Türkiyə xarici işlər naziri Minsk Qrupu həmsədrləri ilə bir araya gələndən sonra Bakıya səfər etdi; Ermənistanın Qarabağdakı hərbi təlimlərinə Türkiyə ordusundan Ağrı cavabı; ekspertlər son durumu şərh edirlər...
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü təkcə Azərbaycanda deyil, Ermənistanda da maraq doğurub. İşğalçı ölkənin mediası Türkiyə XİN başçısının həmsədrlərlə görüşdən bir neçə saat sonra Bakıya gəlməsini də xüsusi vurğulayıblar.Düzdür, M.Çavuşoğlu Bakıya “Asiyanın Qəlbi” - İstanbul prosesi və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransında iştirak üçün gəlib. Lakin istənilən halda, onun məhz bu ərəfədə Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul etməsi təsadüfi ola bilməz. Üstəlik, Azərbaycanla yüksək səviyyəli münasibətlərdə olan Pakistanın xarici işlər nazirinin də sözügedən konfransda iştirak üçün paytaxtımıza gəlməsi işğalçı ölkədə əlavə həyəcan doğurub. Pakistan o ölkələrdəndir ki, bu günə qədər Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edib və Qarabağın işğaldan azad olunması naminə Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu daim bəyan edir. Bu mənada Bakıda keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə Qarabağ məsələsinin də diqqət mərkəzində olacağına əvvəlcədən kimsə şübhə edə bilməzdi.
Bu mənada ermənilərin narahatlığı anlaşılandır. Elə üçtərəfli tədbirin yekununda qəbul olunan bəyannamə də dediklərimizi təsdiqləyir. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən ilk üçtərəfli görüşündə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan edib, öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayıblar (APA). Nazirlər ölkələrinin yerləşdiyi müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınayıb, bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiklərini vurğulayıblar.
Yeri gəlmişkən, Pakistan-Azərbaycan münasibətlərinə “cavab” olaraq Hindistanla əlaqələr qurmağa cəhd edən Ermənistanı narahat edən daha bir rəsmi səfər reallaşıb. Belə ki, Pakistanın XİN başçısı ölkəmizdə olduğu bu günlərdə Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyəti Bakıda yüksək səviyyədə qəbul olunub, görüşlərdə münasibətlərin daha da inkişaf etdirilməsi zərurətindən bəhs olunub.
Bütün bunlar isə Ermənistanın narahatlığını artıran faktorlardır. “Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim” - Çavuşoğlu şəxsi twitter səhifəsində yazıb. Türkiyəli nazir görüşün detalları haqda əlavə heç nə yazmayıb. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ayda Rusiya prezidenti V.Putinlə iki dəfə bir araya gəlməsi, bu görüşlərdə Qarabağ məsələsinə də yer ayrıldığını deməsi və Türkiyənin məsələyə həssas yanaşdığını söyləməsi Ankaradakı görüşün məram-məqsədinə işıq salır.
Qərbi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında Türkiyə görüşünün önəmindən bəhs etdi. “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşdü. Türkiyə Minsk Qrupunun üzvüdür. Ona görə də Türkiyə xarici işlər nazirinin həmsədrlərlə görüşü anlaşılandır. Sadəcə, Minsk Qrupunun başqa üzvləri də var və həmin ölkələrin rəsmiləri həmsədrlərlə görüşlərə maraq göstərmirlər. Türkiyə isə vasitəçilik təşəbbüslərində fəallığını getdikcə artırır”.
Bəs Türkiyənin xarici işlər nazirinin həmsədrlərlə son görüşü nə deməkdir? E.Şahinoğlu: “Birincisi, bununla Ankara demək istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin uzanmasından və Azərbaycan torpaqlarının işğal altında qalmasından narazıdır. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son görüşlərində Qarabağ mövzusunu da gündəmə gətirir. Doğrudur, nəticə yoxdur, ancaq bütün hallarda bu Ankaranın fəallığını artırmasına işarədir. İkincisi, Mövlud Çavuşoğlu həmsədrlərlə görüşməklə hamıya mesaj göndərir ki, Türkiyənin Cənubi Qafqazda maraqları Rusiyanın maraqlarından az deyil. Bölgənin enerji resursları və boru xətləri Türkiyəyə uzanır. Demək, Ankaranın fəallığı tək elə bu səbəbdən də anlaşılandır. Əsas sual budur: Kreml Ankaranın Qarabağ münaqişəsinin həllindəki artan fəallığına mane olmayacaq ki? Türkiyə xarici işlər nazirinin həmsədrlərlə görüşü rəsmi İrəvanın narazılığına səbəb olacaq. İrəvan hər şeyi edəcək ki, Türkiyə danışıqlar prosesində vasitəçi olmasın. Əslində Kremldən də Ankaranın fəallığına müsbət reaksiya yoxdur. Məsələn, Rəcəb Tayyib Ərdoğan bir neçə günün içində eyni fikri iki dəfə təkrarladı: ”Dağlıq Qarabağ münaqişəsinin həlli Putindən asılıdır". Türkiyə prezidenti haqlıdır. Münaqişənin həlli Rusiya prezidenti Vladimir Putinin əlindədir. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, Ermənistan tamamən Rusiyadan asılıdır və işğalçı dövlət Kremlı sahibinin əmr və tapşırıqlarını yerinə yetirmək məcburiyyətindədir. İkinci səbəb Putinin Rusiyada reytinqinin yüksək olmasıdır. O, Ermənistanı Azərbaycanla sülhə məcbur etsə, Rusiyada əksəriyyət buna mane ola bilməyəcək. Sadəcə, Kreml sahibi əlində olan bu imkandan Azərbaycanın xeyrinə istifadə etmək istəmir. Əlbəttə, Putin Ərdoğanın Qarabağla bağlı təkliflərini dinləyəcək, ancaq həmin təkliflərin reallaşması üçün heç nə etməyəcək".
