Cəlaloğlu: “Müsavat-AXCP əməkdaşlığının acı nəticələri olur...”

Cəlaloğlu: “Müsavat-AXCP əməkdaşlığının acı nəticələri olur...” Milli Şura ilə Müsavat Partiyası arasında əməkdaşlığın uzunmüddətli və effektiv olacağı gözlənilən deyil. Milli Şura deyildikdə, əsasən, AXCP nəzərdə tutulur. AXCP ilə Müsavat Partiyasının əməkdaşlığının isə acı nəticələri olur.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şura-Müsavat əməkdaşlığı haqqında yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, AXCP-Müsavat əməkdaşlığı daima bu əməkdaşlıq daxilində siyasi mübarizə, qeyri-səmimi yanaşmalar və rəqabət kimi meydana çıxıb:

“Yəni zahirən əməkdaşlıq olub, amma daxildə də ciddi mübarizə aparılıb. Mən düşünmürəm ki, AXCP-Müsavat əməkdaşlığı nəticəli və effektiv olacaq. Bu əməkdaşlıqda üçüncü tərəf olmasa, onlar uzunmüddətli əməkdaşlıq edə bilməyəcək. “Azadlıq” blokunun təcrübəsi göstərdi ki, AXCP ilə Müsavatın ən uzunmüddətli əməkdaşlığı bu blok çərçivəsində olub. Bu blokda ADP üçüncü tərəf idi və bu iki təşkilatın ziddiyyətlərinin həll edilməsində aparıcı rol oynayırdı. İndiki halda da əgər onlar uzunmüddətli və səmimi əməkdaşlıq etmək istəyirsə, mütləq ADP ilə əməkdaşlığa cəhd etməlidir. Əks halda onların əməkdaşlığı, sadəcə olaraq, daxili ziddiyyət və mübarizə ilə nəticələnəcək, qısa müddətdən sonra isə ayrılacaqlar”.

ADP sədri deyib ki, REAL Hərəkatının da bu əməkdaşlıqda yer alacağı deyilir:

“Ancaq mən inanmıram ki, REAL onlarla bir araya gəlsin. Gəlsə də, bunun mənası olmayacaq. Əvvəla, REAL klassik siyasi qrup deyil. Azərbaycanda xalq hərəkatından keçən, formalaşan, Azərbaycan mühitində yetişən və tərbiyə edilən insanlardan təşkil edilməyib. REAL xaricdə təhsil alan, fərqli düşüncəyə malik olan, demokratiya uğrunda uzunmüddətli fəaliyyət göstərməyən insanlardan təşkil olunub. Onların düşüncə tərzi, baxışı və siyasi hadisələrə yanaşması AXCP və Müsavatdan kəskin fərqlənir. AXCP ilə Müsavat real əməkdaşlıq mərkəzi yaratmaq istəyirsə, onların çıxış yolu ADP ilə əməkdaşlıq etməkdir. Yalnız biz onları uzun müddət bir arada saxlaya bilərik. Əks halda onlar birgə səmimi əməkdaşlıq edə bilməzlər”.
Tarix: 28-02-2018, 15:30
Xəbəri paylaş





Xəbər lenti