Sülhəddin Əkbər: “Burada Rusiyanın tarixən Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq faktoru da var”
Bu günlərdə “Yeni Müsavat”a açıqlama verən ASDP sədri, deputat Araz Əlizadə müxbirimizin “Azərbaycanda Rusiyanın ”5-ci kolon"u varmı" sualına çox maraqlı bir cavab verib. A.Əlizadə ölkəmizdə rusiyapərəst qüvvələrin olmadığını dilə gətirib: “Mən Azərbaycanda rusiyapərəst qüvvələri görmürəm. Olsa da, özlərini elə məxfi saxlayıblar ki, heç mənim onlardan xəbərim yoxdur”. Lakin kimsəyə sirr deyil ki, Azərbaycanda Qərb və ABŞ yönümlü, Türkiyə yönümlü , eləcə də Rusiya yönümlü siyasətçilər az deyil. Birincilər özlərini heç bir halda gizlətməsələr də, rusiyapərəst qüvvələr nədənsə bunu açıq etiraf etməkdən qorxurlar və cəmiyyətin ictimai qınağından çəkinirlər. Azsaylı kommunistləri çıxmaq şərtilə kimsə rusiyapərəst olduğunu etiraf etmir.
Bəs görəsən, bu durumun səbəbi nədir? Niyə qərbpərəst olmaq, türkiyəpərəst olmaq normaldır, hətta fəxrdir, ancaq rusiyapərəst olmaq suçdur?
Bu sualı “Yeni Müsavat”a açıqlamasında cavablandıran Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər ilk növbədə bütün siyasətçilərin Azərbaycanın maraqlarından çıxış etməsini vacib saydı: “Mənim fikrim belədir ki, Azərbaycan siyasətçisi müxalifətdə və ya hakimiyyətdə olmasından asılı olmayaraq, ölkənin maraqlarını rəhbər tutmalıdır və azərbaycanpərəst olmalıdır. Bu başqa məsələdir ki, Azərbaycanın demokratik inkişafını istəyənlər var, bir də avtoritar yolla getməyini istəyənlər var. Onlar da son nəticədə xarici siyasət vektorunda fərqlənirlər. Ölkəmizin demokratik inkişafını istəyənlər istər-istəməz Azərbaycanın demokratik dünyaya inteqrasiyasına çalışırlar. Ölkənin gələcək inkişafını o yöndə görürlər. Tam tərsinə, postsovet elitası öz hakimiyyətini qorumaq üçün Rusiya ilə yaxınlığa üstünlük verir. Çünki Rusiya Azərbaycandan nə demokratiya, nə azad və ədalətli seçki, nə insan haqları, nə də korrupsiya ilə mübarizə tələb edir. O baxımdan mövqe aydındır”.
Siyasətçilərin rusiyapərəst olmasını gizlətməsinə gəlincə, S.Əkbər bildirdi ki, bu, onların keçmişi ilə bağlıdır: “Bu gün Azərbaycanda hakimiyyətdə, ictimai fəaliyyətdə olanlar arasında keçmiş kommunistlər və komsomolçular, keçmiş KQB işçiləri də çoxdur. İkinci bir qrup isə sovet xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etmiş şəxslərdir. Azərbaycanın müstəqilliyini məhz Rusiya caynağından xilas olaraq qazandığını nəzərə alsaq, bu qüvvələrin nədən çəkindiyi ortaya çıxar. Burada Rusiyanın tarixən Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq faktoru, Qarabağın işğalı, 20 yanvar faciəsi faktorları da var ki, cəmiyyətin bu ölkəyə münasibətinin formalaşmasına səbəb olub”.
Sülhəddin Əkbərin sözlərinə görə, bu qüvvələrin fəallaşmasının səbəbi xalqın, ictimai rəyin siyasətə təsirinin azalmasıdır: “Məni son zamanlar ən ciddi narahat edən məsələ bu kateqoriyadan olan bəzi adamların son dərəcə azğınlaşmasıdır ki, çox açıq şəkildə Rusiya maraqlarının Azərbaycanda inkişafından danışmağa başlayıblar. Bunun da iki başlıca səbəbi var. Məqsədyönlü şəkildə bu qüvvələrin demokratik müxalifəti sıradan çıxartması və xalqı siyasətdən uzaqlaşdırması, ictimai rəyi susdurması ilə bağlıdır. Əks halda, bu gün ölkədə güclü müxalifət olsaydı, xalqın ictimai rəyə güclü təsiri olardı”.
Nərgiz LİFTİYEVA
Tarix: 6-12-2017, 08:58