Siyavuş Novruzov: “YAP-ın namizədinin nəinki ölkə daxilində, xaricdə belə alternativi yoxdur”
11 apreldə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir. Hakim Yeni Azərbaycan Partiyası artıq günlər öncədən 50 min imza toplayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edib. Seçki hazırlığı və digər məsələlərlə bağlı YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovla söhbət etdik.
- Siyavuş müəllim, hazırda hakim partiyanın seçki hazırlığı necə gedir?- Seçkilərlə bağlı, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, partiyamız verilmiş təqvim planına uyğun öz addımlarını atır. Buna qədər də biz seçkiyə hazırlıq işlərini görmüşdük. Bu istiqamətdə işlərimiz davam edir. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası imzaları toplayıb və digər müvafiq sənədlərlə birlikdə MSK-ya təqdim edib. Hazırda imzalara baxılır. Müəyyən olunmuş qanunvericiliyin müddətinə görə MSK öz rəyini qeyd edəcək. Biz bu mərhələdə olan bütün işlərimizi başa çatdırmışıq. Növbəti mərhələ təbliğat-təşviqat mərhələsinə hazırlıq işləridir. Namizədimiz tam qeydiyyatdan keçdikdən sonra hər dairə və məntəqəyə bir nəfər məşvərət səs hüquqlu üzv, bir nəfər də müşahidəçi təyin etmək səlahiyyətimiz var. Bildiyiniz kimi, Azərbaycanda 5 mindən yuxarı məntəqə, 125 dairə var. Təbliğatçılarımız iki qrupa bölünür, yerli və mərkəzdən gedəcək təbliğatçılar. Bunlarla bağlı da artıq hazırlıq işləri görülür. Çalışacağıq ki, təbliğatın bütün növlərindən istifadə edək. Çox yüksək səviyyədə təbliğat-təşviqat kampaniyasını başa çatdıracağıq.
- İmzatoplama mərhələsini çox qısa müddətdə başa çatdırdınız, amma digər iddiaçılar bu mərhələnin çox ağır keçdiyindən şikayətlənirlər, hətta toplaya bilməmə ehtimallarından da söz açırlar...
- Partiyamızın 700 mindən çox üzvü var. Hər dairə üzrə Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı minlərlədir. Hələ təəssübkeşlər və tərəfdarları demirəm. Biz bir milyon da imza toplaya bilərdik, lakin qanunvericiliyə uyğun olaraq, hər bir namizəd üçün bərabər şərait yaradılır. 45 min imza vərəqəsi hər bir namizədə verilir. 900 vərəq imzanı bir neçə günün içərisində topladıq. Elə dairənin ərazisi var idi ki, yarım günün içərisində imzalar toplanıb çatdırıldı. Seçki üzrə mütəxəssislərimiz yetişib. Onlar aktiv şəkildə bu proseduranı bilirlər. Bu prosesdə 900 nəfər iştirak etdi, yəni hər biri bir imza vərəqəsi götürdü və təhvil verdi. Onlara biz çıxarışlar verdik ki, harada imza toplaya, kimlərdən imza ala bilərlər, bu hansı formada olmalıdır. Burada nələrə fikir vermələrini də göstərdik. Bu mərhələ Yeni Azərbaycan Partiyası üçün adi bir haldır. Hər siyasi partiya üçün əslində bu belə olmalıdır. Siyasi partiyanın əsas funksiyalarından biri də seçkilərdə iştirak etmək, namizəd irəli sürməkdir. Azərbaycanda beş milyondan artıq seçici var. O seçicilərin cüzi hissəsinin, yəni 40 mininin imzası tələb olunur. Prezidentliyə iddiaçı olan hər bir şəxs ilk növbədə, bu imzaları toplamalıdır. Bunun üçün də hər bir namizədə bərabər şərait yaradılıb. 40 min imza 60 dairədən ən azı 50 imzadan az olmamaq şərti ilə yığılmalıdır. Seçkiyə 30 gün qalmışa qədər imzalar toplanıb müvafiq sənədlərlə birlikdə MSK-ya təqdim olunmalıdır. Bu da elə qısa zaman deyil. Hər kəs şahiddir ki, bu günləri imza toplayan bir nəfərə qarşı belə təzyiq yoxdur. Tam sərbəstlikdir, istənilən adam istənilən yerdən o imzaları toplaya bilər.
“Prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur”- Necə düşünürsünüz, iddiasını irəli sürənlər bu mərhələnin öhdəsindən gəlib, namizəd ola biləcəklər?
- Ayrı-ayrı ölkələrdə bir sıra təcrübələr var. Bu bizim qanunvericilikdə də var. Namizədlər seçkilərlə məşğul olan firmalarla müqavilə bağlayır. Əgər iddiaçının siyasi təşkilatı yoxdursa, sosial bazası elektorat cəhətdən zəifdirsə, müqavilə əsasında bu firmalar imzatoplamada kömək edirlər. Bu da müəyyən pul müqabilində olur. Əgər siyasi təşkilat varsa, o zaman bu təşkilat bütünlüklə səfərbər olmalıdır ki, namizədinə lazım olan imzaları yığsın, digər proseduraları həyata keçirsin. Açığı hələ rast gəlməmişəm ki, hansısa hüquqi bir şəxslə müqavilə bağlansın və belə imzalar toplansın. Amma bütün hallarda bu cür mexanizm fəaliyyət göstərir.
