Müxalifət yeni blok yaratmaq istəyir
Partiya sədri: “Ortaya iradə qoymaq lazımdır...”
Seçki ili yaxınlaşdıqca müxalifət sıralarından birləşmək çağırışları yenidən gündəmə gəlməyə başlayıb. ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a açıqlamasında yeni birliyin anonsunu verib. O qeyd edib ki, müxalifət partiyalarının birliklər yaratması ilə bağlı planları var. Hamını bir araya gətirmək mümkün olmasa da, bu istiqamətdə bəzi müzakirələr aparılır. Hər hansı bir birlik yaranarsa, o zaman ictimaiyyətə geniş açıqlama veriləcək.Bəs müxalifət partiyaları blok yaratmaq məsələsinə necə yanaşırlar?KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, açıqlamanın müəllifi kimi əgər Sərdar Cəlaloğlu bir-iki cümlədən artıq açıqlama vermək istəməyibsə, başqasının bu məsələ ilə bağlı geniş danışması doğru olmazdı: “Bu fikri mediaya çıxaran odur və çox qısa açıqlamanı məqsədəmüvafiq hesab edir. Bundan o tərəfə mən nə isə deyə bilmərəm. Əlbəttə ki, hər şey mümkündür. İstək, arzu lazımdır, ortaya iradə qoymaq lazımdır. Bunlar olandan sonra blok da yaratmaq mümkündür. İstək, iradə olanda mümkünsüzü belə, mümkün etmək olur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə dedi ki, birliklə bağlı fikri Sərdar Cəlaloğlu ifadə etdiyi üçün məqsədəuyğundursa, onun daha detallı danışması daha düzgün olar: “Detalları da yəqin ki, Sərdar bəy bilir. Ümumən isə onu deyə bilərəm ki, müxalifətin blok yaratması əlbəttə mümkündür. ADP ilə Ümid Partiyası olaraq biz bir-birimizi çox yaxşı anlayışla qarşılaya bilən partiyalar və fərdlərik, ona görə də bizim bir blokda təmsil olunmamızda heç bir problem yoxdur”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, bir qrup müxalifət lideri qarşıdan gələn prezident seçkisində düşərgənin yeganə həlledici resursu olan xalqın dəstəyinin əldə olunması üçün inteqrasiyanın zəruriliyini düzgün qiymətləndirir: “Pərakəndə olan narazı elektorat yalnız hakimiyyətin və məhəlli qələbə uğrunda mübarizə aparan qüvvələrin marağına uyğundur. Bu səbəbdən Sərdar bəyin vasitəçiliyi ilə bir neçə dəfə konsultativ təşəbbüslər göstərilib. Sərdar bəy və onun fikrini bölüşənlər hesab edirik ki, müxalif tərəflərin heç olmasa masa arxasında mövcud vəziyyəti müzakirə etməyə, problemləri qiymətləndirməyə, konsensus nöqtələrini aramağa, bununla da cəmiyyətə pozitiv mesajlar ünvanlamağa zərurət vardır. Hələlik konkret format və ideya haqqında danışmaq tezdir. Lakin çalışılır ki, bu təmas nöqtələri əldə edilsin. Sərdar bəy, həmişəki kimi, konstruktivliyi və rasionallığı ilə bu müşkülə təcil verməyə çalışır. İlkin mərhələdə geniş çevrənin vasitəçilik missiyasına qoşulmasına ehtiyac duymuruq. Bu işdə ən təcrübəlimiz Sərdar bəyin yetərli olması qənaətindəyik”.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, bu mövzu Azərbaycan siyasi gündəminə demək olar hər seçki öncəsi gəlir və ya bilərəkdən gətirilir. Bu hal o qədər təkrarlanıb ki, artıq az qala “seçki” sözü ilə “birlik” sözü mətbuatda paralel işlənir: “Bu günə qədər olan birlik təcrübələrimiz, eyni zamanda prosesin gedişi onu deməyə əsas verir ki, bu dəfə də nəzərdə tutulan ideal və səmimi birlik modeli alınmayacaq. Əgər şəraitin diktəsiylə hansısa birlik yaranacaqsa da, bu, gözlənilən effekti verməyəcək. Sadəcə olaraq, seçkidən sonra növbəti uğursuzluqları ört-basdır etmək üçün bir-birilərini ittiham etməkdən yana növbəti platforma rolu oynayacaq. Müxalifətin uğur qazanması üçün ”böyük birlikdən" daha çox böyük islahatlara və böyük dəyişikliklərə ehtiyac var. Ənənəvi formatlı birliklər xalqın müxalifətdən olan gözləntilərini və gələcəyə olan ümidlərini qırmaqdan başqa bir işə yaramır. Biz insanlara yeni ümidlər və qələbəyə inam aşılamağa çalışmalıyıq. Bu işlərə daha çox vaxt sərf etmək lazımdır, nəinki artıq 25 ildir bir-birilərinə az qala düşmən münasibəti bəsləyən müxalif liderlərini zorla bir araya gətirməyə çalışmaq. Biz AĞ Partiya olaraq hələlik heç bir digər siyasi qüvvə ilə birlik yaratmaq və seçkilərə birgə getmək barədə düşünmürük. Bu işi özümüz üçün indiki məqamda faydasız hesab edirik. Ancaq bu o demək deyil ki, biz digər partiyalarla müxtəlif sahələrdə əməkdaşlıq etmək fikrində deyilik. Funksional əməkdaşlıqla birliyi qarışıq salmamaq şərtiylə istənilən siyasi müxalif qüvvə ilə əməkdaşlıq edə bilərik. Hazırda da biz seçkilərə hazırlıqlarla məşğuluq".
Etibar SEYİDAĞA
Tarix: 6-12-2017, 09:05