Rusiya Azadlıq Radiosunu “xarici agent” elan etdi
Rusiyanın Ədliyyə Nazirliyi AzadAvropa/AzadlıqRadiosunu (RFE/RL) və Amerikanın Səsi-ni (VOA) “xarici agentin funksiyalarını icra edən xarici kütləvi media” siyahısına salıb.
Nazirlik vebsaytında yerləşdirdiyi bəyanatda bildirib ki, Rusiyanın yeni media qanununa uyğun olaraq, RFE/RL, VOA, “Current Time TV”, AzadlıqRadiosunun tatar-başqırd xidməti, Siberia.Reality, Idel.Reality, Factograph, Kavkaz Realii və Crimea.Reality portalları “xarici agentin funksiyalarını icra edən xarici kütləvi media”dır.
Hökumətə istənilən xarici media orqanını “xarici agent” adlandırmağa imkan verən qanun sürətlə parlamentdə qəbul olunub və noyabrın 25-də Rusiya prezidenti Vladimir Putin sənədi imzalayıb.
“
SİMMETRİK CAVAB”Rusiya rəsmilərinin sözlərinə görə, bu qanun dövlətin maliyyələşdirdiyi RT telekanalına qarşı atılan addımlara “simmetrik cavab”dır. ABŞ hakimiyyəti RT-ni təbliğat yaymaqda suçlayaraq, ABŞ Xarici Agentlərin Qeydiyyat Aktına (FARA) uyğun qeydiyyatdan keçməsini tələb edib.
ABŞ rəsmiləri isə bu addımı simmetrik saymır, Birləşmiş Ştatlar və Rusiya qanunlarının fərqli olduğunu bildirir. Vaşinqtonun mövqeyincə, Rusiya “xarici agent” qanunvericiliyindən yararlanaraq narazıları susdurur, azad fikir mübadiləsini ruhdan salır.
Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova dekabrın 4-də deyib ki, xarici agent sayılan media orqanlarının nazirlikdə akkreditasiyası ləğv olunmayacaq və “Rusiyada sakitcə, heç bir əngəlsiz jurnalistika fəaliyyətini davam etdirə” biləcəklər.
“Human Rights Watch” insan haqları təşkilatı Rusiyanın qəbul etdiyi qanunvericiliyi “media azadlığına hərtərəfli hücum” adlandırıb. Qurum bildirib ki, bu qanunvericilik “selektiv və siyasi məqsədlə tətbiq olunmaq, Rusiyada eşitmək istəmədikləri səsləri susdurmaqdan ötrü xüsusi hazırlanıb”.
Tarix: 5-12-2017, 20:16