3-cü yol və Qarabağ danışıqları üçün yeni düyün NÖQTƏSİ: Eks-nazir sərt DANIŞDI

3-cü yol və Qarabağ danışıqları üçün yeni düyün NÖQTƏSİ: Eks-nazir sərt DANIŞDI
Ermənistan hakimiyyəti işğal altındakı Qarabağ torpaqlarına 3-cü yol çəkəcək.

Ermənistan KİV-nin məlumatına görə, tikinti işləri Zod aşırımını Kəlbəcərin rayon mərkəzi ilə birləşdirəcək.

Tikinti işləri bu ilin yayında başlayacaq. Yol Ermənistanın Qeqrkunik vilayətinin Zod kəndindən Kəlbəcər rayonun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcək.




Bundan başqa isə Dağlıq Qarabağla Ermənistanı birləşdirən daha 2 yol da var. Bunlar Gorus-Xankəndi və Vardenis-Ağdərə yollarıdır.



Ermənistan yeni təxribata əl ataraq əlavə koridorlar yaradır, bu isə danışıqlarda da düyün nöqtəsinə çevrilir.



Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında deyib ki, Ermənistan işğal olunmuş ərazilərdə tikinti işlərini aparmaqla, işğalın ikinci mərhələsinə start verib.



“İşğal etdikləri ərazini birləşdirməklə məşğuldurlar”



“İndi də işğalın ikinci hissəsinə start verilib. Yol çəkmək, tikinti işləri aparmaq, müəyyən yerləri abadlaşdırmaq, insanları orada yerləşdirmək belə faktların təzahürüdür. Bu baxımdan yeni bir şey deyil. Ermənistan torpaqları işğala məruz qoymaqla “bu, mənim torpağımdır” deyir. Artıq Ermənistan bu statusu əldə edib. Bu cür yol çəkməklə onu göstərməyə çalışır ki, baxın, işğal etdiyim torpaqları birləşdirməklə məşğulam. Ona görə də Ermənistanın siyasəti göz önündədir. Bu işləri kommersiya siyasətinin bir hissəsi kimi qiymətləndirmək olar. Bu, yeni bir şey deyil. Tutaq ki, gedib həmsədrlərə başa salsaq ki, bunlar belə işlər həyata keçirir, nəsə dəyişməyəcək. Çünki işğalçı dövlət öz siyasətini bəyan edib”.



O zaman həmsədrlər hara baxır?!



Eks-nazir deyir ki, həmsədrlərin fəaliyyəti sual altındadır.


“Təbii, burada Azərbaycanın ərazi bütövlüyü kobud şəkildə pozulur. Həmsədrlərin fəaliyyəti indi sual altındadır. Bunlar nə iş görürlər?! Onlara verilən mandat bundan ibarətdir ki, Dağlıq Qarabağın siyasi statusu üçün konfransa şəraiti düzəltsinlər. 1992-ci ildə Minsk konfransı çağrılmalı idi. Ondan sonra işğallar başlayır və bu zamandan Minsk konfransını açmaq mümkün deyil.



Bu vəziyyətdə Minsk qrupunun həmsədrləri işğal faktını aradan götürüb şərait yaratmalı idilər ki, didərgin düşmüş insanlar öz evlərinə qayıtsın. Konfrans bu şəraitdə başlamalı idi. Ona görə də onların vəzifəsi bundan ibarət idi. Bundan artıq vəzifələri yoxdur. Amma görürük ki, bu illər ərzində onlar heç bir iş görməyiblər. Nə imkan yaradıblar ki, işğal altındakı torpaqları azad edək, nə də işğalçıya təzyiq göstəriblər”.



Bizi narahat edən pozulmuş ərazi bütövlüyümüzdür. Danışıqlar yolu ilə nəsə əldə etmək olar?! Təcrübə göstərir ki, olmaz. İşğalçı tərəfə təzyiq göstərilir?! Göstərilmir. Yeganə yolu həmsədrlər gətirib ora çıxarırlar ki, silahla alınan torpaqları elə silahla da geri qaytarmaq lazımdır”.
Tarix: 6-03-2018, 21:37
Xəbəri paylaş





Xəbər lenti