Cümşüd Nuriyev: ”Ermənilərə qarşı bu günkü informasiya savaşımıza baxanda bir vətəndaş, bir ziyalı kimi xəcalət çəkirəm...” “Kreativ İdeyalar Mərkəzi yaranmalıdır...”
“Biz ermənilərlə iinformasiya müharibəsini hələ də uduzuruq...”
Bu fikri Moderator.az əməkdaşıyla söhbətində tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.
O, işğalçı ölkəylə bu günkü informasiya müharibəsinin durumundan çox narahat olduğunu dilə gətirib:”Bəli, uduzuruq... Düzdü, 20-25 il əvvəlkindən xeyli öndəyik, amma böyük mənada irəli keçə bilmirik. Çünki bizdə cəmi bir neçə aparıcı informasiya saytı var ki, yalnız onlar Qarabağ məsələsinə, işğal altındakı torpaqların taleyinə önəm verirlər. Qalan saytlarımız, telekanallarımız ancaq bayağı, məişət səviyyəli məsələlərdən yazır, danışırlar. Bunların işi-gücü yalnız müğənniləri, aktyorları güdməkdir: kim ərindən boşandı, kim hansı paltarı geyindi, kim necə soyundu, kim-kimə necə söydü və s. Ermənilər isə ümummilli məsələlərə daha çox önəm verirlər. Onlar daxildə biri-birləri ilə düşmən olsalar belə, Qarabağ məsələsində öz hakimiyyətləri ilə əsasən eyni mövqe nümayiş etdirirlər. Bizim bəzi qondarma müxalifətçilər isə Azərbaycan iqtidarıyla tamamilə düşməncəsinə davranır. Avropada gedib səs-küy salan Qənimət Zahiddən tutmuş Natiqədək- hamısı Azərbaycan hakimiyyətinə qarşı Sərkisyanla eyni mövqedən çıxış edirlər. Ola bilər ki, sən bu iqtidarı sevməyəsən, onu kəskin tənqid edəsən- hər kəs düşüncəsində azaddır. Amma Ermənistanın mövqeyini dəstəkləmək, erməni kimi danışmaq- bu, artıq Vətənə, xalqa, dövlətə xəyanətdir. Bu adamlara bir “dur” deyən lazımdır... Bəzi saytlarda verilən müsahibələrdən savayı kimsə bunlar haqda bir söz demir... Bax, belə məsələlər ucbatından biz prezident seçkilərinə az müddət qalmış bir vaxtda yenə də informasiya savaşında uduzuruq...
Cümşüd Nuriyev Ermənistanla düzgün informasiya savaşı qurmaq üçün hökmən vahid bir mərkəz yaradılmalı olduğunu vurğulayıb:
“Yenə də üzərimizə hücumlar başlayıb. Yenə də düşmənlərimiz istədikləri şəkildə Rusiya və digər ölkələrdə Azərbaycana qarşı təbliğat aparırlar. Xüsusilə, Rusiya telekanallarında çox güclü təbliğat gedir. Və biz yalnız bu siyasi proseslərin dalınca sürünməyə məcbur oluruq. Ona görə də Ermənistanla informasiya savaşını aparmaq üçün hökmən vahid bir mərkəz olmalıdır. Hesab edirəm ki, bunu bir strateji mərkəz, Prezident yanında İctimai Palata kimi, yaxud AMEA-nın nəzdində xüsusi bir qrup kimi yaratmaq mümkündür. Həmin mərkəz mütəmadi olaraq Ermənistan, Rusiya və digər KİV-i izləyərək adekvat hücum təbliğatı aparmalıdır. Təəssüf ki, bu iş çox ləngiyir”.
Həmsöhbətimiz gənclərin zəka və enerjisinə xüsusi önəm verməyin vacibliyini də qeyd edib:
“Şəxsən mənim belə bir fikrim vardı ki, Azərbaycanda bir Kreativ İdeyalar Mərkəzi də yaratmaq lazımdır. Həmin mərkəzə xaricdə və daxildə bir neçə dildə sərbəst danışan, kifayət qədər savadlı və zəkalı yaxşı tələbələrimizi toplamaq olar. Həmin tələbələr arasında siyasəti də bilən gənclərimiz var. Belə gənclərdən yararlanaraq Azərbaycan dövlətinin və xalqının mənafeyini qorumağa yönəlmiş kifayət qədər işlər görmək olar. Demirəm ki, biz ayrı-ayrı adamları qoruyaq. Amma dövlətin, millətin maraqları mütləq qorunmalıdır...”
Politoloq hadisələrin ardınca sürünməyimizin çox acınacaqlı bir durum yaratdığını da qabardıb:
“Təəssüf ki, bizdə bir sıra qurumlar belə məsələlərə çox başısoyuq yanaşır. Bu da, təbii ki, ermənilərə, digər düşmənlərimizə sərf edir. Və bu minvalla 30 ildir ki, düşmənlər konkret addımlar atır, sonra biz onların ardınca artıq heç nəyə yaramayan mənasız işlər görürük. Məsələn, bir də ayılırıq ki, ermənilər filan yerə yol çəkir, filan yerdə kilsə tikir və s. Biz isə ardlnca bir informasiya, onun ardınca uzaqbaşı bir bəyanat veririk, vəssəlam. Nədən biz onları qabaqlamayaq? Elə biz gözləyirik ki, hər şeyi iqtidar, Prezident etsin... Bəs bir belə elmi-siyasi qurumlar, orada əyləşən mütəxəssislər (?) nə üçündür?.. Açığı, bu məsələ məni çox narahat edir. Heç siyasətlə məşğul olan adam kimi yox, sadəcə, bir vətəndaş kimi, ziyalı kimi. Və düzü, mən bundan xəcalət çəkirəm... Çox xəcalət çəkirəm... Odur ki, siyasətdən də bir az kənarlaşmışam... Nə siyasət? Dünənin ginekoloqu, filoloqu, stomatoloqu olub politoloq - bunlarla siyasət aparmaq olar? Ayıbdı, vallah...”
Sultan Laçın
Tarix: 6-03-2018, 21:43