"Zərrab ssenarisi" və Ərdoğanı yıxmaq üçün siqnal gözləyən iki məşhur

"Zərrab ssenarisi" və Ərdoğanı yıxmaq üçün siqnal gözləyən iki məşhur
Bu, Ərdoğana qarşı beynəlxalq sui-qəsd planı kimi də təqdim oluna bilər
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozması səbəbindən haqqında istintaq gedən Rza Zərrabın Nyu-Yorkda keçirilən məhkəməsində ilk dəfə olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı çəkilib. Sanksiyalar səbəbilə İranın beynəlxalq aləmdən təcrid olunmaması üçün Türkiyə dövləti ilə yaxından çalışdığını etiraf edən Zərrab bu işdə prezident Ərdoğanın da dəstəyi olduğunu söyləyib.


"2012-ci ildə dövrün baş naziri Ərdoğan və xəzinədən məsul nazir Əli Babacan türk banklarına İranla qızıl ticarəti başlatmaq barədə təlimat verdi. Baş nazirin göstərişi ilə bağlı xəbəri mənə Əli bəy çatdırdı. "Halk Bank"-dan başqa "Ziraat" və "Vakıfbank" da İrana qarşı beynəlxalq sanksiyaların pozulmasında iştirak etdi" — Rza Zərrab bildirib.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda davam edən məhkəmə işinə münasibət bildirib. "Deyirlər ki, biz Amerikanın İrana qarşı sanksiyalarını pozmuşuq. Biz o sanksiyalara nə vaxt qoşulduq ki, hələ bir pozaq da?! Dünya təkcə ABŞ-dan ibarət deyil. Bizim İranla ticari və enerji əlaqələrimiz var. Nyu-York məhkəməsindən nə qərar çıxırsa çıxsın, ölkəmizi maraqlandırmır" — prezident vurğulayıb.

Beləliklə, "Rza Zərrab qalmaqalı" dünya mediasının əsas xəbərləri sırasındadır. Nədir bu iş adamını bu qədər cəlbedici edən? Bu suala cavab vermək üçün bir qədər keçmişə qayıtmaq lazım gəlir.

Xatırladaq ki, Rza Zərrab ilk dəfə 2013-ci ildə Türkiyə hüquq mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Zərrab "Halk bank" vasitəsilə Çin və Türkiyə şirkətləri arasında vasitəçilikdə və əldə olunan vasaitə İrana qızıl alıb göndərməkdə ittiham edilirdi. Lakin Zərrab hakimiyyət dairələrində olan himayədarlarının dəstəyi ilə azad edildi.

Bir iş adamı kimi Zərrabı daha çox 2012-ci ildən tanımağa başladılar. O, qızıl və valyuta saxtakarlığına başlamazdan əvvəl qanuni valyuta əməliyyatları ilə məşğul idi. Zərrab daha çox "qara pulların yuyulması" istiqamətində əsas fiqur kimi tanınırdı.


2008-ci ildən 2011-ci ilə qədər Zərrabın adı Rusiya mətbuatında hallanmağa başladı. Hər kəsə bəlli idi ki, Zərrab İranın "qara pulları"nı "yumaq"la məşğuldur. Lakin hər dəfə "gizli əl" onu edam kötüyündən xilas edirdi.

2016-cı ilin mart ayında qalmaqallı iş adamı yenidən ABŞ-da həbs edildi. ABŞ Ədliyyə Nazirliyi Rza Zərrabı 2010-2015-ci illərdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda və qanunsuz maliyyə əməliyyatlarını təşkil etməkdə ittiham etdi. Zərrabdan başqa, Türkiyənin keçmiş iqtisadiyyat naziri Çağlayan və digər yetkili şəxslərin də adları bu "qara" işlərdə hallanmağa başladı.

Burada bir nüansa diqqət yetirək. Türkiyə İrandan neft almağa razılaşmışdı. Lakin bunun türk lirəsi ilə həyata keçiriləciyini də bəyan etmişdi. Təbii ki, İrana Vaşinqtonun nəzarətində olan dollar lazım idi və türk lirəsində ticarət Tehrana sərf etmirdi.

Bu məsələdə İran Zərrab vasitəsilə lirəni dollara və avroya çevirməyi planlaşdırırdı və iş adamı da, dediyi kimi, hakimiyyətdə olan bəzi məmurlara rüşvət verməklə elə Türkiyədə lirəni dollara və qızıla çevirə və İrana göndərə bilmişdi.

Sahibi olduğu "Safir Altın LTD"-nin vasitəsilə ucuz qiymətə əldə etdikləri avroya Türkiyədə qızıl satın alaraq sonradan İrana göndərən Zərrab qızılı yalnız İrana deyil, Birləşmiş Ərəb Əmirliklərinə, Dubaya da daşıyırdı. Bu pulları Zərrab güclü dəstək olmadan ölkədən çıxara bilməzdi və odur ki, onun ifadələrinin zəlzələ effekti yarada biləcəyini də ehtimal edə bilərik.

