Armen Sarkisyan “kraliça” funksiyasını yerinə yetirəcək - “Rosbalt”

Armen Sarkisyan “kraliça” funksiyasını yerinə yetirəcək - “Rosbalt”
Ermənistanda bir Sarkisyanın digəri ilə əvəzlənməsi və bu məsələ ətrafında gedən müzakirələr Rusiya mediasında özünəməxsus formada məsxərəyə qoyulmaqdadır. Rusiya mediasında dərc edilən məqalələrdə açıq şəkildə olmasa da, üstüörtülü şəkildə prezidentin qərbyönümlü olması, Rusiyadan çox qərbə meyillənə biləcəyindən narahatçılıq hiss olunur. Məsələn, "Rosbalt” nəşri yazır ki, ilk dəfə Ermənistan prezidenti ümumxalq səsverməsi ilə deyil, parlament tərəfindən seçilib. Konstitusiya dəyişikliyinə görə, ölkə prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçdi və bu dəfə prezident olmaq "şərəfinə” hakim Respublika Partiyasına daxil olan bir qrup siyasətçi tərəfindən Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan layiq görüldü. Onun namizədliyinin parlamentdə 90 nəfər müdafiə edib, 10 nəfər isə bitərəf qalıb. Məqalədə qeyd edilir ki, Sarkisyanın namizədliyinin təsdiqi problemsiz olsa da, müzakirələr zamanı müxalifətdən olan deputatlar gələcək prezidentin "ingilis keçmişini” xüsusi qabardıblar. O da əvəzində sübut etməyə çalışıb ki, Britaniya vətəndaşlığı onda artıq çoxdan mövcud deyil.

Onun sözlərinə görə, Böyük Britaniya vətəndaşlığından çıxmaq barədə xahişi hələ 2011-ci ildə edib. Əlavə edib ki, Birləşmiş Krallığın vətəndaşlığı ona fəaliyyəti ilə bağlı "zəruri” olub. "Lakin mən hər zaman özümü Ermənistan vətəndaşı kimi hiss etmişəm. Britaniya pasportundan isə Konstitusiya düzəlişləri ediləndən sonra, ən əsası, prezidentliyə namizəd irəli sürüldükdən əvvəl imtina etmişəm”, - deyə ailəsi Britaniya kral ailəsinə yaxın olduğu bildirilən yeni prezident bildirib. O əlavə edib ki, "hansısa bir "sənəddə” nəsə düz deyilsə, demək onda "səhv” var”. Nəşr sual edir – hakim partiya və Daşnaksütyun fraksiyasının vahid və alternativsiz namizədinə çevrilən Armen Sarkisyan kimdir? Düzdür, onun vəzifəsi formaldır, əslində islahatlardan sonra ölkənin birinci şəxsi baş nazir olacaq. Aprelin 9-da rəsmən prezident olacaq 65 yaşlı Armen Sarkisyan ixtisasca fizikdir, diplomat kimi çalışıb. Müəyyən vaxtlarda Yerevan Dövlət və Kembric universitetlərində dərs deyib. 1992-ci ildən diplomatik fəaliyyətdədir. Müxtəlif ölkələrdə səfir olub və sonda Britaniyada çalışıb. Məhz oradan da prezident kürsüsünə "katapulta” olub.

Yəni, söhbət Qərbdə müəyyən əlaqələrə malik insandan, ənənəvi erməni siyasətçilərindən fərqli birindən gedir. "Onun nədən gözəl işini, rahat şəraitini, "sivilizasiyalı Qərbi” "vəhşi Qafqaza” dəyişdiyi hələ bəlli deyil”. Müəllif yazır ki, yeni seçilən prezidentin qarşısında ölkəsinin çoxsaylı problemlərini həll etmək durur: "Yəni, onu heç də komfortlu həyat gözləmir. Ölkənin başının üstünü alan problemlər kifayət qədərdir, ən əsası, Azərbaycan torpaqlarının işğalı səbəbindən müharibə təhlükəsi var. Lakin əgər o, yalnız nümayəndəlik funksiyasını yerinə yetirməyə razılıq verəcəksə və Qafqaz siyasətinə baş vurmayacaqsa, onda niyə də bu postu daşımasın? Yəni tərcümeyi-halda bir təcrübə kimi qalsın”. Nəşrin gürcü müəllifi yazır ki, erməni deputatları qarşısında çıxış edən Sarkisyan prezident postunda hansı istiqamətlər üzərində işləyəcəyini açıqlayıb. Onun müşahidələrinə görə, erməni dövləti güclü olsa da, (uğurlar olsa da, uğursuzluqlar da çox olub – "rosbalt”) son illər sosial qütbləşmə güclənib. "Bu problemlərin həlli üçün qarşıda xeyli işlər var - əvvəlki səhvlərin təkrarlanması yolverilməzdir. Daha sonra prezidentə vətəndaşların konstitusiya hüquqları və azadlıqlarını təmin etmək zəruridir. Bura məsuliyyət səviyyəsinin artırılması, hakimiyyət qanadlarının hesabatlı fəaliyyəti, qanun qarşısında hamının bərabər olması və bütün sahələr üzrə demokratiyanın, humanizmin təmin olunması daxildir”, - deyə nəşr Armen Sarkisyanın fikirlərini sitan gətirib.

