Afrində türk ordusuna qarşı pusqunun əsl məqsədi nədir?
Afrin əməliyyatının 40-cı günündə Türkiyə ordusu 2300-ə yaxın terrorçunu zərərsizləşdirib. Təkcə ötən gün məhv edilən terrorçu sayı 73 olub. Ancaq hərbi əməliyyatlar zamanı Türkiyə ordusu itkilər verib. Anadolu Agentliyinin məlumatına görə, Afrində baş verən toqquşmalar zamanı çatışmalarda 8 hərbçinin şəhid olduğu, 13 nəfərin isə yaralandığı qeyd olunub. İlkin məlumatlara görə, toqquşma gündüz saat 2 radələrində Afrinin Hatay vilayəti ilə üzbəüz Hac Bilal kəndinin Kəl Təpə ərazisində baş verib.
Əməliyyatların gedişi sırasında 80-100 nəfərlik YPG silahlısı tunellərdən çıxaraq polis və jandarma xüsusi təyinatlılarına hücum edib. Baş verən atışma zamanı yaralıları təxliyə etmək üçün əraziyə gələn ATAK vertolyotlarından birinin vurulduğu, ancaq bölgəyə endikdən sonra geri çəkildiyi bildirilir.
Türkiyə milli müdafiə naziri Nurəddin Canikli “Zeytun budağı” əməliyyatının gedişi ilə bağlı məlumat verib. Nazir bildirib ki, Türkiyə silahlı qüvvələri 615 kv.km ərazi, həmçinin 94 yaşayış məskəni və 28 strateji əhəmiyyətli məntəqədə nəzarət ələ keçirilib. Əməliyyat boyunca 41 Türkiyə ordusu hərbçisi şəhid olub, 116 nəfər isə Azad Suriya Ordusu qruplaşması üzvü öldürülüb. Əməliyyat dövründə 2295 terrorçu zərərsizləşdirilib.
Bu arada Suriya hökumət qüvvələri Türkiyəyə məxsus vertolyotu vurduğunu açıqlayıb. “Eastnews” saytının xəbərinə görə, Suriya ordusuna bağlı Suriya Xalq Silahlı Qüvvələrinin komandiri İbrahim Məktəbi bildirib ki, Suriya sərhədləri yaxınlığında yerləşən Raju kəndində Türkiyə ordusuna məxsus “Kobra” tipli vertolyot vurularaq, düşürülüb. Onun sözlərinə əsasən, vertolyotu Hava Hücumundan Müdafiə Qüvvələri vurub.Türkiyə ordusuna qarşı YPG-nin hücumunun gizli tunellərdən həyata keçirildiyi bildirilir. Təxminən 80-100 nəfər arası YPG terrorçusu qəflətən Türkiyə qüvvələrinə hücum edib. Bir neçə saat davam edən atışmada 23 terrorçu öldürülüb. Şəhid olan Türkiyə hərbçiləri jandarma qüvvələrindən Rıdvan Çevik, Arif Demirel, Uğur Palancı, Recep Çetin, Abdullah Taha Koç, Burhan Açıkkol, Mehmet Dinek, Mustafa Ozan Gökçe olub.
Xatırladaq ki, Türkiyə ordusu müttəfiq ASO qüvvələri Suriyanın Afrin rayonunu YPG terror təşkilatının silahlılarından təmizləmək məqsədilə “Zeytun budağı” əməliyyatını başladıb. Əməliyyatda 6,5 min Türkiyə ordusu və 25 minə yaxın ASO üzvü iştirak etdiyi bildirilir. Afrin rayonu Suriyada kürdlərin məskunlaşdığı əsas bölgələrdən biridir. 2012-ci ildə ordunun çəkilməsindən sonra rayon kürd silahlılarının - YPG-nin nəzarətinə keçib. Daha sonra orada 4-cü kürd kantonu (əyalət - K.R.) elan edilib. Bu bölgədən Hatay vilayəti və Türkiyənin Kilis rayonu atəşə tutulur, mülki əhalinin ölümünə səbəb olur. Bu səbəbdən də Ankara YPG-ni sərhədlərdən təmizləmək məqsədilə əməliyyatlara qərar verib.Türkiyə ordusu və müttəfiqləri artıq böyük bir ərazidə irəliləyib. Ancaq göründüyü kimi, ordu irəlilədikcə, xüsusən də iri yaşayış məntəqələri və rayonun içərilərinə doğru getdikcə müqavimət də güclənir. Artıq 6 ildən çox aktiv döyüş təcrübəsi olan, yerli şəraiti yaxşı bilən, güclü şəkildə silahlanmış kürd qruplarının müqavimət göstərəcəyi əvvəldən bəlli idi. Ancaq son əməliyyatlar göstərir ki, kürdlər geri çəkilmək istəmir. Burada iki həftə əvvəl Afrinə Suriya qüvvələrinin daxil olması kürdləri bir qədər də cəsarətləndirib. Digər tərəfdən BMT TŞ-nin Suriyada atəşkəs qərarı və Türkiyənin də bu qərara riayət edərək Afrin əməliyyatını dayandırması tələbi YPG üçün ümidə çevrilib.
Xatırladaq ki, BMT TŞ-nin Suriya ərazisində terror təşkilatları istisna olmaqla digər qüvvələrə qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı qərarının Afrinə də tətbiq olunması tələbləri var. Artıq Avropa Birliyi, Fransa və ABŞ Ankaraya əməliyyatları dayandırmaq çağırışı edib. ancaq Türkiyə hökuməti bəyan edib ki, BMT TŞ qərarı terror təşkilatlarına qarşı əməliyyatları istisna etdiyi üçün Türkiyə də Afrində terrorçulara qarşı əməliyyatları davam etdirəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü növbəti dəfə Türkiyə rəsmilərinin BMT TŞ qərarını “yaxşı oxumasını” tövsiyə edib. Dövlət Departamenti sözçüsü Heather Nauert, ötən gün keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki. BMT TŞ-nin atəşkəs qərarı Afrini də əhatə edir. O, atəşkəsə yalnız İŞİD, əl-Qaidə və ən-Nusra terror təşkilatlarının aid edilmədiyini qeyd edib.
Vəziyyətin bu şəkli alması onu göstərir ki, Türkiyəni yaxın zamanlarda atəşkəsə məcbur etməyə çalışırlar. Ötən gün Afrində yaxşı təşkil olunmuş hücum və Türkiyə vertolyotunun vurulması Türkiyəyə bir xəbərdarlıq olmaqla yanaşı, eyni zamanda daxil ictimai rəyi də dəyişdirməyə hesablanıb. Bununla da açıq şəkildə hökuməti əməliyyatı dayandırmağa və daha ağır itkilərdən qacınmağa vadar etmək məqsədi hiss olunur.
Ancaq belə görünür ki, Ankara geri çəkilmək fikrində deyil. Martın 2-də İstanbulda kursantların qarşısında çıxış edən baş nazir Binali Yıldırım deyib ki, Afrin əməliyyatı davam edəcək. Baş nazir deyib ki, əməliyyatla bağlı hər hansı bir müddət nəzərdə tutulmayıb, terror təşkilatı məhv edilənədək əməliyyatlar davam edəcək. Eyni zamanda o, əməliyyatın yalnız Afrinlə məhdudlaşmayacağını, terror və təhdid davam etdikcə əməliyyat da davam edəcək.
“Yeni Müsavat”
Tarix: 3-03-2018, 10:13