Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı: Birgə ordu yaradılır?
Məhəmməd Əsədullazadə: “Bu ordu birləşməsinin yaradılması geosiyasi maraqlarımıza cavab verir”
Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçirilir və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir. İclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev, Türkiyə tərəfdən həmsədri isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi Yavuz Türkgencidir. Qeyd edək ki, hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.Maraqlıdır, bu müzakirələr sonda Azərbaycan-Türkiyə birgə hərbi birləşməsinin yaradılması ilə nəticələnə bilərmi? Qeyd edək ki, bundan öncə də bu məsələ gündəmdə idi. Belə ki, Rusiya-Ermənistan birgə ordu yaratdıqdan sonra Azərbaycan-Türkiyə birgə hərbi birləşməsinin yaradılması məsələsi gündəmə gəldi. Ekspertlər hesab edir ki, Azərbaycan və Türkiyə strateji tərəfdaşdırlar və bütün zamanlarda bu cür hərbi birliklərin yaradılması mümkündür. Məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi üçün Türkiyə Ermənistanla heç bir rəsmi əməkdaşlıq etmir. Bütün dövrlərdə Türkiyə bu məsələdə Azərbaycanın yanında olub və dəstək verib. Ekspertlər hesab edir ki, Azərbaycan və Türkiyə birgə hərbi birləşmə yaradarsa, bu geosiyasi baxımdan da hər iki ölkənin təhlükəsizliyinə bir növ qarant olacaq.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində belə bir birliyin perspektivdə mümkün olduğunu deyib. M.Əsədullazadə hesab edir ki, bu hər iki dövlətin geosiyasi maraqlarına uyğundur:“Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasının işə başlaması iki qardaş ölkə arasında hərbi əlaqələr baxımından son dərəcə strateji əhəmiyyət daşıyır. Qeyd edim ki, son illərdə Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin genişlənməsi nəzərə çarpacaq qədər genişlənib.
Təkcə bu il ərzində Türkiyə ilə Azərbaycan arasında bir neçə dəfə birgə hərbi təlimlər keçirilib. Bu təlimlər təbii ki, iki qardaş ölkənin ordularının bir-birinə inteqrasiyası baxımından uğurlu bir siyasətdi. Türkiyənin hərbi təlimatçıları və zabitləri Azərbaycan Ordusunun güclənməsi üçün geniş əmək sərf edirlər. İki ölkə arasında yüksək səviyyəli dialoq iclası, birgə hərbi birləşmələrin yaradılmasına apara bilər. Regionda Rusiya ilə Ermənistan arasında belə bir ordu birləşməsi varkən, niyə də Azərbaycanla Türkiyə arasında olmasın? Hesab edirəm ki, iki ölkə arasında bu sahə üzrə danışıqların aparılması və ordu birləşməsinin yaradılması geosiyasi maraqlarımıza cavab verir”. (Cebhe.info)
Tarix: 6-12-2017, 21:14