Türküstan böhranı: ABŞ Rusiyaya qarşı yeni cəbhə açır?
Tramp adminstrasiyası dövründə ABŞ-ın Mərkəzi Asiyaya qayıdacağını düşünmürəm.
Bunu Axar.az-a açıqlamasında Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbər Avropa Parlamentinin ABŞ-ın Mərkəzi Asiyada mövqelərinin zəifləməsi ilə bağlı hesabatına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, hazırda Trampın komandasında Rusiya ilə bağlı münasibətlərdə ciddi fikir ayrılığı mövcuddur:
“Buna görə də Trampın hakimiyyətdə olduğu müddət və ya bu siyasətinə davam etdiyi dövr ərzində ABŞ-ın Rusiyayla, özəlliklə də postsovet məkanında qarşıdurmaya gedəcəyini düşünmürəm. Ola bilsin ki, Trampdan sonrakı dövrdə bu, mümkün olsun. İndiki halda isə postsovet məkanında ABŞ-ın hələlik Ukrayna istiqamətində aktiv siyasət apardığı görünür, amma Ukrayna xaric digər istiqamətlərdə, xüsusən Mərkəzi Asiyada ABŞ-ın aktivliyi müşahidə edilmir. Düzdür, Əfqanıstan əməliyyatlarına bir qədər diqqət artırılıb, bu da ABŞ-ın Əfqanıstanda aktiv siyasət aparması ilə bağlı deyil. Bu, sadəcə olaraq burada Rusiya ilə Pakistanın, eləcə də Talibanın aktivləşməsi ilə bağlıdır. Yenə də qeyd edirəm ki, Tramp dönəmində ABŞ-ın postsovet məkanında Rusiyayla yeni gərginlik ocağı yaradacağını və Mərkəzi Asiyada aktiv siyasət aparacağını düşünmürəm”.
Qeyd edək ki, Avropa Parlamenti Rusiyanın Mərkəzi Asiyada mövqelərini gücləndirməsiylə bağlı hesabat yayıb. Hesabatda Amerikanın bu regionda mövqelərinin zəifləməsinə əsas səbəb kimi onun Əfqanıstandakı əməliyyatlarının intensivliyinin azalması göstərilib. AP həmçinin ABŞ-ın Əfqanıstana Rusiya üzərindən silah tranziti imkanlarını itirdiyini də bildirib.
Tarix: 1-12-2017, 09:39