- Qeydə alınıb-alınmayacaqları məlum olmasa da, kağız üzərində iddiaçı olanlardan hakimiyyətə ciddi rəqib görürsünüz?
- YAP-ın namizədinin nəinki ölkə daxilində, xaricdə belə alternativi yoxdur. Cənab prezident tərəfindən görülən işlər, atılan addımlar, Azərbaycanın qısa müddət inkişafı və digər bu kimi ortada reallıqlar var. İnsanlar real işə səs verirlər. İndi hər bir insan özünü bu proseslərdə sınayır.
- Müxalif qurumlardan seçkiləri boykot edənlər elə də az olmadı. Bunun seçkilərə ciddi təsiri olacaqmı?
- Belə təşkilatlar kifayət qədər olmadılar. Bir neçə partiya seçkilərdə iştirakdan imtina etdi. Boykot tamam başqa bir anlayışdır. Boykotda insanlar yığışır, böyük tədbirlər keçirilir, etirazlar olur. Buraya, sadəcə olaraq, xaricdən maliyyə alan bir neçə siyasi partiya daxil oldu. 1998-ci ildən bu yana nə Müsavat, nə də AXCP ümumilikdə, prezident seçkilərində iştirak etməyiblər. Bunun da səbəbləri bəllidir, onlar məğlub olacaqlarını əvvəlcədən bilirlər. Sosial bazalarının, elektoratlarının olmadığını görüblər. Bu baxımdan iştirakdan imtina edirlər. Dünya təcrübəsində adətən belə görürük, seçkilərdə bir dəfə məğlub olan namizədi sonrakı seçkilərdə başqası əvəzləyir, yəni yeni bir şəxsin namizədliyi irəli sürülür. Amma bunlarda namizəd qıtlığı var. Bir nəfər uduzur, yenə də arxa-arxaya onun namizədliyini irəli sürürlər. Bir dəfə İsa Qəmbərin namizədliyi 2003-cü ildə irəli sürüldü, ondan sonra onun üzərində ilişib qalıblar. İsa Qəmbər 2003-cü ildə seçki marafonunda uduzdu. O, tez-tez Amerikadan misal gətirir. Unutmayaq ki, Albert Qor ilə Corc Buşun seçkisində Qor cüzi səslə seçkiləri uduzmasına baxmayaraq, növbəti seçkilərdə onun namizədliyini irəli sürmədilər. Bu təcrübələri onlar öyrənməlidirlər. İstər Müsavatda, istərsə də AXCP-nin daxilində elə bir şəxs yoxdur ki, onun namizədliyini daxilin özü dəstəkləsin, hələ kənarı belə demirəm. Biz Müsavatın son qurultayında çox şeylərin şahidi olduq. Hansı biabırçılıqların, saxtakarlıqların olduğunu sadalamağa gərək görmürəm. AXCP-də də hər şey aydındır. Kim Əli Kərimliyə qarşı demokratik fikir söyləyirsə, o, dərhal qeyri-qanuni olaraq partiyadan uzaqlaşdırılır. Bu da antidemokratiyanın bir nümunəsidir. Bu baxımdan onların özlərinin daxillərində bir vahidlik yoxdur. Daxillərində ədalətli bir seçki keçirə bilmirlərsə, ədalətli mühit yaratmırlarsa, bu qlobal seçkidə nə edə bilərlər? Bu gün Azərbaycanda namizədliyini verə biləcək onlarla partiya sədri var ki, hər birinin hörməti və nüfuzu onlardan qat-qat üstündür. Burada müxalifətdə, mərkəzçi, sosialyönlü olanlar var. Ona görə də bunlar iştirak etmirlər deyə seçkilərə hansısa bir təsirlərin olacağını demək düzgün deyil. Kim istəyirsə, buyursun iştirak etsin. Kimsə qorxub iştirak etmirsə, bu da onun öz işidir. Yaxud kimsə erməni lobbisinin və xarici qüvvələrin təhriki ilə fəaliyyət göstərirsə, onlar insanlar üçün bəllidirlər.
- Maraqlıdır ki, seçkiöncəsi mitinqlər daha çox boykotçular, yaxud seçkilərdə iştirakdan imtina edənlər tərəfindən keçiriləcək. Adətən belə aksiyalar iştirakçılar tərəfindən olur...- Onlar hava şəraiti ilə oturub durublar. Bunlar özlərinə tərəfdar yığmırlar. Hava proqnozu ilə işləyirlər. Hava soyuq və ya isti oldu mitinqlər dayanır. Bunlar hava normal olsun mitinqlər keçirək düşüncəsindədirlər. Sərbəst toplaşma azadlığını həyata keçirmək üçün istənilən şərait yaradılıb. Bu şəraitə baxmayaraq, il ərzində bunlar cəmi iki mitinq təşkil edə bilirlər. O mitinqlərdə də qohum-əqrabələri iştirak edirlər. Demək mümkün olmur ki, onlar hansısa əqidənin daşıyıcısıdırlar. Orada islamçısı da, millətçisi də, işsizi də, banka borcu olan da var. Ora hərə bir arzu-istəklə gəlir. Əqidə ilə olan mitinq keçirilmir. Bunların sərbəst toplaşmalarına heç kim qoşulmur, çünki bunlara inanmırlar.
