Azərbaycan mühüm siyasətin mərkəzində - GƏLİŞMƏ

Azərbaycan mühüm siyasətin mərkəzində - GƏLİŞMƏ Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün başçılıq elədiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətini artıq müdafiə naziri Zakir Həsənov qəbul edib. Görüş zamanı iki qardaş dövlət arasında hərbi-texniki və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Söhbət həm də Azərbaycan ordusunun döyüş hazırlığını daha da artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, ortaq hərbi təlimlərin sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün mühüm önəm kəsb edir.

Təsadüfi deyil ki, dünən müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrıca görüşüb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Türkiyəli qonaqlar Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Hərbi təhlükəsizlik məsələsinə görə bu bazaların harda yerləşdirildiyi deyilməsə də, onlardan bəzilərinin cəbhə bölgəsində, Qarabağın coğrafi ərazisində yerləşməsi istisna deyil. Ən əsası odur ki, türk generallar üçün Azərbaycan artıq ikinci Vətən statusundadır. Buna onların Dağlıq Qarabağ mövzusunda vaxtaşırı verdikləri bəyanatlar şübhə yeri saxlamır.

Az öncə isə Türkiyənin müdafiə nazir Nurəddin Canikli Bakıda işğalçı Ermənistanı nəzərdə tutaraq bildirmişdi ki, “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir”. Sitat: “Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”.

*****

Bakıdakı görüş və tədbirlərə gəlincə, diqqətçəkicidir ki, son günlər, ümumiyyətlə, Qarabağa məsələsinə birbaşa dəxli olan və Azərbaycanın episentrdə olduğu bir neçə mühüm hadisə baş verməkdədir. Elə Türkiyə ordu generalının Bakıda olduğu günlərdə Azərbaycan paytaxtında ilk dəfə üç qardaş məmləkət - Türkiyə, Pakistan və Azərbaycanın xarici işlər nazirlərinin sammiti keçirildi. Həmin sammiti çərçivəsində üçtərəfli əməkdaşlığı, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyin yeni “Yol xəritəsi” cızıldı, ortaq bəyanat qəbul edildi - hansı sənəddə ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı qabarıq şəkildə təsbit edilib.

Daha vacibi, üçlü sammit çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan arasında ortaq hərbi müəssisələrin yaradılması haqda ilkin razılıq əldə edildi. Bu isə ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycanın hərbi və döyüş hazırlığı üçün az əhəmiyyət kəsb eləmir. Türkiyə və Pakistan dövlətləri bu sammitlə bir daha Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə ölkəmizin yanında olduğunu nümayiş etdirdi.

Bu kimi gəlişmələr, Bakıda reallaşan beynəlxalq tədbirlər, o sırada türk ordu generalının hərbi hava qüvvələrinin bazasına baş çəkməsi sözsüz ki, öncə işğalçı Ermənistana aydın bir ismarışdır. Təbii ki, davamı da gələcək. Bu gün türk generalı Qarabağ münaqişəsi zonasına, hərbi bazalarımıza sərbəst şəkildə baş çəkirsə, günün birində Azərbaycanda, Naxçıvanda erməniyə göz dağı olacaq və çəkindirici təsir edəcək Türkiyə hərbi bazalarının yerləşdirilməsinin də şahidi olacağıq.

Bu, Azərbaycanın təbii haqqıdır. Çünki beynəlxalq hüquqa görə, Bakı məruz qaldığı təcavüzə qarşı istənilən üsulla mübarizə aparmaq, öz ərazi bütövlüyünü bərpa etmək haqqına sahibdir. NATO üzvü Türkiyənin Azərbaycanda hərbi baza qurmasının mümkünsüzlüyünə gəlincə, əgər qardaş ölkə Alyans üzvü olmayan Qətərdə belə bazalar saxlayırsa, demək, Azərbaycanda da mümkündür. Üstəlik, Qars müqaviləsi var - hansı ki, qardaş ölkəyə belə imkanı tanıyır.

Naxçıvanın Türkiyə hesabına təhlükəsizliyinin daha yüksək səviyyəyə qaldırılması isə mümkün Qarabağ savaşında Azərbaycana imkan verəcək ki, bütün hərbi gücünü Qarabağdakı işğalçı qüvvələrə qarşı yönəltsin. Təbii ki, əlverişli siyasi şərtlər yetişən kimi Azərbaycan işğalçıya ən sərt üzünü göstərəcək. Buna kimsənin şübhəsi olmasın.

Prezident İlham Əliyevin dünən Bakıda öz işinə başlamış daha bir mötəbər regional tədbirdə - “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində, “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın işğal rejimi ilə barışmayacağının növbəti anonsu hesab edilə bilər.

Sitat: “Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib. Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.

Status-kvonu dəyişməyin bir yolu da əlbəttə ki, hərb variantlıdır, müharibədir. Hər halda Azərbaycanın səbri sonsuz deyil və savaş haqqını da heç kim ondan almayıb. Ortada BMT Nizamnaməsi, BMT TŞ-nin qətnamələri var. Müharibə haqqından özümüz imtina eləməsək, heç kim onu əlimizdən ala bilməz. Bakıda reallaşan son mötəbər törənlərdən İrəvana çatası bir mesaj da budur. \\musavat.com\\
Tarix: 2-12-2017, 10:21
Xəbəri paylaş





Xəbər lenti