Maraqlıdır, Ankarada görüş günü Türkiyə ordusu Ermənistanla sərhəddə, Ağrı bölgəsində PKK əleyhinə əməliyyatlar keçirdi. PKK-nın Ermənistana, oradan da Qarabağa sızması barədə xəbərlərin fonunda bu əməliyyat xeyli maraq doğurur. Ancaq eyni gündə Ermənistan ordusu da işğal altındakı torpaqlarımızda növbəti təlimini reallaşdırdı. E.Şahinoğlunun fikrincə, Ankaranın Ermənistan hakimiyyətinə mesaj verdiyini söyləmək olar: “Deyilə bilər ki, sən Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlər keçirməklə Azərbaycanın əsəbləri ilə oynayırsansa, biz də sərhəddə hərbi əməliyyatlar keçirməklə sənin rahatlığını pozacağıq”.
Bununla belə, politoloq Türkiyədəki təmasların gərginliyin səngidilməsinə yönəldiyini də zənn edir: “Bir növ Ankaranı sakitləşdirmək istəyirlər. Sadəcə, gərək Ankara ancaq məsləhətləşmələrlə kifayətlənməsin, fəallığını artırsın”.
Bu arada məlum olub ki, Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə görüşəcəklər. “Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib. Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib. “Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, görüşün ATƏT xarici işlər nazirləri şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir. Deməli, Ankara ilə məsləhətləşmələr elə Vyana görüşü üçün də lazım imiş.
“Həmsədrlərin Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşü Ankaranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki rolunun qəbul edilməsi barədə daha öncə söylədiyim fikirləri bir daha təsdiqləyir”. Bunu isə qəzetimizə politoloq Elçin Mirzəbəyli söylədi. Onun fikrincə, Türkiyənin prosesdə aktiv yer alması vacib amildir və Ankara ilə Bakının mühüm uğuru kimi qiymətləndirilməlidir. E.Mirzəbəyli düşünür ki, həmsədrlərin Ankaraya səfəri və Mövlud Çavuşoğlu ilə görüşləri müstəvisində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İrəvanda səsləndirdiyi bəyanatlar da diqqətə alınmalıdır: “Xatırlatmaq istəyirəm ki, dekabrın 1-də Zərif Bakıya səfər edəcək. Azərbaycana səfər öncəsi iranlı nazirin İrəvanda Ermənistanın ünvanına tərif yağdırması Tehran rejiminin Bakı-Ankara əməkdaşlığına və Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsinə ənənəvi qısqanc münasibətindən irəli gəlir. Tehran Türkiyə-Rusiya münasibətlərinin inkişafına da eyni qısqanclıqla yanaşır. Sadəcə, İraq və Suriyada cərəyan edən proseslər kontekstində hər iki ölkə ilə əlaqələrini normal məcrada saxlamaq üçün bunu daha qabarıq şəkildə nümayiş etdirmir”.
Politoloq hesab edir ki, Zərifin İrəvana səfəri və Bakıya gəlişi öncəsi İranın Ermənistanla bağlı sərgilədiyi mövqeyə ən tutarlı cavab Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatının ortaya qoyulmasıdır: “Pakistan və Türkiyənin Ermənistanla diplomatik əlaqələri yoxdur. Pakistan, ümumiyyətlə, Ermənistanı bir dövlət kimi tanımır. Ankara və İslamabadın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı nümayiş etdirdikləri mövqe əslində rəsmi Tehran üçün həm İslam həmrəyliyi, həm beynəlxalq hüquq normaları, həm də, sadəcə, insanlıq baxımından nümunə olmalıdır. Əks təqdirdə, İranın saxta İslam həmrəyliyi bu ölkənin İslam dünyasından da ”sürgün" edilməsinə zəmin yaradacaq".
Yeri gəlmişkən, Ermənistana daha bir zərbə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıda vurulub. Kiyevdə keçirilən 50-ci Baş Assambleyanın iclasında təşkilatçı Ukrayna tərəfi Rusiya nümayəndə heyətini tədbirə dəvət etməyib. Öz növbəsində, Ermənistan nümayəndə heyəti assambleyanın iclasını boykot edib. Bu cür addımın atılmasına səbəb kimi Ukraynanın yekun bəyannaməsinə təklif etdiyi düzəlişlərin müzakirəsi olub. Bəyannamədə deyilir: “QDİƏT dövlətlərinin BMT, ATƏT, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası üçün səy göstərilməlidir”. Ukraynanın təklif etdiyi düzəliş təşkilata daxil olan əksər milli nümayəndə heyətləri tərəfindən qəbul edilib. Bəyannamə Ermənistanda hiddətlə qarşılanıb. Ölkədə QDİƏT-dən çıxmaq məsələsi gündəmə gətirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti aktiv iştirak edib. Azərbaycanın aldığı dəstək fonunda Ermənistanın Minskdə keçirilən KTMT-nin toplantısında Qarabağla bağlı sənəd təqdim etməsi və üzvlərin dəstəyini almaq cəhdi çıxılmazlıq sindromu kimi qiymətləndirilə bilər.
Elşad PAŞASOY
Tarix: 1-12-2017, 09:41