“İslam dünyasında məzhəb ixtilafı salmaqla, bu mümkün olmayan yerlərdə də milli ayrı seçkilik yaratmaqla məqsədyönlü şəkildə müsəlmanları zəiflətmək amacı güdülür”.AXCP sədrinin dini məsələlər üzrə müşaviri Tural İrfan belə deyir.
O, “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu gün dünyada gedən savaş bir kəlmə ilə desək, xristian və yəhudi aləminin müsəlman dünyasına qarşı zəiflətmə və sıradan çıxarma savaşıdır:
Bataqlığa salınan müsəlman dünyası...“Tarixdə ilk dəfə Amerikadan vergi alan Osmanlı dövləti olub. Xüsusən, orta əsrlərdə müsəlmanların gücünün hər iki din mənsublarını kölgəsi altına aldığını onlar unutmayıblar. Bütün problemlərin kökündə dayanan İslama qarşı savaşdır. Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin də səbəbi İslamdır. Qərb dünyası bu gün özünü aydan arı, sudan duru göstərməyə çalışsa da Əlcəzairdə kəsilən başlar, İngiltərənin, Fransanın, İtaliyanın Liviyada xalq üsyanına qarşı amansız qətliamları, Amerikanın İraqda törətdikləri tarixdən və ürəklərdən silinə bilməz. Hazırda da Türkiyəni Suriyada pərişan etmək üçün çalışırlar. Çünki Qərbin bölücü, fitnəkar oyunlarına aldanmayan yeganə müsəlman ölkəsi Türkiyədir. Suriya savaşının bu qədər uzanması sırf Türkiyəni o bataqlıqda batırmaq üçündür. Bu savaş Amerika və Qərb tərəfindən bilərəkdən uzadılır. İran üzdə müsəlman dövləti olsa da, əslində həmişə qeyri-müsəlmanların amalına xidmət edib. Ona görə də İrana qarşı Qərb pafoslu hədələr səsləndirsə də, reallıqda ona qarşı heç bir iş görməyib. İslam dünyasının yenidən birləşməsi və böyük bir güc halına gələrək yenidən əvvəlki çağlarına dönməsi, Qərbi təsir altına sala bilməsi qorxusu onları vadar edir ki, müsəlman dünyasını nə qədər bacarırlar qana boyasınlar. Əl-Qaidəni də, İŞİD-i də, digər əksər terror qurumlarını da yaradan, təlimləndirən Qərbdir, Amerikadır. Suriyada Əsədi hakimiyyətdə saxlayan əslində birbaşa Amerikadır. Çünki Əsədin varlığı qan tökülməsinin qarantıdır. Nə qədər Əsəd var, Suriyada qan töküləcək. Əsəd getsə, Liviyada Qəddafi getdikdən sonra yaranan sabitlik yarana bilər. Ancaq Liviyadan fərqli olaraq Suriyanın islam məzhəblərinin qovuşduğu bir coğrafiya olması Qərbi həvəsləndirir ki, orada qırğına zəmin yaratsın. Konkret olaraq, Qərb-Amerika İslam dünyasını, müsəlmanları hədəfə alıb, körpələri qətl etməklə, tutduqları yerdə qadınları fahişəliyə çəkməklə, kişiləri öldürməklə, bir evliliyi və azuşaqlılığı təbliğ etməklə müsəlmanların sayını azaltmaq və onları birlikdə saxlayan dinlərini pozğunçuluqla əvəzləmək qəsdindədir. PKK, PYD kimi təşkilatları da məlumdur ki, silahlandıran Amerikadır. Hazırda Türkiyənin müstəqil siyasət yürüdərək Qərbin hiylələrini puça çıxarması onlarda son dərəcə gərginlik yaradır və hər vəchlə Türkiyəni Suriyada zəiflətmək istəyirlər”.
