2013-ci ildəki prezident seçkilərində Rusiya Bakının qabağında “Milyarderlər İttifaqı” layihəsi ilə çıxmışdı.
Azərbaycan hakimiyyətinə oliqarxların qolu ilə “əzələ nümayişi” göstərən Kreml iqtidara gücünü xatırlatmışdı.
Moskvanın Bakıda saray çevrilişi planları yox idi və yalnız məqsəd Cənubi Qafqazdakı ölkələrin hakimiyyətlərinin taleyinin onun əlində olduğunu Qərb dünyasına göstərmək idi. AnaXeber.Az yazır ki, 5 il əvvəllə müqayisədə Azərbaycan və Rusiyada prezident seçkiləri eyni vaxta təsadüf edir.
Martda rus xalqı, aprelin əvvəlində isə azərbaycanlılar seçim edəcəklər. Amma bu dəfə Rusiyadan Azərbaycana qarşı hər hansı təzyiq kampaniyası müşahidə olunmur.
Bəzi analitiklər bunu Rusiyanın öz daxili siyasətinə başının qarışması ilə izah edir. Lakin bu mülahizə o qədər da ağlabatan görünmür.
Çünki Putin administrasiyasının başı martdakı seçkilərin hazırlığına qarışsa belə, Suriyanın Şərqi Quti ərazisində əməliyyatları davam etdirir.
Ərəb ölkəsində müharibəni davam etdirən Rusiyanın qapı qonşusu olan Azərbaycanın daxili siyasətinə təsir etmək imkanları su içmək qədər asandır.
Sadəcə, rəsmi Bakı ilə Moskva arasında “buz”ların əridiyini hesablamaq olar. Əliyev hakimiyyəti Kremlin xoşuna gəlməyəcək addımlar atmır və 2018 seçkiləri ərəfəsində sakitlikdir.
2013-də isə belə məlum olur ki, hansısa yarımçıq qalmış hesablaşmalar varmış, Putin də avqustda hərbi donanma ilə Xəzər sularında Bakı buxtasına yaxınlaşır və pərdəarxası dezinformasiyalara son qoyur.
Ona görə də aprel seçkisinə çox qısa vaxt qalır və “Milyarderlər İttifaqı” və yaxud ona bənzər proje “xortlamır”.
Yeri gəlmişkən, ötən ilin ortalarında yəhudi əsilli deputat Yevda Abramov, həmkarı Qüdrət Həsənquliyev çıxışlarında qeyd edirdilər ki, Rusiya Azərbaycanda namizəd axtarışına çıxıb.
İqtidaryönlü parlamentarilərin fikirləri səhih informasiyaya söykənmiş məlumatlar kimi qiymətləndirilmişdi.
Analitiklər də güman edirdilər ki, 2018 seçkilərində Moskva Bakıya təzyiq üçün yeni sürpriz namizədi dövriyəyə buraxacaq.
Ola bilsin ki, Kremlin divarları arasında oktyabr üçün hansısa ssenarilər cızılıb. Deputat Zahid Orucun da növbədənkənar prezident seçkiləri təyin olunması barədə geniş məqaləsində buna incə bir eyham var idi.
Onun sözlərindən belə nəticə hasil olurdu ki, Xalq Cümhuriyyətinin 100 illiyində yenə oktyabr rüzgarı əsə bilər. Bu tələskənlik də gözlənilən təhlükəni beşikdə boğmaq və qabaqlamaq məqsədi imiş.
Zaman kəsiyi baxımdan aprel və oktyabr arasında ciddi fasilə yaranacaqdı, Moskva mart seçkilərindən başını açıb Bakı ilə bağlı projesini işə salacaqdı.
AnaXeber.Az yazır ki, dekabrın 26-da MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilmişdi.
Bu sammit çox ciddi düyünlərin açılması və ABŞ-a mesajların verilməsi ilə müşayiət olundu. Çünki Moskva əslində, Vaşinqtona MDB ilə bağlı yeni ssenarilər hazırlayır.
Bunu bir sıra MDB ölkələrində baş verən hakimiyyət dəyişikliyi, inqilablar, hökumətə qarşı etirazlar da sübut edir. ABŞ və Rusiya hazırda bir-birini müxtəlif sahələrdə ciddi ittiham edir.
Bu isə Vaşinqtonla Moskva arasındakı gərginliyi daha da körükləyir. MDB-də baş verən son hadisələr də bu çəkişmələrin nəticəsidir.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məqsədi Kremlin maraq dairəsində olan regionlarda xarici ölkələrin nüfuzunun artmasının qarşısını almaqdır.
Əslində, ötən il ABŞ Administrasiyasının bir çox MDB ölkələri ilə münasibətlərində gərginlik yaşandı. Çünki ABŞ-ın həmin ölkələrin daxili işlərinə müdaxiləsi artmışdı.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən iclasında Rusiyanın siyasi rəqiblərinin MDB ölkələri arasındakı ticarətin artırılmasına, hesablaşmalarda milli valyutadan istifadəyə və tranzit imkanlarının inkişafına problem yaratdığını bildirmişdi.
Moskvada MDB prezidentlərinin qeyri-rəsmi toplantısı məhz regionu gözləyən kataklizmlər, terror, siyasi hakimiyyət dəyişiklikləri təhlükəsinin qarşısını almaq yollarının müzakirəsi idi.
Yəni, Putin prezidentlər həyəcan təbili çalaraq mesaj verməyə çalışdı ki, 2018-ci ilin martında Rusiyada seçkilər keçiriləcək, vəziyyət mürəkkəbdir, Kremlə yaxın dövlətlərdə siyasi çaxnaşmalar yaratmaq istəyən qüvvələr var və başında “Ağ ev” dayanır.
Bu gün Moskvanın Bakıya təzyiqlərinin olmaması da burdan qaynaqlana bilər. Əgər Rusiya Azərbaycanı sıxma-boğmaya salarsa, Putin hökuməti anlayır ki, Bakını küncə qısa bilməyəcəklər, əksinə Qərbə meyillənmə siyasəti güclənəcək.
Odur ki, Putin öz orbitində olan ölkələrdə iqtidar dəyişikliklərinin Qərbin əli ilə baş verməsinə macal vermir, bu, olacaqsa, elə Putinin öz əli ilə olacaq deməkdir...
AnaXeber.Az
Turan
Tarix: 28-02-2018, 15:27