Növbə Putinə çatdı
Natiq Miri:“ABŞ birbaşa prezidenti hədəfə gətirəcək yeni sanksiyalar tətbiq edə bilər”
Hazırkı ABŞ administrasiyası Rusiya ilə münasibətlərdə sərt siyasəti davam etdirəcək. “TASS” xəbər verir ki, bu sözləri Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders keçirdiyi brifinqdə səsləndirib. O bildirib:
“Biz hakimiyyətin (Donald Trampın) ilk ilində olduğu kimi sərt olacağıq. Rusiyanın qarşıdakı seçkilərə müdaxiləsinə imkan verməmək üçün bir neçə variantı nəzərdən keçiririk”.ABŞ dövlət departamentinin sözçüsü Hizer Nauert də bu mövzuda bəyanatla çıxış edərək, ABŞ və Rusiyanın hələlik münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliləməyə hazır olmadıqlarını diqqətə çatdırıb. Fevralın 27-də ABŞ maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun yaxın 30 gün ərzində Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini deyib:
“Biz mövcud bütün məhdudiyyətləri həyata keçirəcəyik və yeni sanksiyalar tətbiq edəcəyik”.Vaşinqton dəfələrlə Moskvanı ABŞ-da 2016-ci ildə keçirilən prezident seçkiləri prosesinə müdaxilə etməkdə ittiham edib. ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən, Rusiya kəşfiyyatı Demokratlar Partiyasının serverlərini sındırmaqdan ötrü xüsusi haker qruplarından istifadə edib. Rusiya sözügedən kiberhücumlarla bağlı ittihamları rədd edir.
Qeyd edək ki, bu ilin yanvar ayında ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenkonun adını sanksiya tətbiq ediləcək şəxslərin siyahısına daxil edib. Nazirliyin Konqresə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var. 2017-ci il iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Bəşər Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkisinə müdaxilə etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulmuşdu.
Maraqlıdır, növbəti sanksiyaların hədəfində kim dayanır?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-ın son sanksiya siyahısında Rusiyanın baş naziri Dmitri Medvedev hədəf olub:
“Bu onu göstərir ki, ABŞ bundan sonra daha strateji istiqamətlərə, yəni, birbaşa prezidenti hədəfə gətirəcək yeni sanksiyalar tətbiq edə bilər. Hətta ABŞ Rusiyanı SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdən kənarlaşdıra bilər. Belə olan halda, Rusiya və Amerika bankları arasındakı tranzaksiyalar dayandırıla bilər. Təbii ki, ABŞ-ın yeni sanksiyalarının birbaşa hədəfi Rusiyanı çökdürməyə hesablanır. Doğrudur, bunlar sürətli formada Rusiyaya təsir etməsə də, tədricən rəsmi Moskvanın iqtisadi cəhətdən çökdürəcək. Bu da Rusiyanın Qərblə müəyyən geosiyasi məsələlərdə anlaşmaması ilə bağlıdır. Bu məsələ Krımın və Donbasın müəyyən hissəsinin Rusiya tərəfindən işğalı və Suriyadakı Rusiyanın varlığı ilə bağlıdır. Bu yöndə ABŞ-ın Rusiyadan konkret tələbləri var. Rusiya da bu tələbləri heç bir vəchlə yerinə yetirmək fikrində deyil. Hesab edirəm ki, Rusiya Yaxın Şərqdə mövqelərini gücləndirdikcə, ABŞ-la Rusiya arasında qarşıdurma getdikcə daha kəskin fazaya keçəcək. Bu kontekstdə irəli gedən sanksiyaların tətbiqi mümkündür”.(Cebhe.info)
Tarix: 4-03-2018, 15:32