Qanla qurulan demokratiya...Tural İrfan vurğulayıb ki, Suriya savaşı bitsə də Qərb yenidən başqa bir alov yandırıb Türkiyəni ora çəkməyə cəhd edəcək. Qərb dünyası vaxtilə müsəlmanlara qarşı törətdikləri qırğınların, murdarlıqların müsəlmanlar tərəfindən unudulmadığını düşünür və ona görə də hər vəchlə İslam aləminin güclənməsinə imkan vermir: “Ancaq qütblər heç zaman min illərlə olduğu kimi qalıb davam etmir. Qərb və Amerika dünyanı qan gölünə çevirməklə sonda özü bu tökdüyü qanda batıb qalacaq. Artıq Avropada kifayət qədər müsəlman var. Getdikcə Avropa islamlaşacaq. Qərbin ən murdar siyasəti odur ki, müsəlmanları ləkələmək və qəddar kimi göstərmək üçün yaratdığı terror təşkilatlarının əli ilə müsəlmanların özünün qanını tökür. Yaxın zamanda Qərb çirkin siyasətindən özü də diksinəcək. Çünki Şərqdə qaladığı müharibə alovu özünə də çatacaq. Müsəlman dövlətlərinin ən zəif yeri və sadəlövhlüyü, Qərbin "demokratiya", "insan haqları", "azadlıq" şuarlarının altında əslində "parçala, hökm sür" siyasəti dayandığını ya anlamırlar, ya da bilərəkdən alətə çevrilirlər. İraqda heç zaman demokratiya qurmaq mümkün olmayacaq. Çünki bu xalqın mayasında demokratiyaya hazırlıq yoxdur. Hazırda İraqdakı müsibətlər, İŞİD və digər fitnələrin meydana çıxması hamısı Qərbin "demokratiyası"nın nəticəsidir. Qanla qurulan demokratiya çox çəkə bilməz. Hər bir xalqın özünün idarəçilik yolu var. Demokratiya elə bir dərman deyil ki, bütün yaraları sağaltsın. Bunu Qərb özü də çox gözəl bilir. Qərb demokratiyanı Şərqə ona görə aşılayır ki, kefi istəyəndə istədiyini "seçdirsin" və sümürsün. Ancaq Səddam kimi ipə-sapa yatmayan rəhbər olanda qərinələrlə gözləməli olur. Bəzən də milyardlar xərcləyib onu devirməli olur. Amerikanın İraqa gətidiyi demokratiya dünyanın gözü önündədir. Səddamın heykəlini yıxan ağlayır ki, onda bir nəfər ölürdüsə, indi min nəfər ölür gündə... Demək Qərbin demokratiyaları Şərqi-islam dünyasını istismar edib sümürmək üçün, sərvətlərinə sahib çıxmaq üçün ən asan bir yol və bəhanədir. Üzdə guya demokratik olsalar da, əslində nə Amerikada, nə də heç bir Qərb dövlətində mütləq demokratiya yoxdur. Amerikanı idarə edən dərin dövlətin rəsmi simaları elə ən qəddar diktatorlardır ki, pərdə arxasında oturub dünyanı idarə edirlər. Zahirdə insan haqları qorumaq adı ilə davranıb əslində insanlıq əleyhinə ən qatı cinayətləri icra edən Avropa deyilmi? Ədalət və humanizm olmayan yerdə saxta demokratiyanın heç bir önəmi yoxdur. Müsəlman ölümünü adiləşdirib adi bir heyvan ölümü kimi dünyanın beyninə psixoloji təsirlə yeridən Qərb İslamı gah terror dini olmaqda şərləyir, gah özü yaratdığı terrorçu dəstələrlə şantaj edir. Müsəlman ölkələri bu gün ağlını başına toplayıb öz aralarında ittifaqa gəlməlidirlər. İslam dininin bütün humanist prinsipləri ən ədalətli idarəçilik və dövlət quruculuğunu əhatə edir. İslam ənənələri və əqidəsi heç də Qərbin demokratiyasından, insan haqlarından geri qalmır. Əksinə, daha üstündür. Kişinin kişi ilə evlənməsi, qadının beş dəfə ərə getməsi, buruna sırğa taxmaq, ağaca-daşa ərə getmək biz müsəlmanların tarixinə, əxlaqına ziddir”.
“Qarabağ problemi dolaşığa salınıb”Ekspertin sözlərinə görə, müsəlmanların xilası Türkiyənin ətrafında birləşmək və Qərbin fitnəsinə uymamaqdır: “Hazırda Türkiyə tək olmamalıdır. Aparıcı müsəlman dövlətləri səslərini yüksəltməlidirlər. Onsuz da gedişat, davam edən savaşlar Qərbi elə yoracaq ki, sonda başını itirib idarəedilməz duruma gələcək. Çünki daxilən insanlığı, müsəlman dünyasını hədəf almış bir güc uzun davam edə bilməz. Türkiyənin davamlı olaraq mətin duruşu və gec də olsa, Amerikanın, Qərbin onları tələyə salmaq istəmələrini anlamaları özünəinam verdi ki, Türkiyə dünyada öz sözünü desin. Türkiyə kimi başqaları da müstəqil siyasət yürütsə və Türkiyədən örnək götürsə dünyadan qan izini kəsmək olar. Azərbaycan da Türkiyə ilə eyni mövqedən çıxış etməlidir. Çünki Qarabağ problemi də dünyada baş verən böyük olayların kiçik formada dolaşığa salınmasıdır. Beynəlxalq təşkilatlar belə çıxır ki, ancaq yəhudi və xristianların problemlərinin həllində işə yarayır. Xocalıda yaşanan soyqırıma xristian dünyası susur ona görə ki, özləri də həmin qətliamlardan çox törədiblər. Liviyada, Əlcəzairdə, Əfqanıstanda, İraqda o qədər müsəlman qanı töküblər ki, Xocalıda tökülən qanlar gözlərinə kiçik görünür. Ona görə də Qərbdən heç bir imdad, humanist mövqe ummayaraq Türkiyə və digər normal müsəlman dövlətləri və türkdilli dövlətlərlə birgə Qarabağ probleminin həllinə cəhd edilməlidir”.
Alçina Amilqızı
Cebhe.info
Tarix: 8-03-2018, 15:34