” göstərən, onun qayğısını çəkən Yaqland Azərbaycana gələndə nədənsə sərt sifətini büruzə verir, “yumruq” göstərir. “İkili standart” da, zatən, budur.



Biz hələ onu demirik ki, Avropa Şurası bir işğalçı dövlətə - Rusiyaya qarşı sanksiyalar tətbiq elədiyi halda, digər işğalçı ölkəyə - Ermənistana qarşı eyni cəza tədbirinə əl atmaq istəmir. Şübhəsiz ki, Avropa Şurasının bir üzv dövlətinin başqa bir üzv dövlətin ərazisinin 20%-ni illərdir cəzasız şəkildə işğal altında saxlaması böyük nonsensdir. Eyni zamanda bir nəfərin (İlqar Məmmədovun) insan haqları ilə müqayisədə qat-qat ağır bir durumdur.

Həm də o səbəbə ki, nəticə etibarilə 1 milyona yaxın insan elementar haqlarından, o sırada öz doğma ocağında yaşamaq, işləmək haqqından məhrum edilib. Daha betəri, azərbaycanlı yaşayış məskənləri etnik təmizləmələrə məruz qalıb. Amma Ermənistana qarşı indiyədək heç bir sanksiya tətbiq edilməyib. Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyaya qarşı eyni hərəkətə görə tətbiq edilən sanksiyaları isə götürmək istəyirlər.

O zaman kim zəmanət verə bilər ki, cəzasızlığına arxayın olan Rusiya sabah başqa postsovet ölkəsinin də (məsələn, Qazaxıstan) ərazisizinin bir qismini ilhaq etməyəcək? Yəni Krım, Donbas son olmaya bilər. Çünki pis nümunə yoluxucu olur. Demək, bu, təkcə Rusiyanı deyil, elə Ermənistanı da işğala şirnikləndirmək anlamına gəlir.

*****


Əlbəttə ki, qeyd edilənlər heç də bir nəfərin (İlqar Məmmədovun və ya hansısa “x” şəxsin) haqqını tapdamağa əsas vermir. Fəqət, 1 milyon nəfərin insan haqqını görməyən şəxsin 1 nəfər haqda əndişə keçirməsi də səmimi görünmür. Səmimi ola bilməz.

Bəzi məlumatlara görə, T. Yaqlandın belə ikili yanaşmasının arxasında onun Rusiyaya və Rusiyanın hazırkı siyasi rəhbərliyinə gizli simpatiyası dayanır (Bu barədə “Yeni Müsavat” olaraq zamanında yazmışıq). Belədirsə, onda lap pis. O zaman cənab Yaqlandın təməl haqlardan danışmağa mənəvi haqqı çatmır. Niyə?

O səbəbə ki, rəğbət bəslədiyi Rusiya demokratik dövlət deyil. Əksinə, avroritarizmin hökm sürdüyü, siyasi və başqa haqların kobud surətdə tapdandığı, daima siyasi məhbusların olduğu dövlətdir. Hətta kriminal dövlətdir - müxalifətçi xadimlər Boris Nemtsovun qətlini, Aleksey Navalnının başına gətirilənlərəri yada salmaq yetər. Rusiyanın imperiyapərəst xarici siyasət kursu, Azərbaycan daxil, həmsərhəd ölkələrə yuxarıdan aşağı baxması da öz yerində.

Siyasət şöbəsi
Tarix: 28-11-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti