Bir vaxt Aleksandr Soljenitsın özünün “Rusiyanı yenidən necə qurmalı?” yazısında Mərkəzi Asiya respublikalarını “qarınaltı yük” adlandırarkən bəlkə ağlına da gəlmirdi ki, elə bir vaxt gələcək ki, məhz bu ölkələr Rusiyanın geosiyasi ambisiyaları üçün yeganə platforma olacaq - hətta Ukrayna da əldən çıxacaq, “bəyaz ruslar”ın ölkəsi kimi tanınan Belarus belə nala-mıxa vurmağa başlayacaq...Nə gizlədək, daim GUAM üçlüyünü - Ukraynanı, Moldovanı və Gürcüstanı diqqətdə saxlayırıq ki, görək, yaşanan çətinliklər həmin bu üçlüyün Avropa ehtiraslarına təsir etməyəcək ki? Amma yox, Avropadan hələ daha ciddi təminatlar ala bilməsələr də, NATO, eləcə də Avropa Birliyilə bağlı planaları hələ “çiy” vəziyyətdə qalsa da, məşhur üçlük öz siyasətini, Avropaya inteqrasiya olunmaq kursunu böyük əzmlə davam etdirməkdədir.
Elə yazının əvvəlində xatırlatdığımız Mərkəzi Asiya ölkələri də mürəkkəb bir durumdadır. Burada da artıq Avropa küləkləri əsməkdədir və bir də gördün, Avropanın əlləri bura da uzandı.
Qırğızıstanın prezidenti bu yaxınlarda bəyan edib ki, ölkəsi Avropa Birliyi ilə əlaqələrin genişlənməsində və əməkdaşlığın gücləndirilməsində çox maraqlıdır. Hazırda Qırğızıstan yeganə Mərkəzi Asiya ölkəsidir ki, Avropa Birliyilə ilə ticarətdə prefensiya hüququna malik dövlət statusu var.
Elə Özbəkistanda da eyni ovqat duyulur. Bir aralıq fasilədən sonra burada yenidən Avropa Yenidənqurma və İnkişaf bankının ofisi açılıb və hazırda Avropa Birliyi ölkələri ilə ümumi halda 200 milyon dollarlıq layihələrin icrasına start verilibdir.
Üstəlik, yeni prezident Şövkət Mirziyayevin sələfi İslam Kərimovun siyasi kursundan imtina etməyə və ölkədə daha mülayim siyasi atmosfer formalaşdırmağa çalışması haqda da xəbərlər dolaşır.
Qazaxıstan da Kremli az narahat etmir. Onsuz da Nursultan Nazarbayevin bu vaxta qədərki siyasəti ölkəsinin müstəqilliyini daha da artırmağa, onun Moskvadan asılılığını azaltmağa xidmət edirdi. Hətta MDB məkanında “Nazarbayev siyasəti” deyilən məhfum da var - belə ki, Nursultan Abişeviç Kremlin heç bir “qlobal” layihəsinin ziddinə getmir, bir çox hallarda onların “anons”unu Kremlin özündən də qabaq verir, amma həmin layihələrin gerçəkləşməsi üçün də heç nə etmir, çünki yaxşı bilir ki, bütün bu “qlobal” layihələr Kremlin geosiyasi isterikasından başqa bir şey deyil və Rusiyanın onlara real bir məzmun vermək üçün heç bir şansı yoxdur.
Əvəzindəsə Nursultan Abişeviç öz işilə məşğuldur. Budur, ölkəsinin latın qrafikasına keçməsi haqqında sərəncam veribdir və bu sərəncam artıq Kreml əməlli-başlı dilxor edib, çünki Qazaxıstanı Rusiya geosiyasi və sosio-kulturoloji mühiti ilə bağlayan tellərdən biri də əldən gedir...
Qərəz, Avrasiya İttifaqı ölkələri tədricən Avropaya doğru sürüşməkdə və Avropa Birliyilə sıx əlaqələrə can atmaqdadır.
Bir daha deyirik ki, Kreml bunları çarəsiz bir şəkildə seyr etməkdədir. Artıq prosesin labüd xarakter aldığını görüb “çoxvektorlu siyasət” haqqında danışmağa başlayıblar, guya, onlar keçmiş satellitlərinin həm Avrasiya, həm də Avropa Birliyində təmsil olunmasının əleyhinə deyillər. Hətta nökərləri Ermənistanı Brüsselə yollayanda da məqsədləri bu idi - guya ki, Avrasiya İttifaqı ilə Avropa Birliyi arasında ilk “körpü” yaratmağa və bunu bir presedentə çevirməyə çalışırdılar.
Düzdür, Avropa Birliyində də hər iki qurumun “konvergensiyası” haqqında düşünənlər var, amma onlar çoxluq təşkil etmirlər, üstünlük, Avrasiya İttifaqına rəqib institut kimi baxanların tərəfindədir. Rusiyada hələ də bu siyasi konfiqurasiyanı dəyişəcəklərinə ümid edirlər, çünki nə qədər sanksiyaların onların tövrünü pozmadığını desələr də əslində belə deyil, ölkə ümidsiz bir durumdadır.
Bu gün Rusiyada iki sual kabus kimi dolaşır. Birincisi budur ki, V.Putinin növbəti dəfə prezident olması ölkəyə nə verəcək? İkinci sualsa budur ki, bəs Putindən sonra nə olacaq?..
Təsəvvür edin, ruslar bu sualın heç birinin cavabını bilmirlər. İsterik şəkildə onlara cavab axatarmaqdadırlar.
Krımın ilhaqı, rus silahının səsinin Yaxın Şərqdən gəlməsi bir ara qulaqları oxşamaq gücündə idi və ruslar eyforik durumda idilər. Amma bu, uzun müddət olmayacaqdı və olmadı da - getdikcə daha çox adam “Rusiyanın əbədi” suallarına cavab axtarmaqdadır.
“İkibaşlı qartal” rusları əsrlər boyu çaşdırdı. Halbuki daha düzgünü o olardı ki, ruslar “Gəlin özümüzçün normal cəmiyyət və normal dövlət quraq!” desinlər. Amma hələ də demirlər, hələ də dillərinin ucunda bircə söz var: Putin...
Hüseynbala Səlimov
Tarix: 27-02-2018, 09:41