Prezident olacaq şəxs investisiyaların qorunmasının güclənməsinə çalışacağını bildirsə də, indidən ən ciddi problem kimi korrupsiyanı göstərib. Onun sözlərinə görə, bu problem həlini tapmayana kimi, heç kim ölkəyə investisiya qoymaq istəməyəcək. Bundan əlavə ədalət, azad bazar məsələləri də həlini tapmalıdır. "Ölkədə qəbul edilən qanunlar keçmişin qalıqlarına çevrilməməlidir”, - deyə o əlavə edib. Onun qənaətincə, əsas investisiyalar faydalı qazıntılara deyil, insan kapitalına edilməlidir. Əlavə edib ki, əsas fəaliyyəti həm də, Dağlıq Qarabağ və diaspor problemlərinin həlinə yönələcək. Nəşr diqqəti ona yönəldib ki, prezident kürsüsünə əyləşəcək bu şəxs parlamentdə çıxışında gözləntilərin əksinə olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı nə populist çıxış edib, nə də hay-həşir salıb müharibə əhval-ruhiyyəli görünməyib. "Və aydın olan odur ki, Qərbdə diplomatiya və biznes məktəbi hədər getməyib. Erməni cəmiyyətində, o, "yeni meyvədir”. Lakin bu "meyvə” dövlət başçısı statusunda olsa da, baş nazirin əlinin altında olacaq. "İkiqat” prezident "birinci rolundan” heç bir halda əl çəkmək niyyətində deyil”, - deyə məqalədə bildirilib. Lakin daxili siyasətdə onun problemlərin öhdəsindən gələcəyi mümkünsüz görünür. Çünki bütün problemlərin başında elə indiki hakim komanda durur. Korrupsiyanın başında Serj Sarkisyan durduğu halda bu problemin həlli mümkünsüzdür.

O ki qaldı xarici siyasətə - müəllif hesab edir ki, bu məsələdə də aydınlıq yoxdur. A.Sarkisyan özü də heç bu məsələnin necə həll ediləcəyini bilmir. Ola bilsin, bu məsələ tam şəkildə baş nazirin kurasiyasında olacaq. Digər tərəfdən, o, "Qərbin adamı” kimi təqdim olunur”. Məqalədə qeyd edilir ki, "onun "qərbpərəstiliyi” Ermənistanın özü üçün ziyanlı ola bilər və əsas problem kimi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması, ölkənin işğalçılıq siyasəti üzündən düşdüyü yarıblokada vəziyyəti, ərazisindəki Rusiya hərbi bazası, "gülməli qiymətlərlə” Rusiya silahlarının çatdırılması, KTMT, MDB, Avrasiya İqtisadi İttifaqı və s. qurumlara üzvlük göstərilir”. Qeyd edilir ki, çətin ki, A.Sarkisyan mövcud reallıqları dəyişsin - əks təqdirdə onun namizədliyini prezident kürsüsünə irəli sürməzdilər. "Çox güman ki, yeni prezident Yerevanın "çoxvektorlu” iflaslarını aradan qaldırmağa çalışacaq. Digər bir məsələ - bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəni kimin təmsil edəcəyidir. Əvvəl rəsmi Bakı ilə XİN rəhbəri və prezident Serj Sarkisyan danışıqlar aparırdı. Əgər bundan sonra danışıqları "təzə insan” aparacaqsa, bu, çox faydalı olacaq. İstənilən halda, hər şey Serj Sarkisyanın istəyindən asılı olacaq.

Xatırladaq ki, ölkənin real rəhbəri yenə də Serj Sarksiyan olacaq. Prezident isə onun yanında "ingilis kraliçası” rolunu daşıyacaq. Lakin ən qənaətbəxş olmayan odur ki, o, Britaniyada deyil, Ermənistanda kraliça olacaq. Yaxşı olan isə odur ki, yeni "dövlət başçısı” "geniş dünyagörüşü” ilə seçilir, daxili siyasi qarşıdurmalarda iştirak etmir. Ən əsası olan odur ki, görəsən ona hakimiyyətdəki klan-oliqarxik məkanda fəaliyyət göstərməyə nə qədər imkan verəcəklər və real nüfuza malik olacaqmı?” - deyə müəllif fikirlərini tamamlayıb. \\kaspi.az\\
Tarix: 7-03-2018, 10:27
Xəbəri paylaş





Xəbər lenti