Kreml bu il də problemin həllində aparıcı əngəl olaraq qaldı; erməni separatizminin arxa-dayağı təkcə Rusiyadırmı? Sabiq prezident: “Avropa Birliyi Rusiya təcavüzünün kreditorudur...”
Qarabağa dair daha bir nəticəsiz danışıqlar ili tarixə qovuşmaqdadır. Bu ilin əvvəlində konflikt ətrafında durum necə ümidsiz idisə, əfsus ki, ilsonu da faktiki, eyni mənzərə ilə üz-üzəyik - Azərbaycan torpaqlarının işğalı davam edir. Tək səbəb, şəksiz ki, problemin dinc həlli üçün görəvləndirilmiş ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu il də öz missiyalarına barmaqarası baxması, bu azmış kimi gizli-açıq şəkildə işğalçı Ermənistanın təəssübünü çəkməyə davam eləməsidir.İş o yerə çatdı ki, Rusiyanın xarici işlər naziri, erməni kökənli Sergey Lavrov az öncə regiona son səfəri zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsini şübhə altına alan fikir söylədi. Halbuki, Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərıfindən işğal edilməsinin əks olunduğu və Rusiyanın özünün də səs verdiyi həmin qətnamələri heç kim ləğv etməyib. Bu sənədlər işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını tələb edir.
*****
Diqqətçəkicidir ki, həmsədrlər bütün bu illər ərzində, “nizamlama” prosesi zamanı, demək olar, bircə dəfə belə həmin qətnamələrin adını çəkməyib, onlara istinad etməyiblər. Hər vəchlə onları unutdurmağa çalışıblar. Həmin Lavrov isə bu azmış kimi, bu il Qarabağda hərbi əməliyyatların Azərbaycanın daxili işi olmadığını bəyan elədi. Bununla da suveren bir ölkənin daxili işlərinə açıq və kobud müdaxilə elədi, Dağlıq Qarabağın hüquqi mənsubiyyətini şübhə altına alaraq, ərazi bütövlüyümüzə qarşı hörmətsiz davrandı.
Bu da nəticə. Yəni nə olacaqdısa o: Qarabağ “yükü” 24 il öncə - həmsədrlik institutu yaradılana kimi harda idisə, elə indi də ordadır. Çünki ermənipərəst vasitəçilər illərdir konfliktin həlli üçün real hüquqi platformanı - BMT qətnamələri, beynəlxalq hüququ bir kənara qoyub uydurma və qeyrireal həll modelləri axtarışındadırlar.
Təbii ki, rəsmi Bakı heç vaxt öz ərazi bütövlüyü və suverenliyinə xələl gətirəcək həll variantlarını qəbul etməyəcək, öz ərazisində ikinci qondarma erməni dövlətinin qurulmasına imkan verməyəcək. Prezident İlham Əliyevin dediyi kimi, bunu gözləyənlər boşuna gözləyir. Heç Azərbaycan xalqı da buna izn verməz. Hər necə olmasa, yekun həll variantı parlamentin təsdiqindən sonra ümumxalq referendumuna çıxarılacaq ki, xalq son sözü desin. Xalqın mövqeyi və iradəsi isə çoxdan bəlli. Torpaqdan pay olmaz, xüsusən də ermənilərə.
*****
Başa çatmaqda olan 2017-ci ilin Qarabağ kontekstində daha bir neçə yadda qalan özəlliyini qeyd eləmək lazım gəlir. Məsələn, bu il həmsədr dövlətlərin hər üçü - Rusiya, ABŞ və Fransa Qarabağdakı separatçı rejimin quldur başçısına qucaq açması ilə yadda qaldı. Azərbaycan həbsxanasının çoxdan darıxdığı “Kreml tulası” Bako Saakyan müxtəlif vaxtlarda həm Rusiyaya, həm də ABŞ və Fransaya, hətta İngiltərəyə (London) sərbəst şəkildə səfərlər elədi, qanunsuz görüşlər keçirdi, “məruzələr” elədi və əlbəttə ki, Azərbaycan əleyhinə hədyanlat söylədi. Moskvada Saakyan hətta XİN başçısı Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Dmitri Peskovla Rusiya ermənilərinin lideri Ara Abramyanın 60 illik yubiley mərasimində qədəh də toqquşdurdu.
