Ekspert: “Ölkədə inhisarçılığa, məmur biznesinə qarşı həyata keçirilən tədbirlər gözlənildiyi nəticəni vermir”
“Beynəlxalq şəffaflıq” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. Təşkilatın milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatından “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycan hesabatda 31 balla 180 ölkə arasında 122-ci sırada yer alıb.Qeyd edək ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
“Şəffaflıq Azərbaycan” Təşkilatında hesab edirlər ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. Belə ki, 2016-cı ildə Azərbaycan 30 balla 176 ölkə sırasında 123-ci yeri tutmuşdu. Azərbaycanın 2017-ci ildə indeksdə mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib.
Təşkilat bildirir ki, Azərbaycanın indeksdə mövqeyinin ötən illə müqayisədə bir pillə irəliləməsi o qənaətə gəlməyə imkan verir ki, ölkədə korrupsiya ilə əlaqədar ümumi mənzərə sabit qalır: “Hökumət 2017-ci ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadiyyat və dövlət xidmətləri sahələrində aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə müsbət təsir etsə də, ölkəmizin mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəetmənin əsas meyarları - demokratikləşmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsi vacibdir. Dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, şəffaf və hesabatlı fiskal siyasətin formalaşması və ictimai əhəmiyyətli qərarların verilməsi prosesində vətəndaşların iştirak imkanlarının genişləndirilməsi hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılmasına töhfə verə bilər”.
“Beynəlxalq Şəffaflıq” Təşkilatı isə bildirir ki, artıq 25-ci ildir tərtib edilən korrupsiyanı qavrama indeksi dünyada narahatlıq doğuran meylin mövcudluğuna işarə edir. Belə ki, bütün dünyada korrupsiya ilə mübarizə sahəsində göstərilən səylərə baxmayaraq, əksər ölkələrin bu istiqamətdə fəaliyyəti ləng gedir: “Korrupsiyanı qavrama indeksinin son altı il üzrə nəticələri göstərir ki, bir çox dövlətlərin korrupsiyanı cilovlamaq cəhdləri ciddi bəhrə verməmişdir. İndeksin nəticələrinin təhlili deməyə əsas verir ki, vətəndaş cəmiyyəti institutlarının müdafiə mexanizmlərinin zəif olduğu ölkələrdə korrupsiya səviyyəsi yüksək olaraq qalır. Qeyd edilənləri nəzərə alaraq İndeksdə mövqeyi zəif olan ölkələrdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar yaxşılaşdırılmalıdır”.
Onu da qeyd edək ki, builki indeksə görə, dünya ölkələrinin üçdə ikisinin göstəricisi orta hesabla 43 olmaqla 50-nin altındadır.
Son 6 ildə bir neçə ölkə korrupsiyanın qavranması (CPI) indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunların sırasında Fil Sümüyü Sahili, Seneqal və Birləşmiş Krallıq da var. Suriya, Yəmən və Avstraliya da daxil bir sıra ölkələrdə isə bu göstərici əhəmiyyətli şəkildə pisləşib.
Hesabatda ən yüksək korrupsiyasızlıq göstəriciləri Yeni Zelandiya (89) və Danimarkaya (88) aiddir. Ən pis göstəricilərə Suriya (14), Cənubi Sudan (12) və Somali (9) malikdir.
Ermənistan reytinqdə 107-ci yerdə, 2 pillə geriləyən Gürcüstan 46-cı, Belarus 68-ci yerdədir. Qazaxıstan 31 balla Azərbaycanla birlikdə 122-ci yeri bölüşür. Qalan keçmiş sovet respublikalarının hamısı Azərbaycandan daha aşağı pillələri tutub: Ukrayna (130), Qırğızıstan (135) Rusiya (135), Özbəkistan 157, Tacikistan (161) və Türkmənistan (167).
İndeksin nəticələrini şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın indeksdəki mövqeyinin bir pillə yaxşılaşmasına bir sıra amillər təsir göstərib: “2016-cı ildə 1 pillə, ötən il üzrə daha 1 pillə irəliləyiş qeydə alınıb. Buna təsir edən fundamental faktorlar var. Bunlardan birincisi budur ki, neft gəlirlərinin azalması nəticəsində büdcə xərcləmələri, xüsusilə də əsaslı dövlət investisiya qoyuluşu xərcləri azaldıldı. Bu, korrupsiya predmetinin daralması fonunda müəyyən qədər irəliləyişin əldə olunmasına təsir edən faktor kimi çıxış etdi. Bundan başqa, yaranmış yeni çağırışlar ictimai vəsaitlərdən daha səmərəli istifadə olunması zərurətini yaratdı. 2014-cü ildə dövlət büdcəsinin həcmi 25 milyard dollara yaxın idi, 2017-ci ildə 10 milyard dollara qədər aşağı düşdü. Manat ifadəsində isə 20 milyard manatdan 17,5 milyard manata düşdü. Bu azalma vəsaitlərdən daha səmərəli istifadə imkanı yaratdı. Bundan əlavə, korrupsiyaya təsir edən, sadəcə, ictimai vəsaitlərin xərclənməsi deyil, həm də himayədarlır və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallardır. Hansı ki, bunun özündə də meydanın daraldığını deyə bilərik. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün tarixi zəmin yaranmışdı. Bu fonda gömrük sistemində islahatların aparılması müsbətə doğru dəyişikliyin əldə olunmasında rol oynadı. Bunlarla yanaşı, ASAN xidmətə verilən səlahiyyətlərin genişləndirilməsi, Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi, sahibkarlıq subyektlərinin yoxlanmasının daha 4 illiyə dayandırılması kimi amillər də var”.
Ekspert bildirir ki, müsbət tendensiyalarla yanaşı, hazırda Azərbaycanda korrupsiya indeksinin daha sürətlə yaxşılaşmasına imkan verməyən təhdidlər də var: “Bunlar himayədarlıq, məmur biznesi, oliqarxlaşmanın güclənməsi, kənar müdaxilə kimi məsələlərdir. Ölkədə inhisarçılığa, məmur biznesinə qarşı həyata keçirilən tədbirlər gözlənildiyi qədər ciddi nəticələrə gətirib çıxarmır. Buna görə də bu tədbirlərin konkretliyi artırılmalıdır. Ümumiyyətlə, yanaşma dəyişməlidir. Dövlət strukturunun yenidən təşkili həyata keçirilməlidir. Şəffaflığı artıran yeni mexanizmlər işlənib hazırlanmalı, qurumların fəaliyyəti onlar əsasında qiymətləndirilməlidir. İqtisadi mühitin liberallaşdırılması, hüququn aliliyinin təmin olunması, məhkəmə sisteminin restrukturizasiyası kimi addımlar atılmalıdır. Burada mühüm məsələlərdən biri də məmurların gəlirləri barədə məlumatların təqdim olunması mexanizminin yaradılmasıdır. Bütün bunları həyata keçirməklə Azərbaycanın indeksdəki mövqeyində kəskin dönüşə nail ola bilərik”.
Tarix: 23-02-2018, 10:14