ABŞ-ın Türkiyə planı: açıq qarşıdurma ola bilərmi?

ABŞ-ın Türkiyə planı: açıq qarşıdurma ola bilərmi? Rusiya və Türkiyə arasındakı S-400 anlaşması ətrafında gedən proseslər artıq qalmaqallı bir məsələyə çevrilir. ABŞ Türkiyəyə hava məkanının müdafiəsi üçün S-400-lərin əvəzinə “Patriot” sistemlərini təklif edir. S-400 hava hücumundan müdafiə sistemləri NATO-nun “Patriot” raketləri ilə bir-birinə ziddir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə,Türkiyə ətrafında qurulan qorxulu tələnin əsas məqsədi qardaş ölkəni gözdən salmaqdır:

“Məsələ burasındadır ki, “Patriot”la S-400-lərin radar sistemləri bir-birlərini tanımırlar və eyni vaxtda işləyə bilmirlər. Bu mənada NATO tərəfi göstərir ki, S-400-lər alyansın hərbi doktrinasına uyğun gəlməyəcək və lazım gələndə təhlükəni dəf etmək üçün həmin raketlərdən istifadə etmək mümkün olmayacaq. Digər tərəfdən isə ABŞ Ankara və Moskva arasındakı S-400 razılaşmasının Rusiyanı gücləndirə biləcəyindən ehtiyat edir. Artıq gələn ilin əvvələrində Rusiya və Türkiyə arasındakı müqavilə tamamilə başa çata və tədricən həmin silahların Türkiyəyə göndərilməsinə başlanıla bilər. Bu fonda Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi də yenidən gündəmə gələ bilər”.

Politoloq bildirib ki, bütün bu hadisələrlə yanaşı, digər tərəfdən də Rza Zərrab olayının böyüməsi Ankara və Vaşinqton arasındakı soyuqluğun açıq qarşıdurmaya çevrilməsinə səbəb ola bilər:

“Hər iki məsələ ilə yanaşı, Türkiyə daxilində korrupsiya olayları və ölkədən xeyli miqdarda vəsaitin ofşor zonalara göndərilməsi haqqında müəyyən sənədlərin peyda olması çox ciddi problemlər yaradıb. Türkiyəni hədəfə alanlar bütün bunların başında Türkiyə hakimiyyətinin dayandığını sübut etməyə çalışsalar da, istəklərinə nail ola bilməyəcəklər. Zənnimcə, bu, hətta Türkiyənin siyasətində köklü dəyişikliklərə gətirib çıxara bilər”.

Qeyd edək ki, Türkiyə bu il Rusiyadan S-400 zenit raket kompleksinin təchizatı ilə bağlı 2 milyard dollar dəyərində müqavilə imzalayıb.

ABŞ isə Rusiyadan S-400 zenit raket kompleksləri alacağı halda,Türkiyənin sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Tarix: 5-12-2017, 10:00
Xəbəri paylaş





Xəbər lenti