Artıq Zərrab məhkəmədə müttəhim kimi deyil, şahid kimi ifadə verəcək. Yəqin ki, Rza Zərrab məhkəmədə Vaşinqtona sərf edən ifadələr verəcək. Onun "ötəcəyi" öncədən bəlli idi.

Zərrab xilas olmaq üçün Türkiyənin əleyhinə ciddi ifadələr verə bilər. Söhbət dəyəri milyonlarla dollar həcmində ölçülən qalmaqallı layihələrdən gedir. Əslində, Zərrabın ifadələri yalnız Ankaraya qarşı yönəlməyəcək, dünyanın bir çox ölkələrinin hakimiyyətlərinin "çirkli pullar"ın yuyulmasında iştirakı tamamilə yeni ssenarinin işə düşməsindən xəbər verir.

Daha çox hədəf isə Türkiyə seçilib. Türkiyənin ən iri 6 bankı iflas həddinə çata bilər. Türkiyə ilə İran arasında 2014-cü ildə aparılan qızıl ticarəti, Türkiyənin "Ziraat Bankı"nın Nyu-York şöbəsinin bağlanması, digər 2 bankın cəza alması Türkiyəyə bir neçə milyard dollar ziyan vurdu.

"Zərrab qalmaqalı" nəticəsində Türkiyənin daha 6 bankı 24 milyard dollar ziyan çəkə bilər və bu, Ankaranın yenidən "borc dilənməsinə" hesablanıb. Bir sözlə, Türkiyənin iqtisadi baxımdan çökdürülmə planı göz önündədir. İqtisadi xaos, kürd terroru Ərdoğana Rusiyaya sığınmaqdan başqa yol qoymur və Vaşinqton gedişlərini elə buna hesablayıb.

Vaşinqton və Moskvaya uzunmüddətli "soyuq savaş" sərf etmir. Dünyanın iki supergücü bir çox məsələlərdə ortaq fikrə gələ bilər. Lakin Türkiyənin regional gücə çevrilməsi nə Moskvaya, nə də Vaşinqtona sərf edir.

Bu baxımdan, "Zərrab məsələsi" Ərdoğana qarşı beynəlxalq sui-qəsd kimi də təqdim oluna bilər. İndi belə bir sual öz cavabını gözləyir: "Zərrab bazarlığı"nda Moskva indiyə qədər digər məsələlərdə olduğu kimi Ərdoğanın çiyninə qoyduğu əli götürə bilərmi və bu məsələdə ABŞ və Rusiyanın razılaşdırmaq istədikləri məsələ nədən ibarətdir?

Hər iki ölkə Ankaranın Qarabağ münaqişəsindəki rolunun miniuma endirilməsinin tərəfdarıdır. Heç də təsadüfi deyil ki, Ərdoğan bu günlərdə "Qarabağ münaqişəsinin həllində açarın Kremldə olduğunu" bəyan etmişdi. İlk baxışdan bəsit görünsə də, Zərrab qalmaqalı Ərdoğanın Qarabağdan imtinası ilə də sonuclana bilər. Bu, ən arzuolunmaz ssenari olardı.

Türkiyədə hazırda iqtisadi vəziyyət xeyli dərəcədə ağırlaşıb. Məmurların maaaşlarının ödənməsində yaranan problemlər hakimiyyətin parçalanması təhlükəsi yaradır. Bu arada hakim partiyanın ofşor zonalarda mülklər alması iddiaları da səslənir. ABŞ topla irəliləyir və sabiq futbolçu olan Ərdoğanın qapısına hələ ki cavabsız qollar vurur.

Bu arada, Abdullah Gül və Əhməd Davudoğlu okeanın o tayından gələcək siqnalı gözləyirlər. FETÖ və Vaşinqtonun dəstəyi ilə Ərdoğan elektoratını parçalamağa ən münasib namizədlər məhz bu şəxslər hesab edilir. Eyni elektoratda yeni bir partiyanın qurulacağı da istisna edilmir.

Burada bəzi məqamlara toxunmaq lazım gəlir. YPG ABŞ-dan 3 min TIR dolu silah alıb və deməli, bu silahlar nə vaxtsa işə düşə bilər. Türkiyə yeni sınaqlarla üz-üzədir. Digər tərəfdən, Yaxın Şərqdə məğlub olan İŞİD, bu dəfə Türkiyədə peyda ola bilər. Bu isə ölkənin Suriyaya çevrilə bilmə hədəsidir. Bir sözlə, Vaşinqton yeni irimiqyaslı oyuna başlayır və bu dəfə qardaş Türkiyə qan çanağına çevrilə bilər…(Sputnik)


Tarix: 2-12-2017, 09:28
Xəbəri paylaş





Xəbər lenti