Politoloqlardan “Brüssel sammitindən Bakı, yoxsa İrəvan uduşla çıxdı” sualına maraqlı cavablar; “Ermənistan ikili oyun aparır”
“Brüssel sammitinin bəyannaməsində Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin ərazi bütövlüklərinin, müstəqilliklərinin və suverenliklərinin dəstəklənməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu fakt ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələlərdə digər Avropa təşkilatları üçün də mühüm hüquqi istinad mənbəyi rolunu oynayacaq”.Politoloq Elçin Mirzəbəyli Brüssel sammitinin nəticələrini “Yeni Müsavat”a şərh edərkən bunları söylədi. Qeyd edək ki, ötən həftə 6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avropa Birliyi arasında “Şərq Tərəfdaşlığı” Sammiti keçirildi. Sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı. Ermənistanın Brüsseldə saziş imzalamasından bəhs edən bəzi ekspertlər işğalçı ölkənin bununla önə keçə biləcəyini, üstəlik, blokadadan xilas olacağını düşünürlər. Ancaq əks arqumentlər söyləyib rəsmi Bakının Brüsseldə ərazi bütövlüyü ilə bağlı hədəflərinə çatdığını vurğulayırlar. Ancaq E.Mirzəbəyli əmindir ki, sammitin yekun bəyannaməsində «Şərq Tərəfdaşlığı» proqramına üzv ölkələrin ərazi bütövlüklərinin, müstəqilliklərinin və suverenliklərinin dəstəklənməsi faktı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində hüquqi müstəvidə Azərbaycanın mövqelərini möhkəmləndirəcək və Ermənistanın Helsinki Yekun Aktının prinsipləri ilə manipulyasiya etməsinə ciddi maneə yaradacaq: “Münaqişənin real həllinə gəldikdə isə burada məsələ bir qədər fərqli yanaşma tələb edir. Çünki Azərbaycan ərazilərinin hələ də işğal altında qalmasının və mövcud status-kvonun qorunmasının əsas səbəbkarı Rusiyadır. Əgər Rusiya beynəlxalq hüquq prinsiplərinə uyğun hərəkət edən, sivil, demokratik bir ölkə olsaydı, Brüssel bəyannaməsinin Moskvanın mövqeyinə də təsir göstərəcəyini düşünmək olardı. Amma təəssüf ki, belə deyil. Rusiya üçün beynəlxalq hüquq anlayışı yoxdur. Bu ölkə hətta beynəlxalq hüququn prinsipləri ilə sivil, diplomatik formada manipulyasiya etməyi də bacarmır. Etməyə cəhd göstərəndə də bunu kobud və qəzəbli formada həyata keçirir. Lakin bu, o demək deyil ki, Azərbaycan öz mövqelərinin möhkəmləndirilməsi üçün diplomatik səylərini davam etdirməməlidir. Əksinə, bu səylər daha intensiv şəkildə davam etdirilməlidir”.
Politoloq əmindir ki, bütün bu addımlar münaqişənin həlli ilə bağlı əlverişli şəraitin yaranacağı təqdirdə çox mühüm əhəmiyyətə malik hüquqi baza rolunu oynayacaq.Aİ ilə bağlanan müqavilədə 2022-ci ilə qədər İrəvana 116 milyon avro əvəzsiz yardımı, həmçinin nəqliyyat, siyasət, energetika, ekologiya ticarət və investisiya sahəsində əməkdaşlığı nəzərdə tutur. Ekspertə görə, Avropa İttifaqı ilə ikitərəfli sazişin Ermənistanı blokadadan çıxaracağı inandırıcı deyil: “Ermənistanın blokadadan çıxması üçün yeganə çıxış yolu bu ölkənin işğala son qoyması və Azərbaycanla, Türkiyə ilə münasibətlərini bərpa edərək regional layihələrə bu və ya digər şəkildə qatılmasıdır. Bununla yanaşı, Azərbaycanın da Avropa İttifaqı ilə danışıqları intensivləşdirməsinin və ikitərəfli sazişin tez bir zamanda imzalanmasının vacibliyini düşünürəm. Ermənistan Avropa İttifaqı ilə münasibətlərini Rusiyanın razılığı ilə inkişaf etdirir. Çünki işğalçı ölkənin beynəlxalq müstəvidə maddi dəstək əldə etməsi prinsip etibarilə Rusiyanın yükünü azaldır və Moskvanın öz aqressiv siyasətini davam etdirməsi üçün müəyyən imkanlar yaradır”.
