Azərbaycanda prezident seçkiləri bu il oktyabrda keçirilməli idi. Amma dövlət başçısı növbədənkənar seçkilərin aprelin 11-də keçirilməsinə qərar verib.
Hakimiyyət bunu 2018-ci ildə ölkədə mühüm tədbirlərin keçirilməsi ilə izah etsə də, müxalifət və müstəqil ekspertlər bunun arxasında başqa məqsədlər dayandığını bildirir.
Maraqlıdır ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması sərəncamını dünya sükutla qarşıladı. Anaxeber.Az məlumat verir ki, ABŞ Dövlət Departamenti, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və başqa beynəlxalq təsisatların heç bir reaksiyası olmayıb.
Qərb təşkilatları adətən ən mühüm aktlara, hadisələrə çevik reaksiyalar verirlər. Ən azından ATƏT və AŞ seçkilərlə əlaqədar rəylərini açıqlayır.
Çünki bu qurumlar müşahidəçilərini seçkiyə ezam edirlər və hesabatlar açıqlanır. Lakin prezidentin aprel seçkiləri barədə qərarını dünya sakitcə, səssiz-səmirsiz qarşıladı.
Hələ ki beynəlxaq təşkilatlar tükünü tərpətmirlər. Hətta onların seçkiyə müşahidə qrupu göndərəcəyi də qeyri-müəyyən olaraq qalır.
Yalnız GUAM seçkiyə müşahidəçi göndərəcəyini açıqlayıb ki, bu qurumun nüfuzu da yerlərdə sürünür. 2016-ci il referendumundan sonra prezident seçkilərinin tez keçiriləcəyi bəlli idi.
Erkən seçki həm də hakimiyyətdaxili qarşıdurmanın kəskinləşməsi səbəblərindən biriydi.
Prezident bununla öz komandasında qarşıdurmanı durdurmaq məcburiyyətində qalıb və bu seçkiyə hazırlaşmaqla savaş istər-istəməz səngiyəcək.
Lakin Əliyev üçün beynəlxalq aləmin seçkilər barədə rəyi daxildəki intriqalardan daha əhəmiyyətlidir.
Ancaq iki məsələ: “Yeni Əsrin müqaviləsi” və mayda gözlənilən amnistiya Avropadan tənqidlərin, təzyiqlərin kəskin azalmasına səbəb olacaq, seçki sükutla keçəcək.
Siyasi məhbusların azad olunması beynəlxalq təşkilatların bütün arqumentlərini tükəndirəcək.
Ancaq əsas müxalif təşkilatların boykot qərarı Qərb təsisatları üçün seçkidə rəy verməyə istinad yeri ola bilər.
Ana müxalifətin iştirak etmədiyi seçkidə hakim partiyanın 13 alternativ namizəd vitrinə çıxarması heç də effektli dekorasiya yaratmayıb.
Avropa prezidentliyə namizəd olan həmin partiya sədrlərinin hakimiyyətin “cib”ində olmasından məlumatlıdır.
Onların əksəriyyəti hakim partiya namizədinə səs verməyə çağırış edəcəklər. Müxalifət isə boykot qərarı ilə özünü xilas eləmiş oldu və bu mərhələdə öz simasını qorumağa çalışdı.
Anaxeber.Az məlumat verir ki, ABŞ Dövlət Departamenti, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı referendum qərarına operativ reaksiya vermişdilər.
Aprel seçkiləri barədə sərəncamdan xeyli vaxt keçir, 14 namizəd bəllidir, imzatoplama kampaniyası başlayıb, amma Qərbdən heç bir səs-səmir çıxmır.
Azərbaycan ötən illərdə beynəlxalq qurumların, seçki müşahidə missiyalarının tövsiyələri əsasında demokratik seçki mühitinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və seçki təcrübəsinin yaxşılaşması yönündə heç bir islahat gerçəkləşdirməyib.
Söhbət seçki qanunvericiliyinin, seçki öncəsi təcrübənin yaxşılaşması və s. məsələlərdən gedir. Sonuncu dəfə seçkini müşahidə edən ATƏT-in nümayəndələri 20-dən artıq istiqamətdə tövsiyələrini açıqlayıblar.
Amma ötən 4 ildə bunların heç birinin müzakirəsinə belə cəhd olunmayıb. Azərbaycanda seçkinin gözlənilmədən təyin edilməsi Avropa Şurasına (AŞ) üzv ölkələri arasında xüsusi bir haldır.
Üzv ölkələrin praktikası göstərir ki, növbədənkənar seçkinin təyin edilməsi ilə bağlı müstəsna səlahiyyətə malik subyektlər bu addımı atarkən müstəsna qaydalar və şərtlər olmalıdır.
BMT üzvü və Avropa Konvensiyasına qoşulan ölkələrdə seçkilərin keçirilməsi ilə bağlı dövrilik prinsipi əsas götürülüb.
Yəni seçkilər zəruri intervalda keçirilməlidir. Təəssüf ki, prezident seçkisinin nəzərdə tutulmuş vaxtdan 6 ay əvvəl keçirilməsi ilə bağlı məntiqli izahat yoxdur.
Növbədənkənar seçki qərarının beynəlxalq müşahidəçiləri də çətin duruma saldığını bildirmək lazımdır.
Vəziyyət o qədər qəlizdir ki, bu müddətdə normal və kompleks müşahidə missiyasını yaratmaq üçün vaxt çox azdır.
Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu çox çətin duruma salıb. Onlar qısa müddətdə müşahidə missiyası göndərməyi çatdıra bilməyəcək.
Anaxeber.Az
Turan
Tarix: 22-02-2018, 14:23