Milli Şura birgə mitinqlər üçün Müsavat və REAL-a müraciət etdi
Milli Şura birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat partiyasına və REAL hərəkatına müraciət edib. Müraciəti Milli Şuranın sədri Cəmil Həsənli özünün feysbuk səhifəsində yayıb. Müraciətdə deyilir:Bilirsiniz ki, Azərbaycan hakimiyyətinin növbədənkənar seçki məzhəkəsi ilə bağlı Milli Şura boykot qərarı vermişdi. Qərarı zəruri edən səbəb ölkədə seçki mühitinin olmaması, mətbuatın susdurulması, siyasi repressiyaların davam etməsi, ölkədə 160 nəfər ətrafında siyasi məhbusların olması, İlham Əliyevin qəfil seçki sərəncamı və növbəti prezident seçkilərinin vaxtının heç bir zərurət olmadan 6 ay önə çəkilməsi və sair ilə bağlı idi. Milli Şura belə seçki oyununda iştirakı rədd etdi, hakimiyyətin seçki məzhəkəsini ifşa edəcəyini, başlandığı andan qeyri-legitim məzmun daşıyan saxta seçkilərin nəticələrini tanımayacağn, ölkə konstitusiyası və qanunları çərçivəsində bu saxtakarlığa qarşı mübarizə aparacağın bəyan etdi.
Təqdirəlayiq haldır ki, az sonra Müsavat partiyası, REAL hərəkatı və bir sıra digər ictimai-siyasi qurumlar da seçkilərə qatılmamaq və onun nəticələrini tanımamaq haqqında qərarlar qəbul etdilər. Milli Şura mühüm bir siyasi məsələyə münasibətdə müxalifət düşərgəsində yaranmış mövqelərin yaxınlığını yüksək qiymətləndirir.
Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsin zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat partiyasına və Respublikaçı Alternativ (REAL) hərəkatına müraciət edir. Milli Şura belə hesab edir ki, seçkini boykot edən, hakimiyyətin seçki oyununda iştirak etməyən, onun nəticələrini tanımayan bütün siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyası xalqın saxta seçki oyununa qarşı müqavimətinin ifadə olunmasında mühüm addım olacaqdır.
Tarix: 28-02-2018, 00:09