ABŞ isə bu il də separatçı rejimə maliyyə dəstəyini əsirgəmədi. Ancaq buna da şübhə yox ki, erməni separatizminin əsas dayağı bu il də məhz Rusiya olaraq qaldı - öz ərazisində çeçen xalqının müstəqillik istəyini qan gölündə boğduğu halda, həmsərhəd postsovet ölkələrində separatizmə hər cür dəstək verən, imperiya maraqları naminə Gürcüstanın iki separatçı bölgəsinin müstəqilliyini tanıyan, Krımı ilhaq edən Rusiya.
Moskvanın neçə ildi qarışdırdığı Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun Bakıdakı konfrans zamanı dediyi bir fikri burda yada salmağın yeri var. O demişdi ki, postsovet məkanındakı bütün münaqişələrin sponsoru və körükləyicisi tək bir ölkə - Rusiyadır. Maraqlıdır ki, bu arada o, Avropa İttifaqını Donbasda, Krımda, Dağlıq Qarabağda, Abxaziyada, Osetiyadakı Rusiya hərbi təcavüzünün əsas kreditoru adlandırıb (Virtualaz.org).
Ukrayna KİV-inin məlumatına görə, eks-prezident Avropa İttifaqının Rusiyadan enerji daşıyıcılarını alaraq onun ordusunu maliyyələşdirdiyini deyib. “Rusiyanın hasil etdiyi enerji daşıyıcılarının 82 faizini Avropa İttifaqı alır. Avropa İttifaqının isə enerji balansını götürsək, bunun cəmi 30 faizini Rusiya təmin edir, qalanlarını Afrikadan, Şimal dənizindən təmin edirlər. Rusiya isə hasil etdiyi neftin, qazın 82 faizini onlara satır. Avropa dərk edir ki, Rusiyanın Donbasda, Krımda, Dağlıq Qarabağda, Abxaziyada, Osetiyadakı hərbi təcavüzünün əsas kreditorudur? Hansı ki, hər yerdə hərbi bazalar, Rusiyanın hərbi iştirakı var”, - deyə Yuşşenko əlavə edib.
Qeyd edək ki, Ukrayna siyasətçiləri tez-tez Donbassı Qarabağla müzakirə edirlər və hər iki münaqişənin arxasında Rusiyanın dayandığını açıq deyirlər.
*****
Bu, əlbəttə ki, danılmaz faktdır. Artıq o da daşlaşmış həqiqətdir ki, Rusiya həm hərbi təcavüzkar və işğal ortağı, həm də vasitəçi kimi qaldıqca adı çəkilən münaqişə bölgələrində konfliktlər heç vaxt öz ədalətli həllini tapmayacaq. Təəssüf ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan heç olmasa, qardaş Türkiyənin vasitəçiliyə gətirilməsinə nail olmayıb.
Doğrudur, bu il rəsmi konfliktin həllində Ankaranın fəallığı artıb. Şəxsən prezident Ərdoğan məsələni Putinlə görüşlərdə qaldırıb. Lakin hələ ki bu, yetərli deyil. Üç həmsədrin üçünün də (Rusiya, ABŞ, Fransa) faktiki, işğalçıya rəğbətinin olduğu vaxtda bütövlükdə Türkiyənin vasitəçiliyə gətirilməsi vacibdir. Bu, ilk növbədə balansı az-çox təmin eləmək baxımından mühüm önəm kəsb edir. Əks halda, Minsk Qrupu tarixin arxivinə verilməlidir.
Tarix: 4-12-2017, 08:58