- Seçkiöncəsi keçiriləcək mitinqlər beynəlxalq qurumların Azərbaycana qarşı əllərinə fürsət verə bilərmi?
- Bütün beynəlxalq təşkilatlar seçkiləri müşahidə etmək üçün dəvət olunub. Gəlib istənilən yerdə öz müşahidələrini aparsınlar. Kim seçkidə iştirak edir, yaxud etmir, bunlar bizim üçün üçüncü dərəcəlidir. Beynəlxalq təşkilatlar obyektiv olsalar, görərlər ki, hər cür şərait yaradılıb.
- Martın 1-də REAL sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsi tərəfindən Azərbaycana göndərilən sorğuya cavab verilməsi üçün qoyulan vaxt bitir. Cavab verilməzsə, Avropa Şurası başda olmaqla beynəlxalq qurumlar seçkiöncəsi bu faktordan yararlana bilərlər?
“Kim seçkidə iştirak edir, yaxud etmir, bunlar bizim üçün üçüncü dərəcəlidir”
- Müəyyən bəhanələr var ki, hər zaman bundan istifadə edirlər. Daim Azərbaycanda ədalətli, demokratik seçkilər keçirilib. Dünya ölkələrinin təcrübəsindən görmüşük ki, onların heç biri Azərbaycan qədər demokratik seçki keçirməyiblər. Lakin ədalətsiz şəkildə ayrı-ayrı dövlətlərin, müxtəlif lobbilərin təhriki ilə seçki haqqında düzgün olmayan informasiya verməklə təzyiq metodu kimi bundan istifadə edirlər. Azərbaycanın təbii sərvətindən bəhrələnmək istəyənlər var. Bu seçkilərdə də təbii ki, bu qüvvələr çalışacaqlar öz çirkin niyyətlərini həyata keçirsinlər. Müxtəlif rəylər formalaşdırmağa cəhdlər olacaq. Amma “elin gözü tərəzidir”. Ona görə də onların verdikləri rəylərin önəmi yoxdur, əsas seçim xalqındır.
- Seçkidən sonrakı Azərbaycanı necə görürsünüz? İqtidarda ciddi kadr dəyişikliklərinin olacağı deyilir...
- İnşallah, seçkini keçirək, ondan sonra bu barədə danışa bilərik. Bütün suallara o zaman cavab verəcəyik.
- Bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialar səslənir. Azərbaycan gələn il növbədənkənar seçkiyə gedə bilərmi?- Parlamentin səlahiyyət müddəti konstitusiyamızda göstərilib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ilk növbədə, referendum keçirilməli və dəyişikliklər olunmalıdır. Hansısa bir naşı fikirləşmədən belə bir iddia ortaya atıb. Belə bir zərurət duyulacaqsa, parlament seçkilərinin keçirilməsi zərurəti yaranacaqsa, o zaman öncəliklə konstitusiyada dəyişikliklər olmalıdır. Bu dəyişiklik isə yalnız referendumla mümkündür.
- Siz demək istədiniz ki, yeni seçiləcək prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur?
- Bəli, belə bir səlahiyyət yoxdur. Parlament bir neçə halda buraxıla bilər ki, bu da son referendumda göstərilib.
- Son günlərdə amnistiyanın qəbulu ilə bağlı parlamentdə verdiyiniz təkliflə daha çox gündəmdəsiniz. Sizin əvvəl siyasi məhbus ifadəsi işlədib, ardınca siyasi məhbusların Azərbaycanda olmadığı barədə fikirləriniz geniş müzakirələrə səbəb olub...
- Belə bir ifadə işlətməmişəm. Mətbuat səhv vermişdi. Mən orada bu cür ifadə etmişəm ki, bu gün Azərbaycanı istəməyən qüvvələr, ayrı-ayrı beynəlxalq təşkilatlar ölkəmizdə siyasi məhbus adı altında müxtəlif tələblər irəli sürürlər. Azərbaycanda siyasi baxışlarına, fəaliyyətinə görə heç kim həbs olunmayıb. Kimin hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir.
- Sizin amnistiya təklifinizin nəticəsi olacaqmı?
- Hər bir deputatın təklifi var. Bununla əlaqədar da yəqin ki, hər hansı bir addımlar atılacaq. Yaxınlarda bilirsiniz ki, cəzaların yüngülləşdirilməsi ilə bağlı bir addım atıldı. Bu, 1500-dən artıq insanı əhatə edir. Mart ayında əfv gözlənilir. Yəqin ki, Cümhuriyyətin yüz illiyi və ümummilli liderin 95 illiyi ilə bağlı da hər hansı bir addımlar atılacaq.(“Yeni Müsavat” )
Tarix: 27-02-2018, 09:29