Azərbaycanda keçiriləcək seçkilərə müdaxilə: ABŞ, İran, yoxsa Rusiya?
“Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə kənar müdaxilə ehtimalı aşağı səviyyədədir”.
Cebhe.info-ya açıqlamasında Məhəmməd Əsədullazadə belə deyib. Politoloq qeyd edib ki, seçkilərə müdaxilələr olsa belə, bunun miqyası geniş olmayacaq:
“Əgər seçkilər oktyabr ayında keçirilsəydi, xarici təhlükə böyük ola bilərdi. Rusiya və Qərb daha fəal olacaqdı. Seçkilərin tarixi önə çəkilməklə, bu təhdidlər minimal həddə salındı. Nəzərə alasaq ki, Rusiyada da seçkilər olacaq və Kremlin başı daxili məsələlərə qarışıq olacaq, bu zaman şimaldan ediləcək müdaxilələrin zəif olacağı qənaətinə gələ bilərik. Digər yandan, Qərbin planlarında yer almış bir sıra yerli siyasi dairələr də seçkilərə hazırlıqsız yaxalandılar. Amma yenə də mümkün təhlükələr var. Ötən gün şimal bölgəsində "Xaçmaz camaatı" adlı terror təşkilatının üzvülərinin zərərləşdirilməsi göstərir ki, seçkiöncəsi belə təhlükələrin olacağı istisna deyil. Lakin vaxt darlığına görə nə İran, nə də digər ölkələr, xüsusilə, Rusiya vaxt tapıb seçkilərə müdaxilə edə bilməyəcək. Amma ölkədə kiçik miqyasda da olsa, terror təşkilatlarına bağlı olduğu iddia edilən qruplaşmaların fəaliyyətləri var. Həmin qruplaşmalarla mübarizədə də təhlükəsizlik strukturları səmərəli fəaliyyət göstərirlər”.
M.Əsədullazadə qeyd edib ki, seçkiqabağı dönəmdə Ermənistanın cəbhə xəttində təxribatlara yola verə bilər:
“Lakin bu da siyasi vəziyyətə təsir edə biləcək səviyyədə deyil. ABŞ-a gəlincə, Amerikanın Azərbaycanda keçirilən seçkilərə müdaxilə etmək imkanları zəifdir”.
Tarix: 8-03-2018, 15:32