E.Mirzəbəyli hesab edir ki, Ermənistanda bütün rıçaqları əlində saxlayan Kreml bu ölkənin onun nəzarətindən çıxmayacağına əmindir: “Rusiyanın hərbi-siyasi müttəfiqi, reallıqda isə forpostu olan Ermənistan Avropa İttifaqı ilə saziş imzaladıqdan sonra Azərbaycanın belə bir addım atmasına maneə yarada biləcək hər hansı problem də qalmır. Düşünürəm ki, Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək və prosesləri öz maraqları çərçivəsindən dəyərləndirməyə davam edəcək”.
Politoloq Arzu Nağıyev də bu fikirdədir ki, Avropa İttifaqının Brüssel zirvəsində ən önəmli məqam bütün dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyin dəstəklənməsi idi: “Məlumdur ki, Ermənistan bunu gözləmirdi, hətta Avropanın özündə də fikir müxtəlifliyi var idi. Azərbaycan tərəfinin əsas məqsədi BMT-nin qətnamələrinin icrası və ərazi bütövlüyümüz və işğal faktının tanınması idi. Təbii ki, bu, Ermənistanın mövqeyinə ziddir. Amma buna baxmayaraq, yekun bəyannamədə dövlətlərin ərazi bütövlüyü prinsipinin öz əksini tapması Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirilməlidir. Ermənistan tərəfi çox çalışırdı ki, həmin müddəalar bəyannaməyə salınmasın, çünki bu, onun məğlubiyyəti idi. Eyni zamanda Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən Avropanın firma və şirkətlərinə qarşı həyat keçiriləcək qadağaların bəyannamədə öz əksini tapması separatçı quruma və Ermənistanın özünə vurulan ən ağır zərbədir. Yəni Avropa Azərbaycan qanunlarına sayğı ilə yanaşır və Azərbaycanı dəstəkləyir. Təbii ki, bu, siyasi xadimlər və digər kontingentə də bir xəbərdarlıq kimi dəyərləndirilə bilər”.
İmzalanan sazişin Ermənistanı blokadadan çıxaracağı barədə fikirlərə gəldikdə, A.Nağıyev Rusiya amilinə diqqət çəkməyi vacib saydı: “Yəni məlumdur ki, Ermənistanın Avropa qurumlarında hər hansı bir yer alması Rusiyanı razı sala bilməz. Yəni məqsəd Ermənistanı blokadadan çıxarmaq yox, Rusiyadan aralanmasına imkan yaratmaqdır. Burda da əsas məqam iqtisadi deyil, siyasi rıçaqlardan istifadə etməkdir. Zənnimcə, Ermənistan da bunu başa düşür və ikili oyun aparır”.
Modern.az isə Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu saziş Yerevana Avrasiya İttifaqının tərkibində ola-ola Avropadan maliyyə yardımı almağa və qanunvericiliyini Avropa standartlarına uyğun etməyə imkan verəcək. İrəvandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan isə yeni çərçivə sazişini 2013-cü ildə Serj Sərkisyanın Moskvanın təzyiqi ilə imzalamaqdan imtina etdiyi assosiativ üzvlük müqaviləsinə yaxın olduğunu xatırladıb. Onun fikrincə, gömrük qanunvericiliyini və azad ticarət zonasını çıxmaq şərti ilə, razılaşma 2013-cü il sazişinə yaxındır. “Bu müqavilə kifayət qədər yaxşı hazırlanıb. Bəzi sahələrdə Avropa Birliyi bizə yalnız ekspert yaxud texniki deyil, maliyyə yardımı da göstərəcək. Bunun sayəsində biznes mühiti, sərhəd nəzarəti və s. yaxşılaşacaq”-ekspert əlavə edib.
Cavid TURAN
Tarix: 28-11-2017, 09:35