Fəzail Ağamalı: “Həmin qruplar Azərbaycanın NATO və Avropa Birliyi ilə münasibətlərinin inkişafını istəmirlər, məlum dinləməni onlar təşkil edib”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas 24 noyabr Brüssel sammitinin nəticələrini APA-ya şərh edərkən deyib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti çox uğurlu keçib. Səfirin sözlərinə görə, sammit çərçivəsində gündəlikdə olan məsələlər müzakirə edilib, gələcəyə dair mərhələlər müəyyənləşdirilib: “Sammitdə bütün tərəfdaş ölkələrin liderləri bir yerə toplanaraq indiyə qədər nail olunanları müzakirə etmək imkanı əldə etdilər. Geniş birgə bəyannamə qəbul edildi. Avropa İttifaqı ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalandı. Bu sənəd Avropa nəqliyyat şəbəkəsinə yeni relslər və yol dəhlizlərinin qoşulmasına kömək edəcək. Sammit çərçivəsində başqa sazişlər də imzalandı və düşünürəm ki, tərəflər çox razı qaldı”.
Səfir bildirib ki, sammit Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı işlərin intensivləşməsinə kömək edib: “Sammit gələcək əməkdaşlıq imkanları yaradır. Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişə dair danışıqlar yeni mərhələyə qədəm qoyacaq. Dəqiq tarix hələ məlum deyil”.
Bu arada məlum olub ki, 24 noyabrda keçirilən “Şərq Tərəfdaşlığı” sammitindən cəmi 4 gün sonra Brüsseldə Avropa Parlamenti komitəsində Azərbaycanla bağlı dinləmələr təşkil olunub. "Turan" agentliyinin xəbərinə görə, “Sloveniya və Azərbaycanda pulların yuyulması” adlı dinləmələrdə əsasən müzakirələr avropalı siyasətçilərin və müxtəlif sahələri təmsil edən xadimlərin Azərbaycan hökuməti tərəfindən ələ alınması barədə olub. OCCRP araşdırmaçı jurnalist qrupunun nümayəndəsi dinləmələrdə Azərbaycandan pul alanların hamısının adlarının açıqlanmadığını, gələcəkdə açıqlanacağını deyib. Avropalı deputatlar bu cür halların qarşısının alınması üçün avropalı məmurların məsuliyyətinin artırılmasının vacibliyini bildiriblər.
Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın NATO və Avropa Birliyi ilə münasibətlərinin inkişafı ölkəmizi istəməyən dairələri hərəkətə keçirib. Bu cür qondarma dinləmələri də həmin dairələr təşkil edir: “Avropa Parlamenti komitəsinin Azərbaycana münasibəti bəllidir. O, hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib və bu mövqe Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə öz əksini tapıb. Doğrudan da bir neçə gün öncə Azərbaycan prezidentinin Brüsselə səfəri, orada NATO-nun zirvə toplantısında, Avropa Birliyinin ”Şərq Tərəfdaşlığı" sammitində iştirakı, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin inkişafına hədəflənən proses, fikir mübadiləsi, qarşılıqlı anlaşmanın müşahidə olunması, görünür, Azərbaycanı istəməyən bəzi dairələrdə narahatlıq yaradıb. Həmin dairələr Azərbaycanın NATO və Avropa Birliyi ilə münasibətlərinin inkişafını istəmirlər, həmişə münasibətləri gərginləşdirməyə çalışırlar.
Avropa Birliyinin 24 noyabrda keçirilən sammitinin qəbul etdiyi bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün təsbit edilməsi də həmin dairələri, həmin dairələri mayalandıran erməni lobbisini narahat edib. Ona görə də Azərbaycana qarşı dərhal bir dinləmə qondarıblar. Azərbaycanı istəməyən qüvvələr, xüsusi olaraq ermənilər, Ermənistanı dəstəkləyən lobbi qrupları hərəkətə keçib. Dinləmə adı ilə qondardıqları müzakirələri də onlar təşkil ediblər. Onların məqsədi Azərbaycanı ləkələmək, Azərbaycana Avropa Birliyinin, digər beynəlxalq təşkilatların, dövlətlərin münasibətini mənfi istiqamətə yönəltmək, münasibətlərimizi gərginləşdirməkdir".
Deputatın dediyinə görə, ola bilsin bir qədər sonra həmin anti-Azərbaycan dairələr Azərbaycanda kimi isə tapıb onun hüquqlarının müdafiəsi ilə bağlı da bəyanatlarla, hesabatlarla çıxış edəcəklər: “Bütün bunlar həm də Azərbaycanın beynəlxalq aləmdə Ermənistana qarşı qazanmış olduğu diplomatik uğurları önləmək, onun təsirini azaltmaq kimi niyyətlərə xidmət edir. Lakin bu niyyətlər nəticə verməyəcək”.
Etibar SEYİDAĞA
Tarix: 30-11-2017, 09:07